Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / 14 fevral neçəyə başa gələcək – qiymətlər

14 fevral neçəyə başa gələcək – qiymətlər

Gülsatanlar şikayətlənir: “Əvvəllər 1001 dənə qızılgül bağladan da olurdu, amma indi…”
Sabah dünyada 14 fevral Sevgililər günü kimi qeyd ediləcək. Apardığımız müşahidədən məlum oldu ki, hər il olduğu kimi bu il də Sevgililər günü yenə hədiyyələrin bahalaşması ilə yadda qalacaq. Sevgililər günündə insanlar bir-birlərinə sevgilərini ifadə etmək üçün ilk növbədə gül hədiyyə edirlər.
İkinci yerdə isə yumşaq oyuncaqlar və ətirlər gəlir. Məhz bunu nəzərə alan işbazlar isə artıq güllərin və digər hədiyyəlik əşyaların qiymətini bahalaşdırıblar. Ancaq bir sıra ticarətçilər var ki, onlar “Sevgililər gününə özəl endirimlər” adı ilə məhsulu əvvəlki qiymətindən də baha satırlar. Biz də qiymətlərlə daha yaxından tanış olmaq üçün bir neçə hədiyyə və gül dükanlarına baş çəkdik.
Gül dükanlarında ilk görünüşdən insanı cəlb edən, rəngbərəng, bir-birindən gözəl güllər satılırdı. Təbii ki, onların qiyməti də bir-birindən fərqlənirdi. Sevginin göstəricisi olan qızılgülün 1 ədədinin qiyməti 5-6 manat arasında satılırdı. Bir ədəd qızılgüldən ibarət bağlama isə 8-10 manata arasında idi.
Gül mağazasının satıcısı Elnur Heydərov alıcıların artıq dünəndən etibarən artdığını dedi: “Elə adamlar var ki, sevgilisinə gülü 2-3 gün əvvəldən alır. Hətta bizdən onu solmadan necə saxlaya biləcəklərini soruşurlar. Onların gülü belə tez almalarının səbəbi 14 fevral günü qiymətin bahalaşması qorxusudur. Biz də qızılgüldən də bahalı güllər var, məsələn, liliya. Onun bir dənəsi 8 manatdı. Əvvəllər Sevgililər günündə hətta gəlib 1001 dənə qızılgül bağladan da olurdu. Amma indi belə adamlar azdır. Ən çox 100 dənə bağladırlar. Daha çox tək-tək qızılgüllər satılır. Yanında da nəsə hədiyyə alırlar”.
Yumşaq oyuncaqların qiymətlərinə gəlincə isə bu onun ölçüsünə görə dəyişir. Oyuncaqların qiyməti 10 manatdan başlayıb 200 manat arası dəyişir. Sevgililər günündə ən gözəl hədiyyələrdən biri də ətirlər hesab edilir. Məhz buna görədir ki, 14 fevrala bir həftə qalmışdan “Sabina” və “İdeal” kimi parfümeriya mağazalarında endirim kampaniyaları başlayır. Parfümeriya mağazalarında müəyyən ətirlərə 50 faiz endirim olduğu deyilsə də, yenə də qiymətlərə yaxın durmaq mümkün deyildi. Bu məhsullara edilən endirimi sübut edəcək hansısa bir sənəd də yox idi. Alıcılara şifahi olaraq “qiyməti əvvəl bu idi, indi endirimlə bu olub” deyirlər.
Sevgililər gününü hansısa restoranda özəl olaraq keçirmək istəsəniz, o zaman siz əlinizi cibinizin dərinliklərinə salmalı olacaqsınız. Çünki burada da qiymətlər 200 manatdan başlayır. Sevgililər gününü özəl olaraq qeyd etmək istəyənlərə hotellərdən də təkliflər var. Məsələn, Qəbələdə “Yeddi gözəl” otelində 1 gecə 2 gün və 4 dəfə yeməklə 2 nəfər üçün 200 manat ödəməklə qeyd edə bilərsiniz. Başqa bir restoran isə hər 49 manatlıq qəbzə bir kupon verir. Amma bu, hələ hədiyyə demək deyil. Sonra bu kupona sahib olanlardan hansınınsa bəxti gətirəcək və “Marxal” istirahət mərkəzində 2 nəfərlik hədiyyə qazanacaqlar.

Bəziləri tərəfindən lənətlənən, bəziləri tərəfindən isə keçirilən 14 fevralın tarixi haqda da danışmasaq olmaz…

Qeyd edək ki, 14 fevral Sevgilər gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki həmin gün Roma tanrılarının və ilahələrin kraliçası olan Junonun şərəfinə tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. 15 fevralda isə “Lupercalia Bayramı” başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə o idi ki, həyatları kəskin qaydalarla məhdudlaşdırılmış gənclər bir-birilərini yalnız bu bayram müddətində bəyənib özlərinə tərəf müqabili seçə bilirdilər. İllər keçdikcə yavaş-yavaş fevralın 14-ü sevgililərin, aşiqlərin bir-birilərinə eşq mesajları göndərdiyi bir gün halına gəldi. Buna paralel olaraq Valentin də bütün sevənlərin qoruyucusu halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər gününün klassik emblemi qırmızı qızılgül hesab olunur. Qırmızı qızılgül Yunanıstanın sevgi və gözəllik ilahəsi Afrodita ilə bağlıdır. Belə ki, sevgilisi ilə görüşə tələsən Afrodita ağ qızılgül koluna ilişir və onun qanı güllərin üzərinə yayılır.
Elə o vaxtdan qırmızı qızılgül məhəbbət rəmzi hesab olunur. 14 fevralı bayram kimi qeyd edən ölkələrlə yanaşı qadağan edən ölkələr də var. Bunu hətta rəsmiləşdirən ölkələr də az deyil. İranda 14 fevralın bayram kimi qeyd edilməsi ənənəsi yoxdur. Üstəlik, din adamları bunu haram hesab edir. Malayziyada da Dini İşlər İdarəsi 14 fevralı islam əxlaqına zidd olduğuna görə haram adlandırıb. Amma gizli şəkildə bu günü qeyd edənlər var. Səudiyyə Ərəbistanının din xadimləri də 14 fevralın zinaya yol açdığı qənaətindədir. Məhz bu səbəbdən də həmin günün bayram kimi qeyd edilməsi ənənəsi yoxdur.

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın