Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Gündəm / YAP sədri öz əvəzinə sürücüsünü məhbəsə saldırıb – Müdhiş iddia

YAP sədri öz əvəzinə sürücüsünü məhbəsə saldırıb – Müdhiş iddia

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovdan eşitdiyim gözəl bir aforizm var: “Bir cəmiyyət və dövlət iki halda tənəzzülə uğrayır; ya günahsızın cəzalandırıldığını, ya da günahkarın öz layiqli cəzasını almadığını görəndə”.

İlyas müəllimin təbirincə desək, toplumu yoxoluşa sürükləyən bu iki faktorun ikisi də bizim cəmiyyətimizdə mövcuddur. İri məmurların bulaşdığı korrupsiyanın qarşısının alınmaması cəmiyyətimizdə qarşısıalınmaz harınlığı bəsləyir, onların və övladlarının özbaşınalığı insanlarımızda dövlətin ədalətliliyinə şübhə yaradır. Hər bir toplumun çöküşü isə məhz bundan – dövlətə və dövlət adamlarına etimadsızlıqan başlayır. Təsadüfi deyil ki, böyük Atatürk də ədalətin toplum düzənində misilsiz roluna diqqət çəkərək deyirdi: “Ədalət mülkün fundamentidir”.

ŞəkildəCəmşid İrzaquliyev

Redaksiyamıza şikayət məktubu göndərən Bakı sakini Cəmşid İrzaquliyevin ürək ağrısıyla qələmə aldığı sətirlər də cəmiyyətimizi içdən gəmirən hüquqi nihilizmin hansı səviyyəyə gəlib çatdığından xəbər verir. Şikayət məktubundan belə məlum olur ki, Cəmşid bəyin gözünün ağı-qarası bir oğlu var imiş. 11 illik ağır xəstəlikdən sonra böyrək dəyişikliyi əməliyyatı keçirib sağlam həyata qədəm qoyan oğul Tariyel Rzaquliyevin bu ailəyə bəxş etdiyi sevinc isə uzun sürməyib. Bu sevinc bir ildən sonra Pirallahı yolunda maşın altında qalıb unudulmaz dərdə-kədərə çevrilir. Artıq birinci ildönümünə yaxınlaşan bu ələm hakimiyyət və hüquq mühafizə orqanlarında qarşılaşılan ədalətsizliklərlə hər gün daha da artır, böyüyür, İrzaquliyevlər ailəsini ümidsizliyə qərq edir.

Cəmşid bəyin yazdığına görə, valideynləri oğulsuz, 6 aylıq körpəni və yenicə qurulan ailəni başsız qoyan bu hadisə 2 sentyabr 2016-cı il tarixində saat 17 radələrində baş verib. Mərhum Tariyel Rzaquliyev Pirallahıda yol kənarında avtobus gözləyərkən, sürətlə üzərinə gələn maşının qurbanına çevrilir. Maşını idarə edən şəxs ona dərhal tibbi kömək etmir, əvvəl aradan çıxmağa çalışır, lakin avtoqəzanın şahidlərinin olduğunu düşünüb geri qayıdır, ağır yaralı olan Tariyeli xəstəxanaya təcili çatdırmaq əvəzinə, təcili yardıma zəng vurub hadisəni xəbər verməklə vəzifə borcunu tamamlamış hesab edir. Yaralı vətəndaş xəstəxanaya gec çatdırıldığından onu xilas etmək mümkün olmur.

Məktubda bildirilir ki, avtoqəzanı törədən həmin şəxs, yas boyu bir dəfə də olsun, onlara başsağlığı verməyə, üzr istəməyə belə, gəlməyib. Atanı ən çox narahat edən səbəblərdən biri də məhz bu etinasızlıq olub. Bu da azmış kimi, həmin şəxs öz əməlinin hüquqi nəticəsindən yayınmaq üçün məsuliyyəti başqasının boynuna qoya bilir, hadisə şahidlərinin ifadəsini dəyişdirməyə nail olur, bir çox maddi sübutları ortadan qaldırmağı bacarır.

Bəs, hadisəni törədən bu adam kimdir və öz toxunulmazlıq gücünü hardan alır?

Cəmşid İrzaquliyevin bildirdiyinə görə, oğlunun ölümünə səbəb olan həmin şəxs YAP-ın Pirallahı Rayon Təşkilatının sabiq sədri Manaf Manafovdur. Manafov isə bu iddialarla razılaşmır, mətbuata verdiyi açıqlamalarda hadisəni özünün yox, sürücüsünün törətdiyini, onun isə artıq həbs olunduğunu bildirir. Onun özünün günahsızlığını təsdiqləmək üçün irəli sürdüyü arqument isə çox sadədir: “Zərərçəmiş tərəf qeyd edir ki, sükan arxasında mən olmuşam. Ancaq bu, heç bir həqiqətə uyğun deyil. Xidməti maşındı,onda belə çıxır ki, mən maşın sürmüşəm, mənim sürücüm də arxada oturub mənim yerimdə?” (Mənbə: http://realliq.info/7640-manaf-manafov-kiminse-haqqinda-yazanda-mutleq-heqiqete-realliga-soykenmek-lazimdir.html)

Zərərçəkən tərəfin isə bu arqumenti çürüdən dəlilləri var. Gəlin, indi də həmin dəlillərlə tanış olaq:

Şəkildə: Hadisə yeri

I dəlil:

“Hadisə günü bizə morqda dedilər ki, vurulan tutulub. Mən bilmirdim kimdir, nəçidir. Biz gəldik məscidə. Orada dedilər ki, YAP-ın Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun maşını ilə vurulub. Bizim qohumlardan biri bunun telefonunu tapdı. Bu adama zəng ediblər ki, hadisəni törətmisən, dur gəl bura. O da deyib ki, mən iki saata gələcəyəm. Ancaq gəlmədi. Sabahısı da zəng etdilər, yenə də gəlmədi. Lakin o, zənglərə cavab verən zaman, “hadisəni törədən mən deyiləm “ deməyib, sadəcə olaraq gəlməyib”.

(Mənbə: http://azpolitika.info/?p=301025)

II dəlil:

“Bizə verilən məlumata görə, bu adam sürücüsünü hadisəni öz boynuna götürməyə sövq edib. Bu məlumat haradan gəldi? Hadisədən sonra bizim qohumlar Pirallahıya getdilər. Pirallahıda bir taksi sürücüsü deyib ki, hadisə baş verən zaman sürücü maşında olmayıb. Manaf Manafov maşını götürüb, sürücüsü Baxış qalıb onların yanında. “Onlar getdikdən sonra biz soruşduq ki, bəs sən niyə getmədin? Baxış dedi ki, mənə dedilər biz toya gedirik, sən getmə” – deyə taksi sürücüsü bildirib. Ancaq istintaq bu adamları tapıb danışdırmayıb.

(Mənbə: http://azpolitika.info/?p=301025)

III dəlil:

“Hadisənin 3-cü günü bizim qohumlar yenə Pirallahıya getmişdilər. Orada bizim qohumlardan bir nəfər deyib ki, burda mənim bir polis tanışım var, sürücünün kim olduğunu görüb. Zəng eləyib, həmin polis gəlib hadisənin baş verdiyi hərbi hissənin qabağına. Orada deyib ki, hadisədən az əvvəl şəhərə gedirmiş. Bu zaman görüb ki, Manaf maşında Pirallahı istiqamətində sürətlə gedir. “Bundan az sonra isə mənə dedilər ki, qayıt geri, hadisə olub. Gəldim ki, Manaf iki əlli başını qucaqlayıb oturub daşın üstündə. Ondan da 5-10 dəqiqə sonra şofer gəldi” – deyə həmin polis bildirib”.

(Eyni mənbə)

Şəkildə: “Qatil” maşın

IV dəlil:

Ən əsas dəlil “hadisənin birbaşa və yeganə şahidi olan hərbi hissənin Cavid Mahmudov adında əsgərinin söylədikləridir. Hadisənin baş verdiyi yerlə Cavid Mahmudovun həmin gün növbətçi olduğu hərbi hissənin keçid məntəqəsinin arası 30 metrdir. Hadisə baş verən günü bizimlə, qohum-əqraba ilə danışan Cavid Mahmudov qəzanın necə baş verdiyini nəql edib. Deyib ki, Tariyel mənlə görüşdü, mehriban uşaq idi, hamı ilə dil tapırdı, sonra getdi yolu keçsin. “Yolun bir tərəfini keçdi, o biri tərəfinə keçəndə, möhkəm bir tappıltı səsi gəldi. Gördüm ki, Tarıyel göydə uçur. Mən özümü çatdırdım ora. Maşın necə böyük sürətlə gəlirdisə, Tariyeli vurub 30 metr aralı atmışdı. Zərblə yerə çırpılıb, orada qalmışdı. Mən özümü çatdırdım, əlimi qoydum Tarıyelin boğazına. Gördüm nəbz sönüb. Bundan sonra baxdım ki, bunların maşını bir 300 metr sürətlə getdikdən sonra, qabaqda dayandı. Sonra maşın dönüb gəldi və maşından düşdülər. Həmin vaxt mən gördüm ki, maşının sol tərəfindən bir eynəkli adam düşdü. Ondan sonra maşınlar gəlib dayandılar, adamlar töküldü maşından, əlavə kim neylədi, xəbərim olmadı” – deyə əsgər bildirib”.

Növbəti sual ortaya çıxır: Ortada bu qədər dəlil varkən, hadisənin əsl günahkarı hüquqi məsuliyyətdən necə yaxa qurtara bilib?

Bu suala növbəti yazılarımızda aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə Cəmşid İrzaquliyevin ölkə rəhbərlərinə yazdığı çoxsaylı məktublardan birini diqqətinizə çatdırırıq:

 Bu şəkildən məlum olur ki, hadisə yerində maksimum sürət 60 km/saat olmalıymış

“Azərbaycan Respublikası Daxili İşlər  Naziri   cənab Ramil Usubova

Surəti:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Surəti

Azərbaycan Respublikasının  Birinci Vitse-Prezidenti  Mehriban xanım Əliyevaya

Bakı şəhər Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev.10. mənz. 23 ünvanda yaşayan İrzaquliyev Cəmşid İsmayıl oğlu  ailəsi tərəfindən

ƏRİZƏ

Çox hörmətli  Ramil müəllim!

 

Öncə ailəmizin üzüntüsü ilə bağlı dəyərli vaxtınızı alıb, Sizi təkrar-təkrar narahat etdiyim üçün, artıq dərəcədə üzr istəyirəm.

Bir ata üçün  hər dəfə dilə gətirilməsi  nə qədər ağır olsa da, xatırlatmaq istərdim ki. 02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda Pirallahı rayon inzibati ərazisinə daxil olan Qala-Dübəndi yolunda, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev  yol keçidini keçərkən, keçidin üzərində həmin rayonun İcra hakimiyyətinin  işçisi və həmin vaxt YAP yerli təşkilatının sədri (05.05.2017-ci il tarixdə sədrlikdən azad edilib) olmuş  Manaf  Manafovun  xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq  həyatına  son qoyulmuşdur.   Biz övladsız, az yaşlı –doqquz aylıq körpəsi isə ailəsi ilə birlikdə başsız qalmışdır.

İşin ilkin istintaqı  Pirallahı  rayon Polis Şöbəsinin Baş müstəntiqi  Namiq Mirzəbəyli  (rayon prokroru ilə birlikdə), sonrakı etablarda isə DİN  Bİ və Tİ  YNH- dair İ və TŞ-nin  müstəntiqlərindən Azad Əliyev, Qəzənfər Mansurov və sonda Cəsarət Bayramov tərəfindən sürdürülməklə, ümumilikdə 7 ay  vaxt aparmışdır. Bu müddət ərzində  işin gedişatı ilə bağlı şəxsən Sizə etdiyimiz çoxsaylı muraciətlərə və  istintaqa təqdim etdiyimiz 17-yə kimi ehtimal və xususatlara rəğmən, istintaq sükan arxasında olan kişinin həqiqətən də Manafın sürücüsü Baxşiyev Bağış olduğuna bizi inandıra bilməmişdir. Bu səbəbdən də sükan arxasında Manafın özünün  olması ilə bağlı şübhələrimiz öz qüvvəsində qalmışdır.

Belə ki, iş Pirallahı  RPŞ-dən  DİN  Bİ və Tİ  YNH- dair İ və TŞ-daxil olduqda,   müstəntiq Azad Əliyev  bizimlə görüşün ilk günündə işi nəzərdən keçirdiyini və işin tamamilə “lipka” olduğunu söyləməsinə rəğmən, sonrakı gedişatda  işin açılması ilə bağlı heç bir ciddi addım atmadı. Bu səbəbdən də bizim tələbimizlə  iş iki aydan sonra  alınıb, şöbənin digər müstəntiqi  Qəzənfər Mansurova verildi. O isə iki həftədən sonra, bəlli olmayan səbəblərdən işi öz üzərindən atdı. İş sonuncu Cəsarət Bayramovun icraatına verildi. İşin onda olduğu iki ay müddətində, o bizə heç bir bilgi vermədi ki, guya istintaq sirridir. Sonda 17 mart 2017-ci ildə  bizə məlum oldu ki, o, istintaq işini yekunlaşdıraraq,  ittiham aktı yazıb və iş  baxılmaq üçün Pirallahı rayon məhkəməsinə göndərilib. Hansı ki, onunla sonuncu görüşümüzdə, işin bağlanılmasına dair hazırladığı protokola imza etməmişdim.

Cənab Nazir! Cəsarət Bayramovun hazırlamış olduğu ittiham aktından da bəlli oldu ki,  sonuncu üç müstəntiq  ilkin istintaqın düzəltmiş olduğu qondarma şahidlərin  verdikləri şablon “ifadələr” ətrafında  dövrə vuraraq , nədənsə əlavə heç bir izin və xususatların araşdırılmasına səy belə, göstərməmişlər.  Ən əsası isə istintaqda aşağıdakı qanun pozuntularına və şübhəli məqamlara yol verilmişdir:

  1. Hadisənin iştirakçısı olmuş şəxslərə məxsus telefonlar əsasında, onların anten dairələri tam araşdırılmamış və araşdırılıbsa da bizə inandırıcı bilginin verilməmişdir.
  2. İlkin istintaqın əldə etdiyi “şahid”lərin hamısının ifadələrinin sanki bir adamın danışdığını, yəni ifadələrdə eyni cümlələrin təkrarlanması (şablon).
  3. Pirallahının əsas yolunda olan 10-12 kameradan bir dənə də olsun bizə sükan arxasındakı kişinin kimliyini təsdiqləyəcək görüntü təqdim olunmamışdır. Hansı ki, ilkin istintaqı 12 günə, kosmik bir surətlə (sanki əllərində bundan başqa iş olmayıb) yekunlaşdıran Namiq Mirzəbəyli istəsəydi zamanında bu görüntünü əldə edə bilərdi (əgər var idisə).
  4. Yeganə kənar canlı şahid – N saylı hərbi hissənin əsgəri Cavid Mahmudov müstəntiq Azad Əliyevə vermiş olduğu ikinci ifadəsində (o bu fikirləri 18.05.2017-ci il tarixdə keçrilmiş növbəti məhkəmə iclasında da bir daha təkrar etdi) “onun Pirallahı RPŞ hədələnərək, əlini tanımadığı bir kişinin üzərinə qoydurub şəklinin çəkdirilməsi və sonradan ifadəsini dəyişərsə sonunun pis olacağı ilə qorxudulmasını” deməsinə rəğmən, sonuncu üç müstəntiqdən heç biri bu ifadənin üzərində (dəfələrlə israr etməmizə rəğmən) dayanmamışdırlar.
  5. Əli adlı polisin ifadəsi alındıqdan sonra , onun bizim adamlarla üzləşdirilməsi Cəsarət Bayramov tərəfindən həyata keçirilməmişdir. Hansı ki, mən DİN Bİ və Tİ-nin keçmiş rəisi cənab Sərvər Mehrəliyevin qəbulunda olarkən, o şöbənin müdiri Vüqar Əhədova bütün bu xususatların ciddi araşdırılmasını tapşırmışdı. Təssüf ki, bu olmadı. Nəhayət biz,  bizi qane  etmçəyəcək  bir ittiham aktı ilə qarşı-qarşıya qaldıq. O ittihham aktı ki, 3 aydan artıqdır ki, yürüdülən məhkəmə iclaslarında da özünü doğrultmur. Demək olar ki, ilkin istintaqın təqsirkar bildiyi  sürücünün bütün söyləndikləri ziddiyət təşkil edir. Bu da bizim şübhələrimizdə nə qədər haqlı olduğumuzu bir daha ortaya qoyur.

Bu gün Cənab Prezidentin rəhbərliyi sayəsində Daxili İşlər naziri kimi Siz, cənab Nazir,  ölkədə istər cinayətkarlığa qarşı mubarizədə və istər də  stabilliyin qorunmasında çox böyük  fədəkarlıq nümayiş etdirirsiniz. Lakin digər tərəfdən də  DİN-nin aidiyyatı strukturlarlında çalışan, adları qeyd olunan müstəntiqlərin bir cinayətə qarşı sərgiləmiş olduqları bu mövqesizlik həm məyyusluq  yaradır və həm də  Nazirliyin görmüş olduğu bunca işlərə kölgə salmış olur.

Odur ki, DİN yuxarıda adları qeyd olunan müstəntiqlər barədə araşdırma aparılması barədə müvafiq göstəriş vermənizi Sizdən xahiş edirəm.

Dərələyəz Mahalından 1988-ci il qaçqını

Nazirlər Kabinetinin keçmiş strukturlarının birində məmur olmuş, zərərçəkənin qanuni nümayəndəsi (ata)

Cəmşid İrzaquliyev

26.07.2017-ci il,

Əlaqə:  050 341 61 00”

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …

Bir cavab yazın