Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Taleh Qaraşov sakinləri nədən narazı salır? – “Elə vəziyyət yaradıblar ki…”

Taleh Qaraşov sakinləri nədən narazı salır? – “Elə vəziyyət yaradıblar ki…”

«Çayda kütləvi qazıntı işləri aparılır, gün ərzində azı 85 maşın çaydan daş və qum qarışığı daşıyıb aparır. Əməliyyatı aparan şirkətin işçiləri deyirlər ki, «pul verib çayı özəlləşdirmişik, nə istəsək, edə bilərik». Çayın dibi qazılan vaxt ağır texnikalar çayın ətrafındakı ağacları da kökündən qırır». Lənkəranın Daştatük kəndinin sakinləri ərazidən keçən çayda qazıntı başlanmasından və təbiətə zərər vurulmasından narahatdır. Kənd sakini Sakit İmranlı bildirir ki, Lənkərançayın bir qolu olan və təqribən 200 ailənin yaşadığı dağlıq kəndi iki hissəyə ayıran Bəşərü çayı qazılır:

«Bu il mayın 25-də çayın kənddən keçən ərazisində peyda olan xeyli ağırtonnajlı texnika çayın dibində qazıntı aparır. İş o qədər sürətlə aparılır ki, sanki qarşılarına plan qoyublar. Yüzillik ağacları qırıb töküblər. O çayın suyundan istifadə edirik, elə vəziyyət yaradıblar ki, indi istifadə edə bilmirik».

Sakinlər qazıntının dayandırılması üçün həm Lənkəran şəhər İcra Hakimiyyətinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər.

Kənd sakini Firudin Namazov: «Kənd ərazisindəki çayda qazıntı işləri sürətlə davam edir. Ağır texnikalar hərəkət etdikcə çayın kənarındakı yüzillik ağaclar qırılır, məhv olur. Çayın suyundan istifadə edə bilmirik, qazıntının aparılması həyətlərimizdəki quyularda suyu qurudub».

Kəndi iki hissəyə ayıran Bəşərü çayı dağlıq ərazidən keçir, hər iki sahilində yaşayış evləri var. Evləri çaydan təqribən 15 metrlik məsafə ayırır. Əvvəllər baş vermiş daşqınlar nəticəsində yaşayış yerlərini bir neçə də su basıb. Ağacların kütləvi qırılmasının və çayın dibinin qazılmasının önlənməsi üçün müraciətlər, hələlik, sakinləri susdurmağa polis qüvvəsi göndərilməsiylə sonuclanıb.

Lənkəran rayon İcra Hakimiyyətindən bildirilib ki, çayda qazıntı aparan şirkətin uyğun qurumlarla müqaviləsi var: «Orda işlər tam qanuni görülür. Sakinlər mane olmaq istəyirlər, ancaq onların hərəkəti qanunsuz müdaxilədir. İşlər təbiətə zərər vurmadan aparılır. Orda bircə budaq da qırılmayıb, hər şey nəzarətdədir. Sakinlərin narahatlığına əsas yoxdur».

Lakin qurumdan qazıntı işlərinin konkret hansı şirkət tərəfindən aparıldığı bildirilməyib.

Azinforum.az olaraq bildiririk ki, sözügedən mövzu ilə bağlı biz araşdırma aparmışıq. Ortaya çıxan suallarla bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə müvafiq sorğu da göndərmişik, lakin təəssüflər olsun ki, həmin sorğuya bu günə kimi cavab verilməyib. Azinforum.az çayın qazıldığı kənddən olan videoları təqdim edir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın