Ana səhifə / Gündəm / Qlobal Forumdan Moskva və Tiflisə mesajlar…

Qlobal Forumdan Moskva və Tiflisə mesajlar…

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 3-cü Qlobal Bakı Forumu öz işini yekunlaşdırsa da, nəticələrini bir daha diqqət yetirməyə dəyər.
Beynəlxalq aləmdə Bakı forumuna maraq getdikcə artır. Təsadüfi deyil ki, hər il tədbirə gələn hazırki və keçmiş dövlət başçılarının, siyasətçilərin, ekspertlərin sayı artır. Maraqlıdır ki, Qlobal Foruma Rusiyadan tanınmış fiqurlar qatılmırlar. Əksinə, foruma qatılan digər ölkələrin tanınmış siyasi xadimləri Bakıda Rusiyanın siyasətini tənqid edirlər. Aprelin 29-da da belə oldu. Qlobal Forumun ikinci günü Polşanın keçmiş eks-prezidenti Aleksandr Kvasnevskinin moderatorluğu Rusiya-Qərb münasibətləri müzakirə olundu. Müzakirələrə Ukraynanın 3 keçmiş prezidenti Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko qatıldılar. Onlar Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı siyasətini kəskin tənqid etdilər.
Aydındır ki, Bakıdakı Qlobal Forumda Rusiya və Putinin siyasətinin tənqidi Kremlin xoşuna gəlməyəcək. Ancaq Kremlin bu mövqeyi rəsmi Bakını narahat etmir. Əksinə, Qlobal Forumda Rusiyanın tənqid olunacağını rəsmi Bakı əvvəlcədən bilirdi. Əks halda Bakı forumuna Rusiyanın əsas tənqidçiləri dəvət olunmaz, Azərbaycan paytaxtında Ukrayna mövzusu müzakirə edilməzdi.
Rəsmi Baxı xarici siyasətdə balansa üstünlük verir, Rusiya ilə tərəfdaş münasibətləri inkişaf etdirməyə çalışır. Azərbaycan hakimiyyəti Rusiya amilinə görə NATO-ya üzvlük hədəfini qarşısına məqsəd qoymayıb, ayrıca Avropa Birliyi ilə assosiativ saziş imzalamayacaq. Bu isə belə bir görüntü yaradır ki, rəsmi Bakı Kremlin maraqlarını nəzərə alır.
Buna baxmayaraq, rəsmi Bakı açıq dilə gətirməsə də, Kremlin regional siyasətindən əvvəlkitək narazıdır. Azərbaycan hakimiyyəti Kremlin Ermənistanı dəstəyindən, bu ölkə ilə hərbi təlimlərinin sayının artırmasından narahatdır. Ayrıca, Putinin 24 apreldə İrəvana getməsi Rusiyanın Cənubi Qafqazda Ermənistana üstünlük verdiyini bir daha göstərdi. Ona görə də rəsmi Bakı ara-sıra Kremlə sərt üzünü də göstərir. Bakıdakı Qlobal Forum və tədbirdə Rusiyanın siyasətinə tənqidə şəraitin yaradılması məhz Bakının Kremlə göndərdiyi narazılıq mesajıdır.
Rəsmi Tiflis də Qlobal Forum çərçivəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini Bakıya səfərindən narazı qaldı. Gürcüstan Prokurorluğu Saakaşvilinin axtarışa verildiyini xatırladaraq Bakıdan onun ekstradisiyasını istədi. Bakı Tiflisin bu istəyini yerinə yetirə bilməzdi.
Birincisi, Mixail Saakaşvili Beynəlxalq Nizami klubuna üzv olarkən, Tiflis hələ onu axtarışa verməmişdi. Saakaşvili hər il Qlobal Forumda iştirak etmək üçün Bakıya gəlir. Azərbaycan hakimiyyəti hər il dəvət etdiyi qonağı – Saakaşvilinu bu dəfə Bakıya dəvət etməsəydi, Gürcüstan hakimiyyətindən çəkindiyi görüntüsü yaranacaqdı. Rəsmi Bakı Gürcüstan hakimiyyətinin istəyinə görə Saakaşvilini qonaqların siyahısından çıxara bilməzdi.
İkincisi, Saakaşvilinin Bakıya dəvət olunmasında Rusiya amili də var. Saakaşvili Kremlin əsas düşmənlərindən biridir. Buna baxmayaraq, Gürcüstanın keçmiş prezidenti Azərbaycanın yaxın dostudur. Rəsmi Bakı isə Azərbaycanla dostluğa sadiq olan siyasətçilərə dəstəyini azaltmır. Yəni Bakı bununla göstərir ki, Rusiyanın qəbul etmədiyi siyasi xadimlər Azərbaycana gəlib fikirlərini sərbəst ifadə edə bilərlər.
Beləliklə, Bakıda hər il keçirilən Qlobal Forum Azərbaycan hakimiyyəti üçün vacib tədbirdir. Birincisi, Bakıdan Moskvaya mesajlar göndərilir, ikincisi müzakirələrdə tanınmış siyasi fiqurlar Azərbaycanın geosiyasi əhəmiyyətini vurğulayırlar, üçüncüsü Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirilir.
Beynəlxalq aləmdə Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətini tənqid edən təşkilatlar az deyil. Bu tənqidlər rəsmi Bakıya problemlər yaradır. Ona görə də Azərbaycan hakimiyyəti Bakıda keçirilən Qlobal Forum vasitəsilə eyni zamanda tənqidçi təşkilatların səsini neytrallaşdırmağa çalışır.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Azərbaycanda porno təbliğatı aparan gənci kim himayə edir? – Gecə klubunda intim görüntülər (VİDEO 18+)

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room …

Bir cavab yazın