Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Gündəm / Bakıya gələn ərəblər terror təhlükəsi yarada bilərmi?

Bakıya gələn ərəblər terror təhlükəsi yarada bilərmi?

Ekspert: “Bu cür açıq formada hərəkət etmək İranın xüsusi xidmət orqanlarına xas davranış deyil”; Politoloq: “Biz hər hansı bir sədd qoya bilmərik ki, oradan Azərbaycana az vətəndaş gəlsin”

Son günlər Azərbaycanda ərəblərin və iranlıların sayı xeyli artıb. Məlumatlara görə, iyul ayında Azərbaycana ərəb ölkələrindən 70 minə yaxın turist gəlib. Onların böyük bir qismi Bakıda istirahət etməyə üstünlük versələr də, regionlarda da ərəb və iranlılara rast gəlmək olur. Misal üçün, Lahıcda hər şənbə və bazar günləri turistlərin arasında xeyli sayda ərəblər də olur.
Paytaxt ərazisində isə onlara xüsusilə  alış-veriş mərkəzlərində, şəhərin mərkəzi küçələrində yerləşən iaşə obyektlərində rast gəlinir. Ərəblərin Azərbaycana gəlişini iqtisadçı ekspertlər yüksək dəyərləndirir və bunun ölkə iqtisadiyyatına müəyyən faydalarından danışırlar.
 
Bəs Bakıda xeyli sayda ərəbin və iranlının gəzməsinin cəmiyyətimizə dini və təhlükəsizlik baxımından hansı təsirləri var?
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a təhlükəsizlik üzrə ekspert  İlham İsmayıl danışıb. O bildirib ki, görünən budur ki, ərəblər Bakıya istirahət üçün gəlirlər: “Mən də müşahidə edirəm ki, son zamanlar Bakıda ərəblərin, iranlıların sayı xeyli artıb. Onlar sanki burada, İrandakı bəzi məhdudiyyətlərdən canlarını qurtarıb istirahət edirlər. Turist kimi bu insanların Bakıya gəlib, hansısa təbliğat aparmaları görsənmir. Yeganə təbliğatları onların zahiri görünüşləridir. Bəli, Bakının ortasında xeyli qara çadralı qadınlara rast gəlinir. Bu, sanki alışqanlıq yarada bilər. Bundan başqa hansısa təbliğat yoxdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, ölkəyə gələnlərin əksəriyyəti ailələri ilə birlikdədirlər. Onların terror etmə imkanları aşağı səviyyədədir”.
Ekspert bildirib ki, İran heç zaman öz vətəndaşlarından istifadə edərək Azərbaycan ərazisində hər hansı bir terrora cəhd etməyib:
“İran yeri gələndə  bizim öz vətəndaşlarımızdan istifadə edib. İstər zamanında ora keçən azərbaycanlılardan, istərsə də elə burada cəlb etdikləri adamlardan istifadə ediblər. İranın hələ milliyyətindən asılı olmayaraq öz vətəndaşı Azərbaycanda hər hansı bir terror aksiyası  törətməyə cəhd etməyib. Ən azı bu, ictimaiyyətə məlum deyil. Ola bilər ki, gizli şəkildə olub, ancaq dövlətlərarası münasibətləri korlamamaq üçün bu barədə məlumat yayılmayıb. Lakin reallıq budur ki, ölkəmizdə indiyə qədər İran tərəfindən hər hansı bir ciddi terror hadisəsi törədilməyib. Doğrudur, İran ideoloji ölkədir. Ancaq bu cür açıq formada hərəkət etmək onların xüsusi xidmət orqanlarına xas davranış deyil. Sadəcə olaraq, son zamanlar müəyyən sanksiyalar götürüldükdən sonra canlanmalar baş verib. Görünür, bu da Bakıya onların axın etmələri üçün bir tərəfdir. Xoşagəlməyən sadəcə budur ki, iki addımdan bir qarşına qara çadıralı qadınlar çıxır. Bundan başqa xüsusi bir zərər görmürəm. Turist ölkəyə yalnız xeyir gətirir. Məsələnin arxa tərəfini də dövlətin müvafiq qurumu var ki, onlar nəzarətə götürüb, lazımi addımları atırlar”.
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu isə bildirdi ki, burada əsasən Azərbaycana səfər edən turistlərin hansı ölkədən gəlmələrinə diqqət etmək lazımdır: “Bəzi insanlar çoxsaylı ərəblərin Azərbaycana üz tutmasından narahatlığını bildirir. Ancaq əksinə, mən onların bura gəlmələrinin tərəfdarıyam. Azərbaycana  nə qədər çox turist gələrsə, bu, ölkəmiz üçün xeyirdir. Onlar gəlib ölkəmizdə pul xərcləyirlər ki, bu da müəyyən mənada turizmin inkişafı üçün faydalıdır. Bundan ancaq sevinmək lazımdır. Dini təbliğata gəlincə isə deyə bilərəm ki, Azərbaycana gələnlər daha çox dincəlməyə meyllidirlər. İkincisi də onlar qısa müddətlik bura gəlirlər. Bu müddət ərzində inanmıram ki, onlar hər hansı bir təbliğat aparsınlar. 3-5 günə hansı dini təbliğatı aparmaq olar? Bu baxımdan, onların ölkəmizə gəlmələrində ciddi təhlükə görmürəm. Ona qalsa pullu ərəblər Qərb ölkələrinə də gedirlər. Onlara həmin ölkələrdə də şərait yaradılır”.
Politoloq bildirib ki, bura adətən onlar Dubaydan, Qətərdən, Səudiyyə  Ərəbistanından gəlirlər ki, onların da terror törətmə ehtimalı çox azdır:
“Ancaq misal üçün, Misir və İraqdan onsuz da gələn yoxdur. Bəli, bu ölkələrdən kimsə gələrsə bundan şübhələnməyə dəyər. Bu baxımdan, vizalardan istifadə edib,  ölkəmizə hansısa təxribatçı qrupun gəlməsi az ehtimal olunur. O başqa məsələdir ki, terrordan heç bir ölkə sığortalanmayıb. Təhlükəsizlik tədbirlərinə ən çox önəm verən ABŞ belə 11 sentyabr hadisələrini önləyə bilmədi. ABŞ həm də Səudiyyə Ərəbistanı ilə müttəfiq ölkədir. Eyni zamanda Səudiyyə Ərəbistanı Azərbaycanla da müttəfiqdir. Belə olan halda biz hər hansı bir sədd qoya bilmərik ki, oradan Azərbaycana az vətəndaş gəlsin. Yaxud da Qətəri götürək. Azərbaycan prezidentinin Qətərə də səfəri olmuşdu. Azərbaycan hakimiyyəti dəfələrlə bildirib ki, Qətər, Dubay, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr Azərbaycana investisiya qoyuluşunda maraqlıdırlar. Əgər belədirsə,  demək ki, biz gediş-gəlişə də müsbət yanaşmalıyıq”.
 
Əli RAİS

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın