Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “AAAF Park”da ekoloji və geoloji təhlükə – Araşdırma

“AAAF Park”da ekoloji və geoloji təhlükə – Araşdırma

Araşdırmamızın ötən yazısında “AAAF İnşaat” MMC-də baş verən qanunsuzluqlarda , şirkətin layıhəsi olan “AAAF Park” Yaşayış Kompleksində Şəhərsalma və Tikinti məcəlləsinin və eləcə də digər qanun toplularının kobud formada pozulduğunu qeyd etmişdik

Nəzərinizə çatdıraq ki, “AAAF İnşaat” MMC-nin əsas fəaliyyət trayektoriyası Abşeron rayonu, əsasən isə Xırdalan şəhəridir. Şirkət yarandığı ilk illər fərdi evlərin tikintisi ilə məşğul olsa da, sonradan yaşayış binalarının tikintisinə başladı.

2011-ci ildən isə Xırdalan şəhərinin Ceyranbatan çökəkliyində- keçmiş “Quşçuluq fabriki”nin 45 hektarlıq ərazisində “AAAF Park” Yaşayış Kompleksinin tikintisinə start verdi.

Hələ ötən yazımızda “AAAF İnşaat” MMC-nin kobud formada pozduğu Şəhərsalma və Tikinti məcəlləsinin maddələrini sadalamış və ardıcıl olaraq pozulmuş qanun pozuntularının təhlilini verəcəyimizi demişdik. Bu günkü yazımızda Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinin pozulmasından və ərazi proqnozlaşdırılması zamanı buraxılan qüsurları sadalayacağıq.

“Göz-gözə” tikilən binalar və ekoloji vəziyyətin ağırlığı

Öncə ondan başlayaq ki, “AAAF Park” Yaşayış Kompleksinin tikintisinə başlanıldıqdan sonra şirkət rəhbərliyi qanunvericiliyin ziddinə gedərək fərdi maraqlarını ictimai maraqlardan önə çıxardı. Belə ki, ümumi planın miqyas və tələblərinə uyğun olaraq hazırlanan (lakin heç bir mühəndis axtarış işləri aparılmamış) ilk baş plan maddi qazanc naminə rəhbərlik tərəfindən dəfələrlə dəyişdirildi. Fövqaladə hallar zamanı müvafiq strukturların yaranmış vəziyyətə operativ müdaxilə etməsi üçün nəzərdə tutulan kompleksdaxili yolların əksəriyyəti və meydan (digər vaxtlarda bu meydandan avtomobillərin parklanması üçün istifadə olunacaqdı) ləğv edildi. Ləğv edilmiş meydan və yolların hesabına əldə olunan ərazilərdə isə yüksək mərtəbəli yaşayış binaları inşa edildi. Və bu binaların sxematikası artıq dəfələrlə dəyişdirilmiş baş plana əlavə olundu.

Hələ keçmiş SSRİ dövründə yeni yaşayış qəsəbələrinin inşa edilməsi üçün müəyyən sahələrin mütəxxəssilərindən təşkil olunan qrup ilkin olaraq yaşayış massivi üçün nəzərdə tutulan ərazinin ilk olaraq geoloji və ekoloji vəziyyətini analiz edirdi.

Qeyd edək ki, indiki “AAAF Park” Yaşayış Kompleksinin yerləşdiyi ərazinin ekoloji vəziyyəti ötən əsrin 60-cı illərində tədqiq edilərkən zonada hava axınının zəif olduğu aşkarlanmışdır. O vaxt ekoloji analizlə paralel aparılan geoloji analiz də mənfi nəticələr göstərdi. Belə ki, geoloji tədqiqat zamanı ətrafı dağlarla əhatələnmiş, faktiki çökəklikdən ibarət olan ərazinin alt qatına güclü qrunt sularının axdığı aşkarlanmışdır. Ona görə də o vaxt zonada kütləvi məskunlaşma və yaşayış binalarının tikintisi məqbul sayılmadı. Sonradan isə həmin ərazidə yüngül birləşdirici konstruksiyalardan inşa edilmiş “Quşçuluq” ferması və fabriki yaradıldı.

Normal ekoloji və geoloji tələblərə uyğun olmayan yerdə “AAAF İnşaat” MMC tərəfindən yaşayış kompleksinin tikintisi zamanı baş planda nəzərdə tutulan meydan və daxili yolların ləğvi ilə əldə olunmuş ərazilərdə “göz-gözə” inşa edilən 5-7 mərtəbəli binalar ekoloji vəziyyəti daha da ağırlaşdırır. Onsuz da çökəklikdə yerləşdiyinə görə heç zaman hava axını-külək olmayan ərazi sıx-sıx tikilən binaların hesabına daha da “boğulur”. Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinə görə tikililər arasındakı ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ancaq qanunun bu tələbinin kompleksin ilk baş planının 4-12, 13-15-4 koordinatları arasında ciddi formada pozulduğu açıq-aşkar görünür.

Binaların padvallarındakı daimi nəmlik və aparılan profilaktik aqro tədbirlərə baxmayaraq hər gün yenidən cücərən qamış bitkiləri isə ərazinin alt qatına axan güclü qrunt sularının açıq təzahürüdür.

Onu da nəzərinizə çatdıraq ki, kompleks tam istifadəyə veriləndən sonra yaranan insan sıxlığı burada epidomoloji vəziyyəti də ciddi sual altında qoyur.

Sökülməyən obyektlər və qazanılan milyonlar

Şəhərsalma və Tikinti Məcəlləsinin kobud formada pozulduğu “AAAF Park” Yaşayış Kompleksinin inşasına başlanan zaman ərazidə mövcud olan 16 min kvadratmetrlik istifadə müddəti bitmiş tikililərin söküləcəyinin planlaşdırıldığını ötən yazımızda qeyd etmişdik. Ancaq sonradan bu bəlli olan səbəblər üzündən baş vermədi.

Əldə etdiyimiz məlumatlara görə min kvadratmetrlərlə sahəsi olan həmin tikililərə layihə-smeta sənədləri tərtib edilərək yeni inşa olunmuş tikililər kimi qeydiyyata alınmışdır. Daha sonra isə bank hesabatları saxta rəqəmlərlə aktlaşdırılmış və milyonlarla vəsait şirkət rəhbərliyində təmsil olunan bir qrup şəxs tərəfindən mənimsənilmişdir. Ancaq bütün bu maxinasiyaların şirkətin arxasında duran böyük vəzifəli şəxsdən xəbərsiz aparıldığı deyilir.

Qeyd edək ki, şirkət rəhbərliyinə heç bir əziyyət çəkmədən milyonlar qazandıran sökülməsi labüd tikililər daha təhlükəli- sosial təmayüllü kateqoriyaya aiddir. Həmin tikililərin qənaətbəxş olmayan vizual hissəsi isə yerli memarlığın qeyri-ənənəvi materialları ilə gizlədildi.

Növbəti yazımızda istismar müddəti bitməyinə baxmayaraq hələ də istifadə olunan həmin tikililər barədə daha geniş araşdırmamızı təqdim edəcəyik.

dia.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın