Ana səhifə / Dünya / Zelenskinin xanımı dünyaya çağırış etdi

Zelenskinin xanımı dünyaya çağırış etdi

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya dünya mediasının nümayəndələrinə açıq məktub ünvanlayıb.

“ Azinforum.az ” xəbər verir ki, Ukrayna Prezidentinin rəsmi saytında dərc olunmuş məktubda deyilir:

“İndi mənə dünyanın hər yerindən media nümayəndələri müraciət edərək müsahibə almaq istəyirlər. Bu məktubla hər kəsə cavab vermək istərdim. Bu, mənim Ukraynadan verdiyim ifadədir.

Bir həftə əvvəl baş verənlər inanılmaz idi. Mənim ölkəm dinc idi, meqapolislər, şəhərlər və kəndlər həyatla dolu idi.

Fevralın 24-də müharibənin başlanması xəbəri ilə oyandıq. Tanklar Ukrayna sərhədini keçdi, təyyarələr hava məkanımıza soxuldu. Şəhərlər raket qurğuları ilə əhatə olundu.

Mən şahidlik edirəm: Bu işğalı “xüsusi əməliyyat” adlandıran Kreml təbliğatçılarının vədlərinə baxmayaraq, bu, dinc əhalinin qətlidir!

Ən dəhşətlisi isə uşaqlar arasında qurbanlar haqqında oxumaqdır. Axtırkada ölən təxminən səkkiz yaşlı Alisa – hansı ki, babası onu qorumaq üçün özünü sipər etmişdi. Yaxud valideynləri ilə birlikdə gülləbaran edilən kiyevli Polina, 14 yaşlı Arsen haqqında… Paytaxtın bir vaxtlar sakit şəhərətrafı qəsəbəsində şüşə parçası uşağın başına düşdü və atəşlər altında olan təcili yardım onun köməyinə çata bilmədi.

Rusiya bir daha “mülki əhaliyə qarşı müharibə aparmırıq” dedikdə, ilk olaraq bu adları çəkəcəyəm.

Mən şahidlik edirəm: Qadınlarımız və uşaqlarımız bombadan qorunma sığınacaqlarında, zirzəmilərdə yaşayırlar. Yəqin ki, bu şəkilləri Kiyev və Xarkov metrosundan görmüsünüz, burada insanlar uşaqlar və ev heyvanları ilə yerdə uzanıblar. Bu, bəziləri üçün möhtəşəm kadrlar ola bilər, ancaq bir həftədir ki, ukraynalılar üçün bu, yeni dəhşətli reallıqdır. Elə şəhərlər var ki, ailələr bir neçə gündür bomba sığınacaqlarını tərk edə bilmirlər.

Uşaqlarımız zirzəmilərdə dərs keçirlər. Doğum evi isə yerin altına köçürülməli olduğu üçün orada doğulurlar. Mavi səmanı yox, zirzəminin beton tavanını görən müharibənin ilk uşağı elə işğalın ilk günündə dünyaya gəlib. İndi artıq onlarla uşaq var ki, onlar hələ həyatlarında günəş işığını görməyiblər.

Mən şahidlik edirəm: Bu müharibə dinc əhaliyə qarşı təkcə top atəşinə tutulmaqla aparılmır: daimi müalicə və baxıma ehtiyacı olan insanlar bundan məhrum olunublar.

Zirzəmidə insulin yeritmək asandır? Bəs atəş altında astma dərmanı tapa bilməyə nə deyirsiniz? Hələ həyati vacib kimyaterapiya və şüalanmanın gecikdirildiyi minlərlə xərçəng xəstəsini demirəm.

Yollarımız qaçqınlarla doludur – artıq bir çoxunuz ölkələrinizdə bu gözləri ağlamaqdan yorğun qadınları və uşaqları görürsünüz. Kişilər onları sərhədə aparır və döyüşmək üçün qayıdırlar. Axı bütün bu dəhşətlərə ukraynalılar təslim olmurlar.

Təcavüzkar Ukrayna şəhərlərini asanlıqla ələ keçirəcəyini düşünürdü. Amma gözlənilmədən o, təkcə Ukrayna ordusunun deyil, bütün vətəndaşların müqaviməti ilə qarşılaşdı. Ukraynadilli və ya rusdilli, müxtəlif siyasi əqidədən, dindən, millətdən olan ukraynalılar işğaldan əvvəl heç vaxt olmadığı kimi birləşdilər.

Kremlin təbliğatçıları lovğalanırdılar ki, ukraynalılar onları azadlıqlarına qovuşduranlar kimi gül-çiçəklə qarşılayacaqlar. Amma ukraynalılar onları molotov kokteyli ilə qarşılayır.

Hücuma məruz qalan şəhərlərin sakinləri sosial şəbəkələrdə koordinasiya quraraq evləri mühafizə edir, tənhalara kömək edir, yemək hazırlayır, müdafiəçilər üçün dərman və sursat toplayır. Onlar sadəcə öz işlərini görürlər – apteklərdə, mağazalarda, nəqliyyatda, kommunal xidmətlərdə – həyat davam etsin və qalib gəlsin.

Hamısına təşəkkürlər – indi bütün ukraynalılar orduya çevrilib, hamı könüllü olub. Bu isə təcavüzkarın planlarını məhv etdi.

Mən şahidlik edirəm: Təcavüzkar gizlətsə də, rus hərbçilərin itkiləri minlərlədir. Biz rus anaları üçün “qaynar xətt” yaratmışıq ki, oğullarının Kremldə deyildiyi kimi təlimdə deyil, Ukraynanı işğal etməyə çalışarkən öldüklərini öyrənsinlər.

Mən şahidlik edirəm: Ukrayna sülh istəyir! Lakin Ukrayna özünü müdafiə edəcək və heç vaxt təslim olmayacaq.

Və bizə lazım olan səmanı bağlamaqdır! Nəhayət, ağ əlcəklərinizi çıxarın, onsuz da neytral qala bilməyəcəksiniz. Çünki Putin növbəti dəfə sizə hücum edə bilər. Səmanı bağlayın, yerdə isə biz özümüz onun öhdəsindən gələ bilərik.

Atəşin kəsilmədiyi, insanların dağıntılar altında qaldığı və artıq bir neçə gündür zirzəmilərdən, hətta yemək almaq üçün çıxa bilmədiyi şəhərlərdə humanitar yardımın gətirilməsi və dinc sakinlərin təhlükəsiz yerə getməsi üçün bizə təhlükəsizlik dəhlizləri lazımdır.

Fürsətdən istifadə edib bizə humanitar yardımın edilməsi üçün müraciət edirəm və bu yardımı edənlərə, həmçinin bizim qadın və uşaqlara sığınacaq verənlərə minnətdarlığımı bildirirəm. Və Ukraynaya dəstək üçün meydanlara çıxan ölkə sakinlərinə minnətdarlığımı bildirirəm. Biz bunu görür və qiymətləndiririk!

Əziz digər ölkə KİV nümayəndələri, sizə müraciət edirəm: Bizdə baş verənləri göstərməkdə və həqiqəti danışmaqda davam edin. Hətta hücum etmə faktını təkzib edən Rusiya Federasiyasının başlatdığı informasiya müharibəsində hər bir şahidlik çox vacibdir. Və bir də bu məktubumla dünyaya çatdırmaq istəyirəm ki, müharibə Ukraynadadır, “haradasa oralarda” deyil. Bu müharibə Avropada və Avropa İttifaqının sərhədindədir. Ukrayna artıq sabah sizin dinc şəhərlərə işğalçı məqsədlə girə biləcək gücün qarşısını alır.

Nüvə müharibəsinə başlayacağı ilə hədə-qorxu gələn Putini saxlamasalar, dünyada təhlükəsiz yer ümumiyyətlə qalmayacaq. Mən bilirəm, bütün bunlar dəhşətli yuxu kimi səslənir. Amma bu, bizim yeni reallığımızdır. Biz bunu yaşayırıq. Və bilmirik, bu nə qədər davam edəcək. Amma biz mütləq qalib gələcəyik!

Biz birik və bizim silahımız var. Bu, birlik adlanır. Ukraynaya sevgi birliyi. Yaşasın Ukrayna!”

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …