Bazar ertəsi , May 27 2019
Ana səhifə / Dünya / “Vergi ödəyicilərinin bütün əməliyyatları nəzarətdədir” – MÜSAHİBƏ

“Vergi ödəyicilərinin bütün əməliyyatları nəzarətdədir” – MÜSAHİBƏ

Azərbaycanın vergi xidmətində informasiya texno­lo­giyalarının tətbiqi, bu sahədə görülən işlər və onların nəticələri barədə suallara Vergilər Nazirliyinin İnforma­siya texnologiyaları və proqram təminatı şübəsinin rəisi Eyyub İbrahimovla cavab verib. Fins.az həmin müsahibəni təqdim edir.
– Eyyub müəllim, Vergilər Nazirliyinin informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərkən ilk növbədə hansı məqamları vurğulamaq lazımdır?
– Vergilər Nazirliyi ölkəmizdə elektron kargüzarlığı və müasir texnologiyaları tətbiq edən ilk mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin həyata keçirdiyi layihələr digər dövlət və özəl qurumlar üçün əsl nümunəyə çevrilmişdir. Müasir informasiya texnologiyalarının istifadəsinin nəticəsi olaraq Vergilər Nazirliyinin Aparatında və yerli qurumlarda işin keyfiyyəti artırılmış, vergi xidməti avtomatlaşdırılmış, vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən bütün xidmətlərdən istifadə imkanı əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
– Müasir vergi inzibatçılığının inkişaf etdirilməsi və şəffaflığın təmin edilməsində informasiya texnologiyalarının tətbiqi hansı real nəticələr verir?
– Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da əks olunan tapşırıqlar və göstərişlərin Vergilər Nazirliyi tərəfindən vaxtında və tam şəkildə icra edilməsi sayəsində vergi xidmətinin fəaliyyətində şəffaflıq təmin edilmişdir. İnformasiya texnologiyalarının yaratdığı imkanların tətbiqi vergi inzibatçılığının yeni mərhələyə qədəm qoyması ilə nəticələnmişdir. Vergi ödəyiciləri, vətəndaşlar və digər şəxslər subyektiv münasibətdən, neqativ hallardan tamamilə azad olmuş, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və işgüzar münasibətlər yaranmışdır. Əminliklə qeyd etmək olar ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicilərinə, vətəndaşlara, dövlət orqanlarına və digər qurumlara müasir xidmət təklif edən qurumdur. Vergi qanunvericiliyində nəzərdə tutulan bütün vergi hərəkətləri, müraciətlərə baxılması və münasibət bildirilməsi internet vasitəsi ilə həyata keçirilir.
– Hazırda dünyada vergi sahəsində elektron xidmətlərin sadələşdirilməsi, vətəndaşların istifadəsi üçün mümkün qədər asanlaşdırılması istiqamətində işlər aparılır. Ölkəmizdə vergi ödəyicilərinin işinin asanlaşdırılması istiqamətində hansı işlər görülür?
– Vergilər Nazirliyi təsis olunduğu tarixdən bu günədək bütün sahələr üzrə ardıcıl təkmilləşdirmə işləri aparır. Hazırda vergi ödəyiciləri bütün vergi hərəkətlərini: bəyannamələrin təqdim edilməsini, verginin ödənilməsini və digər zəruri prosessual hərəkətləri onlayn rejimdə aparmaq imkanına malikdir. Bununla yanaşı, Vergilər Nazirliyinin «Çağrı mərkəzi» uğurla fəaliyyət göstərir və bu xidmət vətəndaşların böyük rəğbətini qazanmışdır. Bütün bu işlərin nəticəsidir ki, elektron xidmətlərin çeşidinə və keyfiyyətinə görə Vergilər Nazirliyi dövlət qurumları arasında Cənubi Qafqazda lider mövqeyinə çıxmışdır. Bununla belə, nazirlik əldə olunan nailiyyətlərlə kifayətlənmir, təkmilləşdirmə işləri aparır, xidmətin daha yüksək olması istiqamətində tədbirlər görür. Yaxın zamanlarda vergi ödəyiciləri daha təkmil elektron xidmətlərdən yararlanacaqlar. İndi istifadə olunan «ASAN imza» və «E-imza» vahid bir qurğuda birləşdiriləcək və eyni sertifikatda həm mobil, həm də kart vasitəsi ilə elektron «Asan İD» kart imzanın tətbiqinə başlanılacaqdır. Onu da qeyd edim ki, kameral yoxlamaların da tam avtomatlaşdırılması prosesi başa çatmaq üzrədir. Gələcəkdə vergi ödəyicilərinə və vətəndaşlar üçün elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün yeni layihələr həyata keçirəcəyik. Bu istiqamətdə gördüyümüz işlər davamlı xarakter daşıyır.
– Vergi nəzarəti sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı hansı addımlar atılmışdır?
– Vergilər Nazirliyində tətbiq edilən AVİS vergi inzibatçılığının tam şəkildə elektronlaşdırılmasına, operativ informasiya mübadiləsinin təmin olunmasına, vergi ödəyicilərinə geniş çeşiddə elektron xidmətin göstərilməsinə, vergi bəyannamələrinin qəbulu və emalı prosesinin sadələşdirilməsinə imkan yaratmışdır. Hazırda əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin demək olar ki, hamısı bəyannaməni elektron formada təqdim edirlər.
2008-ci ilin əvvəlindən ƏDV-nin vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılmışdır. Bununla da ƏDV-nin ödənilməsindən yayınma və digər qeyri-qanuni hallara qarşı yeni səmərəli sxemin tətbiq edilməsinə nail olunmuşdur. Vergi ödəyicilərinə təqdim edilən müasir elektron xidmətlər sırasına elektron vergi-hesab fakturalarının tətbiqi də əlavə olunmuşdur. Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələri elektron vasitələrdən istifadə etməklə təmin edir, vergi ödəyicilərinin işini asanlaşdırır. Hazırda vergi ödəyiciləri və digər şəxslər internetlə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini real vaxt rejimində izləyə və icraçı ilə birbaşa telefon əlaqəsi yarada bilirlər. «Onlayn kargüzarlıq» sistemi vasitəsilə vergi orqanına göndərilən bütün müraciətlər rəsmi sənəd statusu daşıyır. Elektron vergi inzibatçılığı indi elə müasir formada qurulub ki, vergi ödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar öhdəlikləri real vaxt rejimində nəzarətdədir. Bu isə vergidən yayınma hallarının vaxtında aşkar edilməsinə, dövlət büdcəsinə ödəmələrin vaxtında təmin olunmasına yardımçı olur.
– Elektron audit sisteminin tətbiqinin real nəticələri barədə nə deyə bilərsiniz?
– Azərbayan Respublikası Vergilər Nazirliyi MDB məkanında elektron auditi tətbiq edən ilk vergi xidmətidir. Audit yoxlamaları, onların vergi müfəttişi tərəfindən ötəri aparılması və subyektiv amillərə qarşı vergi ödəyicilərində bəzən haqlı, bəzən haqsız narazılıqlar olur. Bu halların aradan qaldırılması, auditin vergi ödəyicisi ilə təmasda olmadan, elektron qaydada həyata keçirilməsi vergi ödəyicilərinin əksər hissəsi tərəfindən müsbət qarşılanmış, bu sahədə şikayətlərin və narazılıqların sayı əhəmiyyətli dərəcədə azalmışdır. Elektron audit zamanı aşkar edilmiş nöqsanlar və pozuntular bir çox hallarda vergi ödəyiciləri tərəfindən qəbul edilərək könüllü şəkildə aradan qaldırılmışdır. Vergi ödəyicisi üçün ən həssas məsələ olan auditin subyektiv amili nisbətən azalmışdır.
– Vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqi hansı beynəlxalq standartları ehtiva edir?
– Vergilər Nazirliyi tərəfindən elektron inzibatçılığın tətbiqi, vergi xidmətlərinin tam elektronlaşdırılması, digər qurumlar tərəfindən vergi informasiya sisteminə inteqrasiya və müəyyən məlumatların əldə edilməsi imkanının yaradılması vergi ödəyicilərinə aid fərdi məlumatların qorunmasını aktuallaşdırır. Bazar iqtisadiyyatında fərdi məlumatların bəzi şəxslər tərəfindən şəxsi məqsədlər üçün istifadə edilməsi ciddi maddi itkilərə səbəb olmaqla yanaşı, sahibkarlıq subyektinin işgüzar nüfuzuna və imicinə sarsıdıcı zərbə vurur.
Bu səbəbdən də vergi ödəyicilərinə aid məlumatların mühafizəsi, vergi ilə əlaqədar məxfi informasiyanın elektron və digər daşıyıcılarda saxlanılması, həmçinin vergi sisteminin kiber hücumlardan qorunması məqsədilə Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi üçün ən yüksək beynəlxalq standartın – İSO/İEC 27001:2013 «İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri» beynəlxalq standartının tətbiqinə başlanılmışdır. Vergilər Nazirliyi bu standarta uyğun fəaliyyət göstərməsinin təsdiqi kimi informasiya sisteminin İSO/İEC 27001:2013 standartına uyğun sertifatlaşdırılmasına nail olmuşdur.
Bütövlükdə dünyanın digər 26 ölkəsinin müxtəlif təşkilatları həmin sertifikatı əldə etmişdir. Britaniya Standartları İnstitutu (BSİ) tərəfindən İSO/İEC 27001:2013 standartına uyğun sertifikatlaşması aparılan təşkilatların sırasında Apple, Microsoft, BMW və digər tanınmış brendlər var. Yeni standartın tətbiqi ilə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində risklərin və ya çatışmazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması, təhlükəsizlik üçün informasiyaların təsnifatlaşdırılması qaydasının və onların əhatə dairəsinin, eləcə də server otaqlarına dair tələblərin müəyyən edilməsi və s. kimi məsələlər də öz həllini tapacaqdır.

Həmçinin oxuyun

Rayon başçısı ona sərt sual verən jurnalisti yerə çırpdı

Rusiya İstintaq Komitəsi ona sərt sual verdiyi üçün jurnalisti yerə çırpan rayon başçısı barədə cinayət …

Bir cavab yazın