Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Tahir Balıyev: “Məni tanıyanlar bilirlər ki, dezinformasiyalara qarşı ciddi allergiyam var.”

Tahir Balıyev: “Məni tanıyanlar bilirlər ki, dezinformasiyalara qarşı ciddi allergiyam var.”

1905.az portalının suallarını sputnik.az saytının redaktoru Tahir Balıyev cavablandırır.

– Media da müxtəlifdir, mediaya aparan yollar da. Necə oldu ki, mediada çalışmağa başladınız?

– Mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda indi 1905.az portalında çalışan Gündüz Nəsibovla bir qrupda oxumuşam. Fikrimcə, 1995-ci il idi, digər bir qrup yoldaşımız İldırım Qocayev “Biznes Press” qəzetində jurnalist işi olduğunu dedi və bizə orada işləməyi məsləhət gördü. O Gündüz müəllimlə mənim savadımıza inandığı üçün bu təklifi etmişdi. Biz təklifi dəyərləndirdik və sözügedən qəzetin baş redaktoru Fuad Babayevlə görüşdük. Bu görüşün nəticəsi olaraq biz həmin qəzetin “Vergilər” səhifəsinin hazırlanmasında iştiraka başladıq. Gizlətmək lazım deyil ki, əvvəlcə bu iş bizə çox ağır gəlirdi. Ağırlıq nədə idi? Demək, Gündüz müəllimlə biz Bakı şəhərinin rayonlarından birinin vergilər idarəsi rəhbərindən müsahibə almalı idik. Rayonun fərqi yox idi, sadəcə müsahibə almaq lazım idi. Müsahibə heç cür alınmırdı. Bizi get-gələ salırdılar. Biz də təcrübəsiz jurnalistlər. Demək bu məsələ o qədər uzandı ki, axırda mən təklif etdim ki, müsahibə üçün həmin şəxslərə pul ödəyək. Gündüz müəllim bunu təsdiq edə bilər. Lakin məsələ pulsuz həll olundu və Yasamal rayon vergilər idarəsinin rəhbəri Sahib Məcidov bizə müsahibə verdi. İnsafən, yaxşı da müsahibə oldu. Bununla da biz mediaya vəsiqə almış olduq.

 – Bütün yolların hökmən mərhələləri olur. Sizin media yolunuzun əsas mənzilləri hansılardır?

– Qeyd etdiyim kimi mediada fəaliyyətə “Biznes press” qəzetində başlamışam. O qəzetdən ayrıldıqdan sonra 4 il mediadan aralı olmuşam. Sirr deyil ki, Azərbaycanda mediaya gələnlərin mütləq əksəriyyəti jurnalist olmaq, həqiqəti araşdırmaq və sair gözəl səslənən amallar üçün deyil, pul qazanmaq üçün gəlirlər. Media az-çox savadı olan adamlar üçün yenə deyirəm az-çox pul qazanmaq üçün normal yer olub. Məndə də elə oldu. “Dövlət işi” perspektivinin alınmadığını görəndə mən də mediadakı tanışlarıma müraciət etdim. Tanışlarım deyəndə ki, mənim qrup yoldaşlarım mediada çox fəaldırlar. Onlardan biri olan Esmira Qasımova digər qrup yoldaşımız Zəminə Əliqızının “Teleskop” qəzetini açdığını bildirdi və ora getməyi məsləhət gördü. Zəminə xanım məni böyük sevincə qarşıladı və elə həmin vaxtdan, yəni 1999-cu ildən demək olar ki, fasiləsiz olaraq mediadayam. Başqa sahələrdə çalışan insanlar həmişə jurnalistləri tez-tez iş dəyişməkdə günahlandırırlar. Bunun çox sadə səbəbi var. 2000-ci illərin ortalarınadək mediada ciddi maliyyə problemləri var idi. Maaşlar aylarla verilmirdi. Belə olan halda jurnalistlər yeni açılan və yaxud maliyyə vəziyyəti yaxşı olan media qurumlarına keçməyə məcbur olurdular. Eyni problemlərlə mən də rastlaşmışam. Müxtəlif illərdə “Mərkəz”, “Эхо”, “Yeni Yüzil” qəzetlərində və uzun müddət APA informasiya agentliyində işləmişəm. Hazırda “Xəbərlər-Azərbaycan” İnformasiya agentliyində, yəni həmin agentliyin sputnik.az saytında redaktoram.

– Bəzən media mənsubu KİV-də çalışmaqla kifayətlənmir, həm də jurnalist təşkilatı yaratmağa cəhd edir. Bu niyə belədir Sizcə? Yeri gəlmişkən, Sizin də belə layihəniz olub.

– Media mənsubu KİV-də çalışdığı vaxt bu sahənin əyər-əskiyini, problemlərini daha yaxşı görür və onu düzəltməyin yolları barədə düşünür. Hesab edir ki, bu yollardan biri də hansısa jurnalist təşkilatı yaratmaqdan, ya da mövcud təşkilatlardan birinə qoşulmaqdan keçir. Bizim layihəyə gəlincə, bu, sırf jurnalistlərin çalışdıqları KİV-də qarşılaşdıqları ədalətsiz əmək münasibətləri ilə bağlı idi. Jurnalistlər qəzetlərdə çalışırdılar, amma maaşları bəzən aylarla yubanırdı. Yaxud da redaksiyalar jurnalistlərə çatacaq maaşı və qonorarı  ödəməkdən birdəfəlik imtina edirdilər. Bu iş ona görə asan idi ki, jurnalistlərin redaksiyalarla müqavilələri yox idi. Eyni zamanda redaktorlar jurnalistlərin yazdıqlarına istədikləri əlavəni edə bilirdilər. Bununla təkcə jurnalistin müəlliflik hüququnu pozmurdular, həm də jurnalistlərlə informasiya mənbəyi arasında münaqişənin əsasını qoyurdular. Bəzənsə jurnalistlər sırf redaktorların apardığı siyasət sayəsində özlərinə düşmən qazanırdılar. Bütün bunlardan əıziyyət çəkən bir qrup sıravi jurnalist bir araya gəlib “Həmrəylik” adlı jurnalistlər birliyi yaratdıq. Məqsədimiz jurnalistlərin əmək hüquqlarını bərqərar etmək idi. Həm də qarşımıza belə bir məqsəd qoymuşduq ki, nə iqtidaryönümlü, nə də müxalifətyönümlü jurnalist təşkilatları ilə əməkdaşlıq etməyəcəyik. Nəzərdə tutduğumuz layihələrin icrası üçünsə maliyyəyə ehtiyac vardı. Elementar maddi ehtiyaclarını təmin edə bilməyən jurnalistlər hədəflərimizə çatmağa yardım edəcək layihələri necə icra edə bilərdilər?! Tədricən belə məlum oldu ki, bizim iddialarımızla imkanlarımız üst-üstə düşmür. Biz ən azı qanuni fəaliyyət göstərmək üçün dövlət qeydiyyatından keçməli idik. Bunun isə müəyyən “yol”ları var idi. Beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, xarici donorları layihələrimizi maliyyələşdirməyə cəlb etmək üçünsə, kimlərinsə qılıncının altından keçməliydik. Çünki 3-4 jurnalist təşkilatı var idi ki, onlar xarici donorları öz təsir dairələrində saxlayırdılar. Biz gözəl ideyaları olan, amma onları necə həyata keçirməyin yollarını bilməyən, ya da mövcud yolların hamısından imtina edən maksimalistlər idik. Belə şərtlər altında təşkilatı inkişaf etdirmək mümkün deyildi. Qısa zamanda təşkilatda fikir ayrılıqları başladı. Həmin dövrdə Mətbuat Şurası yaradıldı. İçərisində hazırda öz aləminə çəkilmiş, zamanında isə ölkənin məşhur media quruluşlarına rəhbərlik edən şəxslərin də olduğu jurnalistlərin 1-ci qurultayında böyük oyunları gördük. Qurultayın keçirildiyi binanın qapılarını bağlayıb qurultay başa çatana kimi jurnalistlərin heç birini çölə buraxmaq istəmirdilər. Bizim təşkilatın üzvləri buna radikalcasına qarşı çıxdılar. Biz onda başa düşdük ki, jurnalistlərin girov kimi qurultay zalında saxlanıldığı bir vəziyyətdə axına qarşı üzmək mənasızdır. Və bizim prinsiplərimiz həmin qurultaydakı media rəhbərləri, aparıcı  jurnalist qurumlarının sədrləri ilə ciddi ziddiyyət təşkil edir. Biz axına qarşı üzəcək durumda deyildik. Bunu anladıq və layihəmizi öz içimizdə dəfn etdik.

– İndi də keçək auditoriyaya. Nə gözləyir auditoriya Sizdən? Və ümumiyyətlə Siz öz auditoriyanızı necə təsəvvür edirsiniz?

– Məni tanıyanlar bilirlər ki, dezinformsiyalara qarşı ciddi allergiyam var. Qeyri-ciddi materialları nəinki yazmağın, hətta redaktə etməyin belə əleyhinəyəm. Bir dəfə saytların birindən iş təklifi gəldi. Orada işim maraqlı materialları tapmaq və sayta yerləşdirmək olmalı idi. Qısa zamanda başa düşdüm ki, mənim “maraqlı məlumat” anlayışımla sayt rəhbərliyinin “maraqlı məlumat” anlayışı arasında yerlə-göy qədər fərq var. Onlara görə IP gətirən hər şey maraqlı idi. Şou-biznes ulduzlarının doğum xəbərlərindən tutmuş alt paltar qarderobuna qədər. Mən heç vaxt özümü sarı mətbuatda görmədiyimə görə, oradan tez uzaqlaşmalı oldum. Oradakı tələbləri yerinə yetirmək mənim üçün prinsiplərimə qarşı çıxmaq kimi bir şey idi.
Düşünürəm ki, auditoriya məndən ciddi, sanballı, düşündürücü, faydalı nəsə gözləyir. Mən öz auditoriyamı intellektual və qeyri-standart düşünən insanlardan ibarət auditoriya kimi təsəvvür edirəm. Onların gözəl kostyumları, qiymətli ayaqqabıları olmaya bilər. Amma mütləq onların gözəl fikirləri olmalıdır və qiymətli izlərlə getməyi, sanballı iz qoymağı bacaran adamlar olmalıdır. Ən əsası da ağla, düşüncəyə, fikrə, elmə, biliyə, kitablara hörməti olmalıdır. Dinləməyi, oxumağı və yaradıcı yanaşmağı bacaran insanlar ən sevdiyim tip insanlardır.

– Etiraz etmirsinizsə, planlardan da danışaq.

– Uzağa gedən planlarım yoxdur. Həyatımı heç vaxt planlaşdırmamışam. Çünki əminəm ki, planlarım ya vəlvələdən, ya zəlzələdən alt-üst olacaq. Fürsətləri dəyərləndirməyə, zamanın axarına baxmağa çalışıram. Böyük ideallarla yaşasam da, böyük ambisiyalarla yaşamıram. Sadə, sakit, rəvan bir həyatın tərəfdarıyam. Əlimdə olsaydı, hər şeyi yaxşılığa doğru dəyişərdim. İndi bir çoxlarının qeyri-standart hesab elədiklərini standarta çevirərdim. Çünki alışdığımız standartların çoxunun yanlış olduğunu düşünürəm. Hətta mükəmməl yaradılış hesab edilənlərdə belə yanlışları görürəm. Düşünürəm ki, bu belə deyil, elə olsaydı, daha yaxşı olardı.

– Bizim portalın əsas çatışmamazlığı nədir?

– Sizin portal haqqında ən yaxşı sözləri demək mümkündür. Əsl mənim kimi insanların görmək istədiyi bir resursdur – ciddi elmi araşdırmalar, əvvəllər toxunulmamış mövzuların işlənməsi, fərqli yanaşmalar, bir sözlə ciddi əsaslandırılmış məlumat. Belə portallar runetdə var, amma bizin internet məkanında təəssüf ki, nadir rast gəlinir. Güman edirəm ki, 1905.az portalı necə deyərlər “dəhşətli” IP yığmır. Çünki, ciddi informasiyanı bizdə on minlər oxumur. Onlara lüt şəkillər, dedi-qodu və s. lazımdır. Yəni, öz sahəsində, öz seqmentində sanballı, öz sözünü deyə bilmiş bir portaldır 1905.az. Çatışmazlıq isə siz IP dalınca qaçmağa başlayanda əmələ gələcək.

– Minnətdaram. Sizə uğurlar arzulayıram.

Nigar Babayeva

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …

Bir cavab yazın