Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / “Şeyx siyasətin lap anasını ağladır…” – Yazıçı

“Şeyx siyasətin lap anasını ağladır…” – Yazıçı

“Çingiz Abdullayev Moskvada lotu-potularla kefə baxırdı, Anar da qorxusundan qaçıb Türkiyəyə getmişdi”

Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nasiri Şərif Ağayarla Elbrus Ərudun müsahibəsi

– Sənin şair vaxtlarını xatırlayıram…

– İki şeir kitabım çıxıb.

– Bəs sonra niyə yazmadın?

– Əgər izləmisənsə, yazdığım şeirlər hecadan sərbəstə, sərbəstdən epik şeirə gəldi. Bunu bilə-bilə eləmədim, öz-özünə belə aındı. Sonra gördüm ki, özümü nəsrdə daha rahat ifadə edə bilirəm.

– İndi çox adam şeir yazmır.

– Mən nəsr yazmağa başlayanda şeir dəbdə idi. Elə bizim nəsildən Aqşin, Zahir, Rövşən, Sadiq və başqaları kimi yaxşı şairlər vardı. Nəsrdə bir boşluq hökm sürürdü. Əslində, mən şeiri nəsrdən daha yaxşı oxumuşam və daha yaxşı bilirəm. Nəsrdə çox həssasam, bəyənmədiyim mətni oxuya bilmirəm. Təbii ki, orijinal nəsrdən söhbət gedir, tərcümədən yox. Misal üçün, Milan Kunderanı Azərbaycan dilində özümü zorlayıb da oxuya bilərəm. Ancaq orijinal mətndə bu güzəşti eləyə bilmirəm. Zəhmət çəkib, rahat, səlist yazmalıdırlar. Yazıçının borcudur ki, öz ana dilində o zövqü mənə yaşatsın. Bunu bizdə bacaranlar, xüsusilə gənclər arasında, elə də çox deyil. Şeirdə var ancaq. Əvvəl də var idi, indi də var. Mən o zaman şeirimizdə yox, nəsrimizdə boşluq olduğunu anladım. Seçimim doğru oldu. Nəsrdə birincilik qazanmaq fürsəti daha çox idi. İlk yazdığım mətnlər – iki hekayə, bir oçerk Yenisi Sənət Təzahürləri mərkəzinin internet müsabiqəsində birinci yerə çıxdı.

– Birinci olduğunu düşünürsən?

– Özümü birincilər arasında görürəm.

– Birincilər fikri doğru deyil axı, ya birinci var, ya da ikinci…

– Tay-tuşlar arasında hardasa-nəsə şərti olaraq belə bir söz deyilə bilər. Deyirlər də. Amma mən özüm ümumi şəkildə heç nə deyə bilmərəm. Ədəbiyyat qürrələnmək yeri deyil. Ədəbiyyatda son sözü zaman deyir.

– Səndən fərqli olaraq, ədəbi prosesdə özünə inam hiss olunmur.

– Məsuliyyət hissini itirmədən özünə güvənməlisən. Bu, bütün sənət sahələrində belədir. Yardıcılıqda sən özünü şərti olaraq birinci düşünmürsənsə, nəsə böyük bir şey yarada bilməzsən. Hətta yaradıcılıq bir az Tanrılıq iddiasıdır. Yaradan adam Tanrını imitasiya edir. Ona görə, islamda yaradıcılığa qarşı çox həssas yanaşılır. Quranda ayrıca şairlər surəsi var. Orada irfan mətləblərindən kənarda olan şeirlər qəbul olunmur.

– Allah inanırsan?

– Şübhəsiz. Dinlərlə o qədər səriştəm yoxdur, ancaq İslam dinində də, Xiristian dinində də, Tövratda və Buddizmdə də, başqa kütləvi din və dünyagörüşlərdə də gözəl nüanslar var. Bunu qəbul edirəm. Özümü yarı müsəlman hesab edirəm. Bir az buddistəm, bir az xristianam. Hətta Tövratda çox sevdiyim məqamlar var. Tövratın yazı üslubu çox gözəldir. Bizdə adamlar alternativ kitablara baxmırlar, birini oxuyub, ona aşiq olurlar. Quranın da ilahi intonasiyasını qəbul edirəm. Quranda fövqəlbəşər enerji olduğuna tamamilə əminəm. O cür intonasiya və enerji ilə yazmaq mümkün deyil, bu, bəşər oğlunun işi ola bilməz. Türk dilində ən güclü enerji, ən sanbalı intonasiya Məhəmməd Füzulidədir. Füzulinin ən güclü beyti də, misal üçün, İxlas surəsinin yanında cılız görünür. Halbuki, Füzulinin özü də az qala fövqəlbəşər bir gücə sahibdir. Ancaq biz o gücün adını ilham qoymuşuq. İkisi də Tanrıdan gəlsə də vəhy daha üstün kateqoriya sayılır. Quranın vəhy olunduğunu sözlərindəki intonsiyadan açıqca hiss edirəm. Bunu digər səmavi kitablardan da duymaq olur. Söhbət orijinal səslənişdən gedir. Quran mənim üçün mənasından çox enerjisinə görə möcüzədir.

– Quran möcüzədirsə niyə min ildir öz arealını düzəldə bilmir?

– Sən əminsən ki, heç düzəltməyib? Bəlkə Quran olmasa daha faciəvi olardı vəziyyət. Quran gələndə dedi ki, qız uşaqlarını basdırmayın, özünüzü təmiz saxlayın, oğurluq eləməyin, zəifə rəhm göstərin və s. İndi təsəvvür elə, biz qız uşaqlarını hələ də basdırırıq. Mən bunları bir müsəlman kimi yox, tamamilə kənardan baxan bir qələm adamı kimi deyirəm. Amma o da var ki, yeddinci əsrdə bizim coğrafiya ərəblərə nisbətən daha mədəni olub. Bu, Firdovsinin əsərlərində də var. Firdovsinin qəhrəmanları ərəbləri çəyirtkəyeyən adlandırır, onların gətirdiyi sivilizasiyanı lağa qoyurdu. Haqları da vardı. Çünki islamacan bu ərazilərdə atəşpərəstlik, zərdüştlik kifayət qədər mədəni mühit yaratmışdı. Hətta bütpərəstliyin özündə bəşər mədəniyyəti üçün əhəmiyyətli istiqamətlər vardı.

– Sözün düzü bilmirəm, söhbətimiz niyə bu mövzuya daha çox meyilləndi, ancaq müsəlman aləmində gördüklərimdən sonra Qurana da, İslama da inamım çox sarsılır. Bəlkə də mən xristian ailədə doğulmadığıma görə təssüflənirəm də…

– Məsələ üzdən belə görünür, razıyam. Mahiyyətinə vardığımız zaman başqa səbəblər də görürük. İslam coğrafiyasında kök salan problemlərin hamısının günahkarı burada yaşayan insanlar deyil. Əgər, məsələn, indiki İŞID Avropada yaransaydı, dünya bu problemi çox tez bir zamanda həll edərdi. Həmçinin, Qarabağ hadisələri, Fələstin. Yuqoslaviyadakı iğtişaşlar dediyimə sübutdur. Yığılıb tezliklə tədbir gördülər, BMT konvensiyalarının ziddinə qərar qəbul eləsələr belə məsələni çözdülər. Avropanın imperialist gücləri, ABŞ-ın xarici siyasəti, Rusiyanın özü Yaxın Şərqdə münaqişə ocaqlarının yaranmasında maraqlıdır. Təbii ki, Şərqin özünün günahları da çoxdur. Bu cür ağır münaqişələrdə günahı bir tərəfin üstünə atmaq yanlışdır. Mənə görə, İŞİD Avropanın, Amerikanın Şərqdə yaratdığı bataqlığın meyvəsidir. Amma Şərqin özündə də bu bataqlığın əmələ gəlməsi üçün münbit şərairt var.

– Mənə elə gəlir ki, Sovet hakimiyyəti dağılandan sonra ədəbiyyat öz taleyini itirdi.

– Əksinə, Sovet hakimiyyəti dağılandan sonra azad, əsl ədəbiyyat formalaşa bilərdi. Biz bunu postsovet məkanında yaranan pen klubların, müxtəlif daha müasir və azad təşkilatların, mətbu orqanların, Azərbaycanda Azad Yazarlar Ocağının timsalında aydınca gördük. Təəssüf ki, cəmiyyətimizin real şərtləri, real gerçəklikləri AYO-nun hüquqi bir təşkilata çevrilməsinə imkan vermədi.

– Siz nə etmək istəyirdiniz? AYO-nu AYB-yə çevirmək, ya AYB-ni AYO-ya çevirmək?

– Dünyada belə bir təcrübə var ki, heç bir siyasi hakimiyyətdən, hansısa dövlət strukturlarından, məmurlardan asılı olmayan ədəbi təşkilatlar yaranır, onlar azad şəkildə fəaliyyət göstərirlər. Dövlət onların müxtəlif mütərəqqi layihələrini maliyyələşdirir və meydanda sağlam rəqabət imkanı yaradır. Mümkün qədər yazıçını azad buraxmaq lazımdır. SSRİ dövründə idarə olunan ədəbiyyat var idi. Bu gün o tendensiya AYB-nin şəxsində davam edir.

– Bu gün idarə ediləcək bir ədəbiyyat da yoxdur…

– Ədəbiyyat yoxdur demək olmaz. Ədəbiyyat zəifləyir, ancaq heç vaxt yoxa çıxmır. Ədəbiyyat yazın gəlməsi kimi bir şeydir, onun yaranma prosesi heç vaxt dayanmır. Bir dənə gözəl hekayə, şeir yazılırsa, ədəbi proses var, ölməyib, davam edir. Məsələn, bu gün ədəbi proses 2000-ci ilin əvvələrinə nisbətən zəifdir. Amma tamamilə ölməyib. Proses gedir.

– Məncə, tale o zaman müəyyən olur ki, bu günün hər hansı bir ədibi hələ 70-80-ci illərdəki bir yazıçını keçə bilmir. Nə tiraj baxımından, nə nüfuz, nə də ki, ictimai çəki. 90-cı ildən sonra mənə bir yazıçı göstər ki, tutalım Sabir Əhmədli səviyyəsində olsun?

– Baxır hansı konteksdə yanaşırıq. Siz deyən, ictimai mövqe kontekstindən yanaşaq. Niyə bu gün 60-cılar kimi hamının tanıdığı nüfuzlu yazıçılar yetişmir? Bunun əsas səbəbi odur ki, ədəbiyyatı idarə edən dövlət yazıçıların içindən istədiyini seçib, ad, nüfuz, vəzifə verməklə onu qaldırır, təbliğ edib tanıdır, lazım olanda istifadə edirdi. Elçin müəllim özü etiraf edir ki, 60-cıları Heydər Əliyev müdafiə edirdi.

– İndi elə edin ki, sizi də İlham Əliyev müdafiə etsin…

– Hazırda biz azad dövrdəyik və dövlətin ədəbiyyatı müdafiə etməsinə əşhədü ehtiyac yoxdur. Bu, Sovet dövründən qalma bir ənənədir. Əksinə, biz dövlətçilikdən yox, hakimiyyətdən müəyyən məsafədə dayanmalıyıq. Sizin dediyiniz o dövrdəki ictimai mühit də məqsədli şəkildə yaradılmışdı. Nüfuzlu dediyimiz yazıçıların əsərlərini bu dəqiqə heç kim alıb oxumur. Fikrət Qocanın da şeirini paylaşaq, Şəhriyar del Gəraninin şeirini də. Kimi oxuyacaqlar? Fikrət Qocanın xalq şairi titulunun, AYB katibi postunun onun mətninə ciddi köməyi dəymir. Əksinə, bu ona həmişə mane olur. Mətnləri titullardan aralayıb müstəqil şəkildə cəmiyyətə buraxsaq, gənclərin daha güclü olduğunu görəcəyik. Murad Köhnəqala, Həmid Herisçi, Salam Sarvan, Rasim Qaraca, Xanəmir, Aqşin 60-cılar nəslindəki şairlərdən əskik deyil. Hətta deyərdim ki, artıqıdr. Hakimiyyətin müəyyən adları seçib məqsədli şəkildə qaldırması siyasi maraqlara xidmət edir. Dünyada modellər var. Elə Türkiyəni götürək. Orada yazarlar cəmiyyəti olsa da, bizim kimi yazıçıları birləşdirib büdcədən onlara ianə vermirlər. Yazıçılar Birliyi institutu 30-cu illərdən qalma, zamanını keçirmiş bir şeydir. Azərbaycanda olmalıdır pen klublar, müxtəlif azad ədəbi təşkilatlar. Onlar layihələr verməli, dövlət də dəstək olmalıdır. Vəsait titula, nüfuza, odren-medala yox mütərəqqi layihələrə verilməlidir. Bax, eyni sualı mən sənə verirəm: “Qafqazinfo” niyə “Azərbaycan” qəzetindən nüfuzlu deyil?”

– Nüfuzludur…

– Mən də düşünürəm ki, bizim ədəbiyyat daha nüfuzludur. Yəni sənin “Azərbaycan” qəzetindən əsas fərqin odur ki, daha azadsan, yaxşı yazılara, operativ xəbərlərə daha yaxşı qonorar verməklə saytın oxucu kütləsini yaradırsan. Ancaq “Azərbaycan” qəzetini dövlət özü müəyyən bir mərtəbədə brend olaraq saxlayır. Onu oxucuların ixtiyarına buraxsan özünü yaşada bilməyəcək.

– Təşkilatları qoyaq bir kənara, niyə kütləvi marağa səbəb olacaq əsərlər yoxdur? Ədəbiyyat onda ədəbiyyat olur ki, onu bütün kütlə oxuyur, sərhədləri keçə bilir. Xalid Hüseynini, Orxan Pamuku kim müdafiə edib, bu uğuru qazanıblar?

– Azərbaycanda Xalid Hüseyni kimi istedadlı adamlar var.

– Məsələn…

– Məsələn, Səfər Alışarlı.

– Səfərin də vətəni işğal olunub, Xalid Hüseyninin də. Bəs niyə ortada əsər yoxdur?

– Bunun bir çox səbəbi var. Səfər Amerikada yaşamır, ingiliscə yazmır.

– Aqil Abbas Qarabağdan “Dolu” romanını yazıb, Xalid Əfqanıstandan “Çərpələng uçuran”. Məzmun, tale eynidir. Mən hesab etmirəm ki, Aqil Abbas “Dolu”nu “Çərpələng uçuran” kimi yazsaydı, heç kimin dəstəyi olmadan ingilis dilinə tərcümə olunardı.

– Hansısa əsər “Çərpələng uçuran”dan yaxşı ola bilər, ancaq tanınmaya bilər. Dil faktı çox önəmlidir. Xalid Hüseyninin yazdıqları həm də Amerikanın əlində Talibana qarşı vasitədir.

-Yaxşı, xarici dili qoyaq bir kənara, bəs öz dilimizdə niyə məşhur ola bilmir?

– “Dolu” kifayət qədər oxunub və bu əsəri yerli ədəbiyyat üçün hadisə hesab edə bilərik.

– Axı, min tiraj elə bizim öz ətrafımızdır. Lap elə on min tiraj olsun. Bizim oxumağımız hamı demək deyil. Yusif Səmədoğludan sonra indi Qulu Ağsəs “Ulduz” jurnalının redaktoru olub. Bax bu iki baş redaktoru müqayisə edə bilərik?

– Qətiyyən. Qulu zəifdir. Redaktor kimi də, ədəbiyyatçı kimi də, yazar kimi də. Ancaq bu gün Yusif Səmədoğlunun olması da lazım deyil. Rusiya ədəbiyyatını götürsək, bu gün Qorki böyüklüyündə yazıçı var? Yoxdur. Axtarmayın. Dövrün öz reallıqları, prinsipləri var. Mənim də gözəl hekayəm ola bilər. Bu, Yusif Səmədoğlunu istisna etmir ki. O deyilən tiraja ulaşmaq məsələsi təkcə yazıçı ilə bağlı deyil. Məsələn, mənim kitabım çıxıb, rayonlardan onlarla müraciət olur, amma onlara kitab çatdıra bilmirəm. Çünki, mağaza yoxdur. Sovet dövründə belə deyildi. Yazıçının emalatxanasından şəxsi və kütləvi kitabxanalara qədər böyük bir sistem vardı. Düzdü, bu sistem bazar tələbləri ilə qurulmamışdı. Alternativ də yox idi. Dövlətin təqdim etiyindən başqa oxumağa heç nə tapmazdın. Ancaq hər halda sistem işləyirdi, kitab oxucuya çatırdı. İndi nə köhnə sistem işləyir, nə də yenisi əməlli-başlı qurulub. Azərbaycan kitabı keçid dövründən keçib harasa çata bilmədi. Görünür, bunu istəmədilər.

– Bəlkə indiki yazıçılar təhsildə tədris olunmalıdır?

– Mənə təklif edilmişdi. Nəsə sonra özləri zəng etmədi. Mən də təşəbbüs göstərmirəm. Mənim tanınmaq, xaricə çıxmaq, Azərbaycanda müəyyən bir tiraja çatmaq kimi bir məqsədim yoxdur. Sözün düzü, ona vaxt və enerjim də yoxdur.

– Bəs nə istəyirsən?

– Mən sadəcə olaraq, özümü ifadə etmək istəyirəm. Nə qədər imkanım varsa, öz içimi ifadə edib qalıcı şeylər yazmaq. Məqsədim budur.

– Hədəfə nail olacağına inanırsan?

– Bəli. Hər halda inanıram ki, Azərbaycan ədəbiyyatında qalan mətnlərim olacaq.

– Üstündən illər keçəndən sonra nə vaxtsa mən Nərimanov heykəlinin yerində Şərif Ağanın heykəlinin qoyulacağına inanmıram.

– Mənim məqsədim bu deyil. İstəmərəm heykəlim olsun. Niyə olmalıdır axı? Mənim heykəlim yazdığım əsərlərdir. Sən, Elbrus bəy, bir az şöhrətpərəstsən, ona görə belə düşünürsən (gülür). Fəxri Xiyabanı, heykəli neynirəm? Onlar gülməli şeylərdir.

– Axı göstəricilər var.

– Yunis Əmrənin heç qəbri yoxdur, sözü dillərdə gəzir. Fəxri Xiyabanda yüz adam var, heç çoxunun kim olduğunu bilmirik. Mənə Balaş Azəroğlunun bir şerinin adını deyə bilərsən? Amma adam xalq şairidir. Əli Kərimin isə xırda bir titulu da yoxdur. Qəbri də doğulduğu rayonda, ən sadə azərbaycanlının qəbri kimidir. Mən demirəm böyük insanlara dəbdəbəli məzar tikilməsin. Təbii ki, bu dünyanın hər yerində var. Ancaq Azərbaycanda bu bölgü dürüst aparılmır. Sənətə dəyər siyasi maraqlar naminə verilməməlidir.

– Dediklərinizlə razıyam, ancaq sizin dediyiniz ədəbiyyat ictimai nüfuza çevrilə bilmir.

– Ədəbiyyatı oxucu ilə rahat buraxmaq lazımdır. Əfsuslar olsun ki, Yazıçılar Birliyi də, Mədəniyyət və Turizm Nazirliyi də bu prosesə mane olur. Nəinki kömək eləmək… AYB azad, əqidəli yazıçının yetişməsinə imkan vermir. Adi, sadə tənqidi belə bağışlamırlar. Heç siyasi arenada tənqidə bu qədər aqressiya yoxdur. Hakimiyyətin də min qayğısı var və onun üçün azad bir yazıçının yetişməsi, tanınması maraqlı deyil. Əlavə başağrısıdır. Hakimiyyətlərə əl quzusu olan qələm adamları lazımdı ki, istəyəndə susudura, istəyəndə danışdıra bilsin. Halbuki, cəmiyyəti heç bir şərt altında həqiqi sözü qurban etməyən adamlar gələcəyə aparacaq.

– Özünü bu adamlardan sayırsan?

– Bəli.

– Bəs məqsədə nail olmaq?

– Cəmiyyət olaraq aqibətimizdən narahatam. Amma dünya təcrübəsi var ki, məsələn, Fransa da bizim keçdiyimiz etapları keçib. Əgər biz bu gün “Qafqazinfo”da oturub “doğru söz olmalıdır, doğrunun arxasınca getmək lazımdır” ifadələrini işlədiriksə və sən onu verirsənsə, bu sənin nəyinsə xatirinə etdiyin yanlışların çoxunu kompensasiya edir. Bir zərrə haqqın başına min yalan dolana bilər. Hətta yalanı bəsləyən də həqiqətdir. Həqiqət olmasa nəyisə gizləməklə heç kim, heç nə qazana bilməz. Həqiqət olmasa satmağa bir şey olmaz. Həqiqət satılsa da, tapdansa da o, heç vaxt itmir. Sadəcə insan bu alqı-satqı işində özünü rüsvay edir. Rüsvayçılığın bədəli isə var-dövlət və şöhrətdir.

– Özünü siyasi sferada necə görürsən?

– Siyasət sevmədiyim bir sahədir. Özümdən asılı deyil, nə dünyada, nə də Azərbaycanda siyasətçilərin heç birinə inanmıram. Uzaqdan, film kimi izləmişəm siyasi hadisələri. Bir yazıçıya lazım olan qədər maraqlanmışam. Təəssüf ki, bu film bizim həyatımıza təsir edir. Böyük bir yazıçının həmişə məqsədyönlü yaşayan bir siyasətiçinin əlində aciz qalması, bəzən onun qəzəbinin qurbanına çevrilməsi tarixin ən böyük haqsızlıqlarındandır. Hüqonu Napoleondan yüz qat böyük şəxsiyyət sayıram. Eyni zamanda Bulqakovu Stalindən, Cavidi Bağırovdan. Amma nə edək ki, daş cəhaviri sındırır.

– Allahşükür Paşazadədən bir dəfə soruşdum ki, din siyasətdən ayrıdır, ancaq siz siyasətlə də məşğul olursuz. Qayıdıb dedi ki, heç nə siyasətdən ayrı deyil.

– Mən şeyxülislamı daha çox siyasətçi hesab edirəm. Seçki təşviqatı başlamamış dindarları və müsəlmanları özünün dəstəklədiyi namizədə səs verməyə çağırmaq siyasətin ta kəndisidir. Üstəlik konstitusiyanı pozmaq yolu ilə məşğul olmaqdır. Ana qanunumuza görə din siyasətə qarışmır, ancaq şeyxülislam göstərir ki, qarışır, lap anasını da ağladır.

– Azərbaycan cəmiyyətində dinlə bağlı müəyyən həssaslıq var. Gah bizim toplumda “nurçuluq” , gah “vəhabiçilik”, gah da “İŞİD” təhlükləri görürük. Nə baş verir? Yazıçının müdaxiləsi olmalıdır, ya yox? Yoxsa hər şeyi dövlət, hakimiyyət müəyyənləşdirməlidir?

– Hər kəsin öz işi var. Yazıçı yazısını yazır, camaatın dinə gedib-getməməsinə hər hansı təsir göstərmək məqsədi güdmür. Quran poetik dillə yazılıb. Bu kitabın içindən həm insanı öldürmək, həm də sevmək məntiqini çıxarmaq olar. Poetiklik müxtəlif cür yozula bilir. Bir ayətullah İranın, bir müfti Türkiyənin, bir müctehid Ərəbistanın məqsədləri üçün istifadə edir. Görünür, heç dünyanın özündə də din və siyasət arasında ciddi sərhəd yoxdur. Bu dəqiqə gedib soruşsan, İŞİD-in bir alimi baş kəsmələrini ustalıqla əsaslandıracaq. Ümumi demək istəyirəm ki, Azərbaycandakı qruplaşmaların ən təhlükəlisi radikal din xəttidir. Onların əlinə fürsət düşsə vəziyyəti düzəlmək mümkün olmaz. Onlar beyin yox, hisslərlə hərəkət edirlər.

– Onlara qarşı nə tədbir görmək lazımdır?

– Kiminsə səmimi inancına əl uzatmadan qanun çərçivəsində tədbir görülməlidir. Birdəfəlik anlamalıyıq ki, biz hüquqi dövlətik və ana kitabımız Quran yox, konstitusiyadır.

– Ramil Usubovun Nardaranda keçirdiyi əməliyyatı dəstəkləyirsən?

– Açığı, bu məsələni elə dərindən izləyə bilməmişəm. Siz də təsdiq edərsiniz ki, informasiya qıtlığı var. Hər halda dövlətə, dövlətçiliyə qarşı nəsə varsa, müdaxilə olunmalıdır. Başqa yolu yoxdur. Bir yandan da torpaqları işğal altında olan ölkənin polisinin öz vətəndaşının üstünə zirehli maşınlarla getməsi ürək ağrıdan haldır.

– Mənə elə gəlir ki, siz işğaldan doğulmuş yazıçısız…

– Bu taledir. Özümdən asılı deyil. Mənim üçün ədəbiyyat içimin ağrısını yazmaqla bölüşməkdir. Ancaq bunu müasir nəsr tələblərinə uyğun etməyə çalışıram ki, qalıcı olsun. Həm də nəsrdə səriştəm daha yüksəkdir.

– Qarabağla bağlı prosesin sonunu necə görürsüz?

– Mən Qarabağ problemi haqqında çoxdan demişəm ki, həll olunmayacaq. Dünyanın hər yanında problemlər var və on illərlədir həll olunmur. 20 il yaşamışıqsa, 20 il də yaşayarıq. O torpaqları heç görməyən bir nəsil yetişib artıq. Qarabağın həlli istiqamətində ciddi məqsədlər də görmürəm. Oralardan əlimi üzmüşəm. Açığı, mənə o qədər də maraqlı deyil. Yazılarıma fikir versəniz, görəcəksiz ki, mesajım kəndimə qayıdıb xoşbəxt olum kimi sadə deyil. Bizim Qarabağın alınmasına qədər həll olunası çox ciddi problemlərimiz var. Onlar daha taleyüklüdür. Çünki Qarabağın azad olunması da o problemlərin həllinin içərisindədir.

– Şərif Ağayar evdə necə biridir?

– Evdə qaraqabaq deyiləm. Deyib-gülürəm, uşaqlarla zarafatlaşıram. Çoxu məni qaraqabaq hesab edir. Bəzən tanıyanlar, xüsusən xanımnlar çox ciddi, hətta zəhmli göründüyümü, söz deməyə çəkindiklərini söyləyirlər. Tanıyanlar bilir, o cür deyiləm.

– Evdə kim olduğunu bilirlər?

– Yoldaşım ədəbiyyat müəlliməsidir. Zövqü yaxşıdır. Onun bəyəndiyi yazıları əbədi cameədə də bəyənirlər.

– Övladların?

– İki övladım var. Biri qız, biri oğlan. Artıq böyüyüblər.

– Qarabağlı, ya bakılı balasıdırlar?

– Hər iki mühiti bilirlər. Belə deyək, qəsəbə uşaqlarıdır.

– Səni ilk dəfə əsərlərində yox, Çingiz Abdullayevlə qalmaqalda verdiyin cavablarda kəşf etmişəm.

– Çingiz Abdullayev deyir ki, təqaüd alanda bizi tənqid etmirdi. Mənim təqaüd ala-ala sizdə yazılarım gedib, baxa bilərsiniz. Çingizlə şəxsi problemim yoxdur. Sadəcə, o, təqaüdü başıma qaxanda demişdim ki, bu dövləti biz qurmuşuq, təqaüdünü də özümüz almalıyıq. Mən odun-alovun içində uşaqlığımı məhv edəndə, qohumlarımı şəhid-itkin verib ev-eşiyimi itirəndə Çingiz Abdullayev Moskvada lotu-potularla kefə baxırdı, Anar da qorxusundan qaçıb Türkiyəyə getmişdi. Son on-on beş ildə yazdıqlarımızı da insaf naminə oxucuların müzakirəsinə buraxıram. Baxsınlar. Görsünlər kim nə yazıb. Necə yazıb. Bunlar özlərini nə hesab edirlər? Fikrət Qoca Adil Mirseyidi ahıl yaşında o dünyaya evsiz-eşiksiz yola saldı, Adilin artıq ev-ailə qurmaq yaşına çatan uşaqlarının gözü görə-görə “bezdarnı” şeirlər yazan oğluna AYB-dən ev aldı. Halbuki oğlunun evi də vardı. Adilin isə ailəsi kirayələrdə qalırdı, müalicəyə pul tapmırdı. Şaiq Vəli Fikrət Qocadan on dəfə istedadlı şair və yaxşı insan olduğu halda səfalət içində can verdi. Təqaüdü də bu almalıdı, adı da, mükafatı da, üstəlik AYB-də də bu işləməlidi, övladları da yazdı-yazmadı nə lazımsa almalıdı. Bu cür əxlaqsızlıqdan sonra durub utanmaz-utanmaz deyir ki, mən olmasam Azərbaycan ədəbiyyatı məhv olar. Harda bir şərəfsiz var tutub başa çəkirlər. Elə bil qəsdinə durublar ədəbiyyatın. Cibində diktofon biri-birinin səsini yazan xəbərçilərdən ibarət “ədəbi mühit” yaradıblar. Belə mühitdə nəinki ədəbbiyyat yaratmaq, heç adamlığı saxlamaq olmaz. Bir yazıçı 30 il bir kresloda oturanda bu iyrəncliklər ortaya çıxmalıdır. Kreslo çürüyür, yenisini gətirilər, adam fərqində deyil. Heç olmasa arada qalxmaq lazımdı ki, altındakı iy-qoxu çəkilib getsin. İnsan bir özünə hörmət edər. O qədər strukturlar var ki… Vəzifəsiz dura bilmirsənsə get, başqa bir nüfuzlu yerdə işlə də. Gərək üfunətini ədəbiyyatın üstünə tökəsən? Birdən deyirlər, ölkədə bu qədər haqsızlıqlar var, gözünüz elə bunları görür. Məsələ budur ki, bunlar bu əməllərlə ədəbiyyatda məşğul olurlar. Xalq məmuru yaxşı tanıyır, nə yuvanın quşu olduğunu bilir, bunlar ədəbiyyatla masqalanıb ağsaqqal yazıçı obrazlarını qorumağa nail olurlar. Üstəlik ədəbi mühiti məhv edirlər. Cəmiyyətin murdarlıqlarından qaçıb ədəbiyyata gəlirsən, orda da Fikrət Qoca başına general kəsilmək istəyir.

– Bəlkə də ona görə Cavid Zeynallı cəsarət tapıb deyir ki, Anarın elə mətnləri var,onların altına çəkinmədən imzamı ataram…

– Cavid Zeynallı tənqid eləmişdi Anarı. Gör iş hara gəlib çıxıb ki, Cavid kimi sakit, üzüyola adam da etiraz edir. Bir yaradıcı təşkilatda 30 il oturub narahat olmayan insan heç vaxt yeni bir şey yaza bilməz. Sən mahiyyətcə yenilikçi deyilsən. Mühafizəkarsan, yeniliyə nifrət edirsən. Anar hansısa müsahibəsində Ekonun romanından misal çəkmişdi. Orada kor kitabxana müdiri obrazı var – Xorxe, ironik obrazdır, Anar fikirlərini əsaslandırmaq üçün Ekonun məzələndiyi kor və qoca Xorxedən misal çəkərək, mahiyyətcə Ekonun deyil, Xorxenin yanında olduğunu göstərmişdi. Öz italyan yaşıdının tələsinə düşmüşdü. Eko tanımaya-tanımaya Anarı ifşa eləmişdi. Halbuki Anarla yaşıd olan Eko müasir təhsil sistemini yaradanlardan biridir. Təsəvvür edirsən? Müasir təhsil sistemi hara, 30 il yaradıcı təşkilatda oturmaq hara. Bax, İtaliya ilə Azərbaycanın fərqi budur.

– Bunlara qalib gəldiyinizi düşünürsən?

– Bisiz də məğlubdurlar. İnsan vərəqdən heç nəyi gizlədə bilmir. Sən pis adamsansa, ədəbiyyatda özünü yaxşı göstərə bilməyəcəksən. Anar müsahibəsində deyir ki, mənə ədəbiyyatdan sual vermirlər. Bir az keçməmiş yalnız məzuniyyət vaxtı geniş yaradıcılıqla məşğul olduğunu etiraf edir. Məzuniyyət ildə bir dəfə, cəmi bir ay olur. 11 ay məmurluqla məşğuldur, istəyir, ona gördüyü bivec işlərdən yox, ədəbiyyatdan sual versinlər. İştaha bax e. Ədəbiyyatın yaranması üçün yaxşı mühit lazımdır. AYB nəinki bu mühiti yaratmır, hətta cavanlara, azad insanlara mane olur. Anar bütün o 11 ayını azad gəncliklə mübarizəyə, onu məhv etməyə xərcləyir.

– Bir yazar facebookda hər gün 10 status yaza bilər?

– Məncə yazmaz. Yaxşı hal deyil. Amma facebookun müsbət tərəfləri də çoxdur. Misal üçün, son vaxtlar xeyli marağa səbəb olan “Şəkil” hekayəsi əvvəl status kimi yazılmışdı, sonra hekayəyə çevirdim.

– Facebookdan sonrakı mərhələni necə görürsüz?

– “Black Mirror” adlı ingilis serialı var, anti-utopik mözvudadır. Texnikanın gələcəyi barədə qorxular vəd edir. Biri-birini sevən cütlük gözlərinə aparat qoyub, gördüyü bütün hadisələr yaddaşdadır, istəyəndə geri yığıb elə gözlərindəcə baxa bilirlər. Bundan sonra xatirələr lazımsız yükə çevrilir, keçmişi təfərrüatı ilə təzədən incələmək ehtirası onların həyatını rəsmən məhv edir. Texnikanın amansız nöqtələrə gətirib çıxaracağı haqqında bədbin proqnozlar çoxdur. Mən konkret nəsə deyə bilmərəm, amma inkişafın tempindən vahimə hiss edirəm. Ədəbiyyatın missiyalarından biri də elə bax bu elektron dünyada, hisslərin tamamilə korşalmağa doğru getdiyi bir zamanda insanlığın unudulmasına imkan verməməkdir. İnsan duyğularından, onun uca hislərindən, həqiqət sevdalarındn kənarda ədəbiyyat təsəvvür eləmirəm.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …

Bir cavab yazın