Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Elçibəylə Surət Hüseynov qohum idi”– Müsahibə

“Elçibəylə Surət Hüseynov qohum idi”– Müsahibə

Azərbaycanın yaxın tarixinə nəzər salmaq, ölkəmizin hansı sınaqlardan keçdiyini anlamaq və bu məlumatları tarix üçün saxlamaq məqsədi ilə Azərbaycana rəhbərlik edən 5 şəxsin həyatının mühafizəsində önəmli rol oynayan Əzizağa Süleymanovla görüşüb müsahibə almaq qərarına gəldik. Dövlətin bir nömrəli şəxslərinin həyatını mühafizəsini təşkil edən adamlar müstəqilliyimizin ilk illərində həm də Qarabağ cəbhəsində sözünü deməyi bacarırmışlar. Milli Qvardiyanın polkovniki Əzizağa Süleymanov müstəqil Azərbaycanın prezidentlərini mühafizə etmək üçün qvardiyanın yaradılmasında, Qarabağ savaşında, iyun qiyamının yatırılması üçün təşkil olunmuş əməliyyatda şəxsən iştirak etmiş Azərbaycanın dövlət maraqlarını qorunmasında rol oynayan adamdır.

Etatist.com-un müsahibi Xalq hərəkatı illərindən müstəqillik tariximizin ən önəmli hadisələrinin şahidi və iştirakçısı, Müstəqil Azərbaycana rəhbərlik edən 3 prezident və 2 prezident səlahiyyətini icraçısının mühafizəsinin təşkilində xidməti olan Milli Qvardiyanın keçmiş komandiri Əzizağa Süleymanovdur.

Müsahibənin dördüncü – sonuncu hissəsini təqdim edirik:
Əvvəlini burdan oxuya bilərsiniz (“Bilirdim ki, iyun qiyamı hazırlanmış bir şeydir”)

“Silahların onlardan necə alndığını, əsgərləri və zabitləri Surətə necə təhvil verdiklərini danışdılar”

– Sizə qarşı hansısa fiziki təzyiq oldu?
– Bunların arasında Nüsrət Budaqov adlı şəxs var idi. Bu əlində TT tapançası ilə mənə yaxınlaşdı, dedi ki, bu sənin nazirin Qalib Məmmədovun tapançasıdır. Bunu deyəndən sonra tapança ilə başımdan vurdu. Zərbə tutdu məni. Onda araya “Zobik” girdi, dedi ki, “Heç kim ona burda bir söz deyə bilməz. Onu mən gətirmişəm, mən də ona cavabdehəm”. Doğurdan da pis olmuşdum. Surət İsgəndər bəyin yanında dediyi sözü təsdiqləmək üçün qayıtdı ki, “sənə dedim axı toqquşacağıq, gördün, kimin əvvəli, kimin axırı”. Dedim “bunu bilmək olmaz hələ”. Əmr verdi ki, məni aparıb zabitlərin yanına salsınlar. Tapşırdı ki, heç kim mənə bir söz deməsin. İçəri girəndə gördüm ki, Milli Qvardiyanın zabitlərinin hamısı ordadı. Orda mənə silahların onlardan necə alındığını, əsgərləri və zabitləri Surətə necə təhvil verdiklərini danışdılar. Hamısını…

– Tahir Məmmədov necə öldürüldü?
– Məni aparandan sonra hökumət qüvvələrini, Tahiri mühasirəyə alırlar, danışığa başlayırlar. Danışıqda şərt kəsirlər ki, “Gəncədən sakit çıxsanız, sizə dəyməyəcəyik”.

– Onlar da razılaşırlar?
– Razılaşdılar.

“İxtiyar Şirinovu yenidən Surət Hüseynova təhvil verdilər”

 

– Deməli Əzizağa Süleymanov əsir götürüləndən sonra, şərtlər tamam dəyişildi…

– Tahir başına vurur ki, mən Əzizağanı təhvil verməklə böyük səhvə yol verdim. Sürətgil danışıqlardan istifadə edib mühasirənin dairəsini daha genişləndirdilər. Beləliklə, bizi təhvil verdilər.

Tahir danışıqlarda deyir ki, “mən ölərəm amma baş prokuror İxtiyar Şirinovu sizə vermərəm”. İxtiyar Şirinovu bir də bizim uşaqlardan ikisini ordan çıxardır, taksi ilə yola salır. Gəncədən çıxandan sonra, İxtiyar Şirinov bizim uşaqlara deyir ki, “siz gedin, mən özüm gələcəm”. Gedir başqa yerdə, orda bunu tutub yenə Surətə təhvil verir.

“Elçibəylə Surət Hüseynov qohum idi”

– 1993-cü il Azərbaycanın çox ağır vaxtları idi. Siz o proseslərin iştirakçısı kimi deyin, iyun qiyamı yatırıla bilərdi? 
– Göydə. Heç bir çətinlik yox idi. Əvvəlcə mən sənə deyim ki, Elçibəylə Sürət Hüeynov qohum idi. Əmi nəvəsi idilər…

– Bəs niyə indiyənə kimi heç kim yazmayıb bunu?
– Elçibəyin ətrafındakı adamlar bunda maraqlı idilər…

– Deyirsiz qiyam yatırıla bilərdi. Bəs əməliyyatın uğursuz keçirilməsinin günahkarı kim idi?
– Milli Təhlükəsizlik naziri heç bir səlahiyyətə sahib deyildi. Milli Qvardiyanın komandanı da səlahiyyət sahibi deyildi. MTN başdan-ayağa Xalq Cəbhəsi idi, AXC iclasında bunlar iştirak edirdi. Prezidentə bütün hesabatı bunlar verirdilər.

– Bu əməliyyatın uğursuz olmasının səbəbkarı kim idi?
– Pənah Hüseynov… Sülhəddin Əkbər birbaşa günahkardır. Mən yazandan sonra Sülhəddin dedi ki, “mən ora özbaşına getmişdim, Elçibəyin xəbəri yox idi”. Necə olur bu?

– Qəhramanlıq etmək istəyirdilər?
– Füzulidə də gəlmişdilər bunlar. Sonra yazdılar ki, “milli təhlükəsizlik naziri Füzulidə əməliyyat keçirdi, erməniləri qırdı”. Sülhəddin beş-altı qohumunu da yazmışdı ki, guya onlar da əməliyyatda iştirak edib. Mən də götürdüm bir yazı yazdım ki, “gəl Allahı qoy başının üstünə, and iç ki, sənin bir qohumun bu dağların ətəyinin birini görüb. Görübsə sənə hər şeyi keçirəm”. Ayıbdır, uşaqların haqqını yemək olmaz. Qarabağ da alınacaq, hər şey qayıdacaq və açılacaq. Amma haqqı olan insanların haqqını yeməsinlər.

“Surət Hüseynovu tutdum…”

– Heydər Əliyev hakimiyyətə gələndən sonra necə oldu? İstər Prezident Qvardiyasında, istərsə də Dövlət Mühafizə Xidmətində…
-1994-də Surəti də tutdum.

– Siz özünüz şəxsən tutdunuz?
– Bəli. Kimin əvvəli, kimin axırı… Əməliyyatı da özüm qurdum. İclasa da mən apardım.

– Heydər Əliyevlə Surət Hüseynov arasında söhbət olan iclasa?
– Bəli. Həmin iclasın əməliyyatı barəsində susurlar, heç nə demirlər. “Alfa” dəstəsi əməliyyat keçirib, onu apara bilməmişdi. Bu, Vaqif Axundova tabe olan dəstə idi, Surəti onlar götürməli idi. Surət 100 nəfər silahlı dəstə ilə Nazirlər Sovetinə gəlib, bunların hamısını tərki silah edib zərərsizləşdirmişdi. Mən isə onu Prezident Aparatında tutdum. Əməliyyat qurdum, Surət Hüseynov Prezident Aparatına girən kimi, qapını bağlayıb silahlı dəstəklə rabitəni pozdum və tutdum Surəti. Dəstəsi qaldı çöldə. Hay-küy salanda yuxarıdan dedilər ki, “tərpənməyin”.

– Nə dediniz Surət Hüseynova?
– Dedim ki, görürsən, “kimin əvvəli, kimin axırı. Allah qapını açsın” (gülür). Mən onda bilmirdim ki, belə edəcəklər. Onu bir də mühafizə rəisini tutub, təhvil verdim, çıxartdılar yuxarı…

– Heydər Əliyev gələndən sonra, komandanlıq məsələləri düzəldi?
– İlk dəfə, Heydər Əliyevin Milli Qvardiyanın qarşısında çıxışını təşkil edən də mən olmuşam. Biz ordan-burdan pul yığıb şəhid Əfqan Hüseynovun heykəlini düzəltdirmişdik. Heydər Əliyev o heykəlin açılışında iştirak etdi və ona dedim ki, “sizin burda olmağınız Gəncədə həlak olan 13 nəfərə ehtiramdır”.

– 1993-cü ildən Dövlət Mühafizə Xidməti yarandı, siz orda hansı vəzifəni tuturdunuz?
– Mən onda mühafizə xidmətinin rəisi idim – tabor komandiri. Qvardiyanı ləğv edib, verdilər DMX-nin tərkibinə. Milli Qvardiyanın komandanı qaldı, bir də tabor sistemləri.

– Neçə tabor var idi?
– 3 tabor idi – Mühafizə Taboru, Mərasim Taboru, Təchizat taboru. Mühafizə taborunun rəisi mən idim.

“Vaqif Axundov mənə dedi ki, “burda oturanların heç birini sənin kəsik dırnağına dəyişmərəm””

 

– Neçənci ilə kimi işlədiniz?

– 1995-ci ilin dekabrın birində məni vəzifədən götürdülər. 3 ay sərəncamda saxladılar, sonra qvardiyanın əlilləri prezidentə qəzet vasitəsi ilə müraciət etdilər mənim haqqımda. O zamanlar “Naxçıvan” qəzeti dövlət qəzeti idi. Elə “Naxçıvan” qəzetində “Milli Qvardiya əlillərinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti” adı ilə böyük bir başlıqla yazı getdi. Saat 10 tamamda böyük həyacanla məni çağırdılar ki, bəs Heydər Əliyev səni qəbul edəcək. Rəis Vaqif Axundov getdi prezidentin qəbuluna girdi, general Cəbrayıl Yusubovla mən gözlədik. Hələ işə getməmişdi. Bizi qəbul etdi. Yarım saatdan sonra Vaqif Axundov çıxdı ki, gedək.

Onda demişdilər ki, guya prezidentə müraciəti mən təşkil etmişəm. Üstündən neçə il keçib, mənim o işdən xəbərim olmayıb.

Bu müraciətlə bağlı təhqiqat aparılmışdı. Müavinlərin biri – Təhqiqat idarəsinin rəisi sənədləri Vaqif Axundovun qarşısına məruzə edəndə dedi ki, “müraciət yazanları çağırmışıq, söhbət etmişik. Onlar 6 nəfər olub, ancaq biz 5 nəfərini tapa bilmişik. Hamısı deyir ki, müraciəti biz ünvanlamamışıq”. Axundov sənədləri götürdü, dedi “adam kişi olar. Onların hamısı ilə mən də söhbət etmişəm. 5-də deyir ki, müraciəti biz yazmışıq və Əzizağanın xəbəri yoxdur”. Vaqif Axundov sənədi cırdı, qayıtdı. Mənə də dedi ki, “burda oturanların heç birini sənin kəsik dırnağına dəyişmərəm. Dur get, vəzifəni verəcəm”.

– Vəzifə verdi sizə?
– Verdi amma mən qəbul etmədim. Mənə təchizatın rəis müavinliyini verdi.

– Bu rütbədən vurulmaq demək idi?
– Mən döyüş zabitiyəm, gedib, alt paltarı ilə məşğul olmağım düzgün deyil. Balaca vəzifə də deyil, polkovnik vəzifəsi idi. Amma mən dedim yox.

Mənimlə bərabər qərargah rəisi də sərəncama götürülmüşdü. O, vəzifədən imtina edəndə məni şəxsi mühafizədə baş zabit verdi.

– Neçənci ilə qədər o işdə işlədiniz?
– Axıra qədər. Sonra “Betta” dəstəsində komandir işləmişəm, təqaüdə çıxana qədər vəzifədə olmuşam.

– Siz müstəqil Azərbaycan tarixinin ən qalmaqallı dönəmlərində proseslərdə olmusunuz…
– Mən birbaşa proseslərin içində olmuşam. Bir var xidmət kimi, bir də var hadisələrin içində olasan. Mən hadisələrin içində olmuşam. Özümdə həmişə bir siyasi meyillilik hiss etmişəm. “Zabitlər cəmiyyəti”ni yaradanlardan biri olduğumu demişdim…

“Neçə dəfə postda Rəhim Qazıyevi tutdurmuşam”

– Bayaq siz Gəncə əməliyyatında saxlanılmağınızdan danışanda mənə təsir etdi. Sizə xəyanət etdiklərini düşündünüz?
– Yox. Mən dedim ki, mən bu hadisəni qabaqcadan bilirdim. Mən Gəncədə olmuşdum. Gəncəyə gedib-gələnləri də bilirdim. Neçə dəfə postda Rəhim Qazıyevi tutdurmuşam, Nemət Pənahovu, Etibar Məmmədovu saxlatdırmışam. Onlar Surətin atasının hüzrünə gedirdilər. Nə qədər deputat gedib-gəlirdi…

– Siyahı hazırlanırdı?
– Hər şey hazırlayırdıq…

– Bəs bunları prezidentə məruzə edirdiniz?
– Hamısını edirdik, yuxarılara yazıb göndərirdik. Onlar çatdırırdılar, ya yox, bilmirəm. Ordan göstəriş gəlirdi ki, toxunmayın. Etibar Məmmədov deputat idi, Rəhim Qazıyev nazir vəzifəsindən çıxarılsa da, deputat idi. Nemət Pənahovun da necə adam olduğunu özünüz bilirsiniz. Rəhim Qazıyev hər gələndə bizimlə tutuşurdu. Mən məruzə, edirdim, yüksək yerlərdən deyirdilər “dəymə, burax”. Bu birliyin yaranması haqqında məlumatlı idik. Bilirdik ki, Gəncədə nələrəsə hazırlıq gedir. O vaxt Gəncədə qurultay da keçiriləcəkdi. Burda bunlar cəmi 25 nəfər idi. Əsas qüvvə də düşür deputatların üstünə. Hamısı küçələrdə qalmışdı, deputat kimi maaş, dolanışıq, pul istəyirdi. Özləri də tanınmış adamlar idi, hakimiyyətdən getmək istəmirdilər. İndi görün, o deputatlar nə hoqqalar çıxardırdı.

“Heydər Əliyev dövlət idarəetməsinin təməlini qoydu”

 

– Heydər Əliyev gələndən sonra strukturlarda düzəliş oldu, yoxsa həmişəki kimi idi? 

– Kim nə deyirsə desin, nə yazırsa yazsın, Heydər Əliyev dövlət idarəetməsinin təməlini qoydu. Onu necə elədiyi mübahisəli məsələdir. Amma dövlət idarəetməsinin təməlini qoydu. Bizim evimizi yıxan şaxsey-vaxsey idi. Şuşada öldü, Şuşada basdırmadıq ki, valideyinləri qədrini bilmədi, götürdük gətirdik Şəhidlər xiyabanına, hamımız şaxsey saldıq. Biz torpağımızı unutduq. Şəhid o adamdır ki, öldüyü yerdə basdırılsın. Yaddaşlarda yaşamaq üçün. Şeyx Cüneyidin atası Şah olmuşdu, amma onun qəbri Qusardadır. Onu apara bilməzdilər? Ölən sərkərdənin, döyüşçünün qəbri öldüyü torpaqda da qalmalıdır. Bir komandir kimi sizə deyim: bir var güllə yarası almaq, bir var mərmiyə düşmək. Komandir nəzəri ilə istənilən adam otursun qabağımda, ona sübut edim ki, sən döyüşəndə yox, “cıvı” edəndə düşmüsən. O ruhda olan insanlar bizi hörmətdən salırlar. Orda bir çadır qururlar, burda birini. Elə bil ki, biz Qarabağı aldıq, qaldı bir dənə dolanmamağımız. Tələb var idi, düzdür. Onları da yerinə yetirməlidirlər amma bu dərəcədə ifrat olmamalıdır. Bu hörmət itirmək deməkdir. Bu gün biz bu hörməti yığa bilmirik. Mən bu yaxınlarda bir verlişdə nazirlərə müraciət etmişəm. Dedim ki, siz bizim sayəmizdə bu gün dövlətdə vəzifədəsiniz. Sən necə xidmətləri olan, döyüşən insanları siyahıya salıb, kömək edib ailəsini sevindirə bilmirsən.

– Vaqif Axundovla sonuncu dəfə nə zaman görüşmüsünüz?
– Bir dəfə o danışdığım mövzuda, bir də heç vaxt. İşdən çıxandan sonra bir dəfə mətbuat konfransı keçirtmişəm. Qvardiyanın bir zabit, bir əsgər, bir də gizirini Şamaxıya gedəndə maşın vurub öldürmüşdü. Konfrasda onunla bağlı idi. Mən də çıxdım dedim ki, bunlar o yolda nə gəzir? Hansı nizamnaməyə və ya xidmətə görə bu yoldadır ki, onu da keçən maşın vursun. Yəni, xidmət düzgün təşkil olunmayıb.

– Sizin vaxtınızda belə bir şey olmuşdu?
– Mənim vaxtımda heç vaxt. Mənim vaxtımda, şaiyə buraxmışdılar. Anası əsgərə məktub yazır ki, oğlum həkim deyir ki, bu həftə səni görə bilməyəcəm. Xəstə idi. Komandirinə yaxınlaşıb – həmin komandir, indi korpus komandirin müavinidir, məndə bölük komandiri idi – komandiri də buraxıb uşağı evə. Gedib anası ilə görüşüb, gəlib, səhər bunu yazıblar qarovula. Qarovul zamanı Prezident Aparatının qarşısında uşaq özünü vurur. İndi mənim burda nə günahım var? Mənim belə 6 bölüyüm var idi. Cəza heç kimə yox, birbaşa mənə gəldi. Sərəncama götürülməyimin birbaşa səbəbi bu idi. Onda Heydər Əliyevlə görüşəndə o əlini mənim çiynimə qoyub demişdi ki, “mən səni tanıyıram”. Heydər Əliyev döyüş kasetlərimə də baxmışdı. Heydər Əliyev Gəncədə türmədən çıxarılıb gətirilməyimə də səbəbkar idi.

– Heydər Əliyevlə münasibətiniz, görüşünüz olub?
– Onu deməyəcəm (gülür). Bir dəfə bayaq dediyim heykəlin açılışında onun qarşısında çıxış eləmişəm.

– Əzizağa müəllim, gəldiyiniz üçün çox sağ olun.
– Siz də sağ olun.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …

Bir cavab yazın