Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Dünya / “Cərimələrin 100 manat olması məni çox sevindirdi” – “İrəli” sədri

“Cərimələrin 100 manat olması məni çox sevindirdi” – “İrəli” sədri

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun “Qafqazinfo”ya müsahibəsi

– Ölkə gənclərinin hazırda bir sıra problemləri mövcuddur. Sizin təşkilata gənclər ən çox hansı problemləri ilə bağlı müraciət edirlər?

– Bizim gənclərlə görüşlərimiz hər gün baş verir. İndi biz desək ki, tam ideal cəmiyyətdə yaşayırıq, bu mümkünsüzdür. Azərbaycan gənclərinin də müəyyən problemləri var. Sosial, məşğulluq, yeni iş yerlərinin qazanılması, mədəni təhsil sahələrində problemlər mövcuddur.

– Son vaxtlar qrup şəklində gənclər hansısa problemi ilə bağlı sizə müraciət edibmi və onun həllinə nail olmusunuz?

– Dövlət İdarəçilik Akademiyasından bir qrup tələbə bizə mədəniyyətlərarası dialoqda gənclərin rolunun müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdi. Təlim keçirilməsinə təşəbbüs etdilər. 5 nəfərlik komandaları böyüyərək 50 nəfərlik komandaya çatdı. Biz onların təşəbbüsünə dəstək verdik və bizim təlim zalımızda texniki imknalardan istifadə edərək öz ideyalarını reallaşdıra bildilər. Autizm, idman layihələri ilə bağlı təşəbbüslərə də ciddi dəstək vermişik.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov iclasların birində gənclərin ən çox işsizliklə bağlı onlara müraciət etdiyini demişdi. Günün reallığı baxımından yanaşsaq, yəqin ki sizin təşkilata da ən çox bununla bağlı müraciət edirlər…

– Bu tipdə müraciətlər bizə daha çox olur. Bu da kadr potensialının düzgün qiymətləndirilməməsi meyarıdır. Bu gün universiteti 500 nəfər tələbə bitiririsə, bizim 500 iş yerimiz yoxdur. Onlar evlənmək, digər sosial problemlərini həll etmək istəyirlər. Amma burada gənclərin üzərinə də böyük məsuliyyət düşür. Mən onların hamısını ilk əvvəl təcrübə qazanmağa dəvət edirəm. Universitet illərini çayxanalarda keçirən tələbələr də var. Onlar elm potensiallarına heç bir investisiya qoymaq istəmir. Sonra da deyirlər ki, işsiz qalmışıq. Ancaq xaricdə oxumuş, kifayət qədər biliyi olan gənclərin də işsizlik problemi də var. Belə olanda biz onları dəvət edirik, hansı problemlərinin olduğunu soruşuruq.

– Bu yaxınlarda “Qafqaz” universiteti bağlandı. Həmin universitetin tələbələri ilə, onların nə istədikləri ilə bağlı maraqlanmısınızmı və ya sizə müraciət ediblərmi?

– Bizə tələbələrin belə bir müraciəti olmayıb. Ancaq bu proses bir universitet tələbəsi üçün çox çətindir. Oranın təhsilinə, mövcud gedişata öyrəşmiş gənc üçün bunu bir gün ərzində universiteti dəyişmək çox çətindir. Yəqin ki bununla bağlı strategiya var. Mənim də oxuduğumu universiteti bağlayıb başqa bir yerə göndərsəydilər, təbii ki, mənim üçün də çətin olardı.

– Məsələnin əslində FETO hərəkatı ilə bağlı olduğu deyilir. Bir zamanlar sizin hərəkatda da nurçuların çoxluq təşkil etdiyi deyilirdi. Hazırda təşkilat nurçulardan təmizlənibmi?

– Bu gün ölkədə aparılan dövlət siyasəti var. Bu gün aktiv gənclər təşkilatları dövlətin apardığı siyasətin yanında olmalıdır. İstənilən ideyanın, xüsusilə nurçuluq ideyasının konsepsiyasında nəyin dayandığını biz gənclər bilə bilmirik. Məndən öncəki rəhbərliyin fəaliyyətinin necə olması məni maraqlandırmır. Bizim hədəfimizdə Azərbaycan gəncinin inkişaf meyarları dayanır. Bu gün “İrəli”dəki gənclərin hamısı cənab prezidentin apardığı siyasətə birbaşa xidmət edən adamlardır.

– “İrəli” nin hazırda maliyyə çətinliyi varmı, qrant almaqda problemlər yaşadığınız haqda məlumatlar var…

– Təşkilatın həyata keçirdiyi tədbirlərin həcmi bizdən öncəkilərlə müqayisədə qat-qat aşağıdır. Bütün sahələrdə eniş olduğu kimi, gənclər sahəsində də bu müşahidə olunur. Qrant almaqda problemimiz yoxdur. Milli donor institutları müxtəlif sahələrdə olan layihələri maliyyələşdirirlər. Əsas məsələ gənclər təşkilatlarının yenilikçi, kreativ ideyalarla çıxış etməsidir.

– Maraqlıdır ki, niyə bir gənclər təşkilatı partiyalaşmış kimi görünməlidir? “İrəli” adı gələndə hamı elə onun hakim partiyanın bir qolu olduğunu düşünür…

– Partiyalaşma yanaşması bir qədər fərqli yanaşmadır. “İrəli” dövlət qeydiyyatına ictimai birlik olaraq alınıb. Ancaq hamı bilir ki, “İrəli” də heç bir partiya asılılığı yoxdur. Bu təşkilatın üzvləri çox rahat şəkildə gələcəkdə dövlətin partiyasının üzvü ola bilərlər.

– Gənclərdə belə bir düşüncə var ki, əgər sən “İrəli” nin üzvüsünsə, bütün qapılar üzünə açıqdır…

– Məncə, bu yanlış yanaşmadır. Belə bir məqam yoxdur ki, “İrəli” üzvü olan gənc heç bir zaman işsiz qalmayacaq. Sadəcə təşkilatın üzvü olmaq dövlətin apardığı gənclər siyasətini dəstəkləyirəm deməkdir. Ola bilər ki, kimsə təşkilatda işləmək istədiyi sahə üzrə ixtisaslaşmasın. O qədər gənclər olur ki, gəlib buradaki vəziyyəti müşahidə edirlər və onlar üçün fəaliyyət istiqaməti uyğun olmur. İki il ərzində 3800 gəncin təşkilata üzv olması, 6000-ə yaxın gəncin üzvlük üçün müraciət etməsi çox yaxşı tendensiyadır.

– Məsələn, bir müsavatçı gənc “İrəli” yə üzv olmaq istəsə, qəbul edərsiniz?

– Bizdə iki cür üzvlük proseduru var. Bir şəxsən yaxınlaşıb kimsə müraciət edir və üzvlük üçün blank doldurur. İkincisi, bu elektron qaydada həyata keçirilir. Biz onlara təşkilatın həyata keçirəcəyi planlar haqqında məlumat veririk. O ki qaldı müxalifətçi gəncin dövlət gənclər siyasətini dəstəkləyən bir təşkilata üzv olması, bu artıq onların öz seçimidir. Təşkilata üzv olanda partiya asılılığını müəyyən etmək yanaşması bizdə yoxdur. Ancaq elə hallar olub ki, müraciət edən gəncin əvvəl fikirləri dağınıb olubsa, indi isə dövlətin müəyyənləşdirdiyi siyasətin yanındadır.

– Qurumların öz üzərinə düşən vəzifəni yerinə yetirməməyindən şikayətlənmişdiniz. Burada qurum olaraq, siz Gənclər və İdman Nazirliyini nəzərdə tuturdunuz?

– Şikayətimin ünvanı nazirlik deyildi. Ünvan qatıldığım tədbirlərin birində ekpsert qismində çıxış edən nümayəndə idi. Həmin şəxs aparılan proqramlar içərisində bu gün real nəticənin nə olduğunu bilmirdi. Məhz bu kontekstdə gənclərin suallarını cavablandıra bilmirdi. Buna görə təəssüflənmişdim.

– Siz bu gün müxtəlif tədbirlərdə iştirak edirsiniz. Azərbaycan gəncinin simasına baxdıqda, ilk olaraq nə hiss edirsiniz, xoşbəxtlik görürsünüz?

– Mən Avropa ölkələrində gənclərlə bağlı çox tədbirlərdə iştirak etmişəm. Mənim üçün sevindirici haldır ki, bu gün Azərbaycan gəncinin üzündə emosiya var. Avropada insanlar stabil həyat sürür. Düşünürəm ki, gənclik bu gün xoşbəxtdir. Çünki 20 il öncəki çətinlikləri görməyib. Biz bu gün ictimai- siyasi sabitliyi qorunan bir ölkədə gəzirik. Bizim evimizin altında bomba partlamır. Seçim haqqı var. İstənilən universiteti, marşrutu və ya metronu seçə bilirik. Ola bilər ki, sosial ehtiyaclarımızda problemlər olsun. Əsas odur ki, bu gün inkişaf var.

– Elə aralarında gənclərin də olduğu bir çox insanlar arasında hazırda intihar hallarının sayı artıb. O zaman intiharlar niyə baş verir? Əsgər də intihar edir, psixoloq da, yoxsulluqdan əziyyət çəkən də və s…

– Sosial vəziyyətin yaxşı və pis olmasından asılı olmayaraq bu məsələ psixoloji durumla bağlıdır. Heç nədən motivasiya almayan insan özünü intihara sövq edir. Biz intiharla bağlı ötən il yaxşı bir videorolik çəkmişdik. Orada yaxşı mesajlar var idi. Hərbi xidmətdə olan gəncin də intiharını konkret hansısa nəticə ilə bağlaya bilmərik. Ola bilər ki, yoxsulluq durumu olub, sevdiyi qızı ona verməyiblər və.s Bəlkə də valideyn qayğısından kənar olması, hərbi xidmətdə olması, çətin şəraitin olması onu intihara sövq edib. Biz hər il hərbi xidmətə getməyə hazırlaşan gəncləri cəbhə bölgəsinə əsgərlərlə görüşə aparırıq və onları ilkin olaraq buna hazırlayırıq.

– Bəlkə də indi sizin həyata keçirəcəyiniz layihələr içərisində ən aktualı bu mövzuyla bağlı maarifləndirmə işinin aparılması olardı…

– Çox yaxşı təklifdir. “İrəli” dəki layihələri sədr müəyyən etmir. Hər hansı gənc öz ideyasını deyir. Cəmiyyəti maraqlandıran problemlərlə bağlı layihələrn həyata keçirilməsi bizim üçün mütləqdir.

– “İrəli”nin ötən ildəki hesabatlarının birində filan qədər fincan, stul qırması ilə bağlı məlumatı müzakirələrə səbəb olmuşdu ki, belə də hesabat olarmı?

– Sosial şəbəkələrdə ajiotaja səbəb o oldu ki, yazının başlığı düzgün seçilməmişdi. “İrəli” nin son 6 ay ərzində 100-yə yaxın lampa dəyişməsi tənqid olundu. “Breynstorminq” deyilən bir anlayış var. Hər dəfə bir beyin ideyası “lampası” yananda insanlar oturub “breynstorminq” edir. Adını ideya lampası qoyub hesabatı da o cür təqdim etdik. Yəni bizim indiyə kimi 100-yə yaxın ideya lampamımız sınıb. Məsələ bununla bağlı idi.

– Layihələrin həyata keçirilməsi mexanizmi sizdə necədir? Bəzən deyirlər ki, QHT-lər qrant pulunu mənimsəyirlər…

– Azərbaycanda 3 minə yaxın QHT var. Bunlardan 300-yə yaxını gənclər təşkilatıdır. Artıq xarici donorlardan alınan qrantların yeni çərçivədə tənzimlənilməsinə başlanılıb. Biz həyata keçirdiyimiz fəaliyyət planları içərisində ən yaxşısını etməyə çalışırıq. Bir araşdırma nəticəsində məlum olar ki, bəzi təşkilatların adları yalnız qrant alanların siyahısındadır. “İrəli “ aldığı bütün qrantlarda layihələrini ən yaxşı şəkildə həyata keçirməyə çalışıb.”İrəli” maraqlıdır ki, yeni biznes tərəfdaşları tapsın. Elə bir gəncə rast gəlməmişik desin ki, “İrəli” udduğu hər hansı layihəni həyata keçirməyib.

– Polisin sürücünü videoya çəkməsi hadisəsini siz də qınamışdınız. Sizin də polislə aranızda insidentlər baş verirmi?

– Cənab prezident hər dəfə çıxışında ictimai qınaq problemini vurğulayır. Bu gün sosial şəbəkələrdə təmsil olunuruqsa, deməli, ictimai qınağı da facebookda yaratmaq lazımdır. Buna görə də yazılmış bir status, çəkilmiş bir video ictimai qınağın yaranmasına səbəb ola bilir. Həmin məlum videonu da qınağa çəkməli idim. Çünki bu mənim vətəndaş mövqeyim idi. Polis zabitinə bu hərəkəti yaraşdırmadım. Bu o demək deyil ki mənim sürücü olaraq polislə heç bir münaqişəm olmayıb. Bəzən öz tərəfimdən də səhvlər olub. Piyadalar üçün cərimənin 100 manat olması məni çox sevindirdi. El yerlər var ki piyada keçidi yoxdur, insanlar yoldan keçir. Amma elə yerlər var ki, keçid var, amma vətəndaş düz yoldan ortasından keçir.

– Hadisələrə reaksiyaların tez verilməsi, polisin işdən azad edilməsi sosial şəbəkələrin gücündən irəli gəlir. Siz də bir təşkilat olaraq bu şəbəkə qarşısında uduzduğunu qəbul edirsinizmi?

– Mən bu fikirlə razıyam. Ancaq bu gün sosial şəbəkə üzvü olmayan, ondan istifadə qaydalarını bilməyən insanlarımız da az deyil. Şəbəkələrdən peşəkar istifadəyə çalışmaq lazımdır. Biz də sosial şəbəkələrdə bir çox tədbirlər həyata keçiririk. Bəzən şəbəkə insanları yanlış istiqamətə aparır. Bir Azərbaycan xanımının erməniyə ərə getməsi, Mübariz Mənsimovun Trumpla fotoşopu çox müzakirə olundu.

– Məşhur bir söz var. Həyat oynamalı olduğumuz bir teatrdır. Siz də seçim qarşısındasınız, əslində o siz deyilsiniz. Mirhəsən Seyidov da seçim qarşısındadırmı və əslində o kimdir?

– Düşünürəm ki, o ideya müəllifidir. Hansısa yeni bir teatrın yaranmasına sevinən biridir. Mən heç bir zaman seçim qarşısında qalmamışam. Düşünürəm ki, elə istədiyim rolda olmuşam. Ancaq gələcəkdə daha fərqli bir prizmada özümü görmək istəyərəm.

 

Həmçinin oxuyun

Çeçenlər və dağıstanlılar arasında böyük dava – Rusiya Şimali Qafqazı belə parçalayır…

Dağıstan və Çeçenistan sakinləri arasında iki respublikanın sərhədində dava olub. «Kavkazskiy uzel» nəşrinin yazdığına görə, …

Bir cavab yazın