Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Rus bölmələrinə qorxulu axın – “Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar”

Rus bölmələrinə qorxulu axın – “Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar”

Hər bir ailə övladının xarici dildə səlis danışmasını arzulayır. Bəziləri bunun üçün kurslara müraciət edir, digərləri isə hələ uşaqkən fərdi müəllimlərin köməyindən faydalanırlar. Müşahidələrə əsasən, son illərdə rus bölməsinə müraciət edən şagirdlərin sayı durmadan artır. Orta məktəblərdə ayrıca rus bölmələrinin fəaliyyət göstərməsi də onların bu arzularının reallaşmasına şərait yaradır. Amma rus bölməsinə olan bu maraq cəmiyyəti təhlükəli tendensiya ilə üz-üzə qoyur.
Belə ki, rus bölməsində təhsil alan uşaqların əksəriyyəti Azərbaycan dilində danışa bilmir, fikirlərini izah etməkdə çətinlik çəkirlər. Məsələ burasındadır ki, uşaqlarını rus bölməsinə qoyan ailələrin bəzilərində heç kim rus dilini bilmir. Hazırda aşağı siniflərin tədris proqramlarının kifayət qədər mürəkkəbləşdiyini nəzərə alsaq, şagirdin bilmədiyi, məlumatsız olduğu bir dildə ev tapşırıqlarını sərbəst şəkildə necə hazırlaması sual doğurur. Həmçinin, onların oxuduğu sinifdə şagirdlərin 50%-i rusdilli ailələrin uşaqları olduğundan, bəzən yoldaşları ilə münasibətlərində problem yarana bilir. Bu həmin uşaqlardan daha çox, elə rus dilli uşaqların özlərinə də çətinlik yaradır, onların vaxt itkisinə səbəb olur. Rus bölməsinin ibtidai sinif müəllimi Nahidə Abbasova hazırda 3-cülərin sinif rəhbəridir. Onun sözlərinə görə, rus dili bilməyən uşaqlar 4-cü sinfə qalxdıqca azalmağa başlayır.
“Əslində, bir il ərzində rus dilini mənimsəyən şagirdlərimiz də olur. Amma ailədə rus dilini bilən olmayanda uşaq üçün çətinlik yaradır, evdə azərbaycanca, məktəbdə rusca danışması ona mane olur. Bəzən uşaqların ataları rusca bilir, anaları isə yox. Lakin bütün gününü uşaq anası ilə keçirdiyindən yenə də dili mənimsəyə bilmir. Digər uşaqlara problem yaratması baxımından isə çox da mane olmamasına çalışırıq. Açığı bəzən vaxt itkisinə səbəb olur. 1-ci sinifdə oxuyanda isə hətta şagirdlər tənəffüs zamanı bir- biri ilə ünsiyyətdə belə ola bilmirlər”.
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, burada günahı təkcə valideynlərdə görmək düzgün deyil.
“Buna səbəb mühit və təhsil sistemində yaranan vəziyyətdir. 27 ildir ki müstəqillik qazanmışıq, amma məmurların bir çoxu rus dilində danışmağı ilə fəxr edirlər. Hələ də Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar və öz uşaqlarını da əsasən rus bölməsində oxudurlar. Təbii ki, biz qonşu, nəhəng dövlət olan Rusiya dövlətinə xoş, dost münasibətdə olmalıyıq, lakin özümüzü kiçiltməklə yox…”
Ekspert, həmçinin, valideynlərin rus bölmələrinə üz tutmasının səbəblərini açıqlayıb:
“Əksər valideyn hesab edir ki, uşağı rus bölməsində oxusa, o, daha keyfiyyətli təhsil alacaq. Həm öz dilini, həm də rus dilini biləcək ki, bu da ona gələcək karyerasını qurmağa kömək edəcək. Əgər biz Azərbaycan bölməsində yüksək səviyyədə təhsil qursaq, şagirdlərə həm də rus və digər xarici dilləri yaxşı öyrətsək, valideynlər Azərbaycan bölməsinə üstünlük verər. Digər bir problem isə bizim Azərbaycan dilini lazımi şəkildə təbliğ etməməyimizlə bağlıdır. Valideynlər bilmirlər ki, ana dilindəki keyfiyyətli təhsil uşaqların daxili potensialını daha çox hərəkətə gətirir və qabiliyyətlərini üzə çıxarır. Ana dilində təhsil alan uşağı daha vətənpərvər yetişdirmək olar ki, buna da böyük ehtiyac var”.
Qeyd edək ki, Azərbaycanda 4472 orta məktəbdən 340-ında tədris rus dilində aparılır ki, bu da onların 7,6 faizini təşkil edir. Həmin 340 məktəbdə isə 90 min şagird rus dilində təhsil alır. Bu isə bütün şagirdlərin 6,3 faizi deməkdir. Bakı üzrə 310 ümumi təhsil müəssisələrindən 141 -də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Bu, Bakıdakı ümumi şagird sayının 17 faizini təşkil edir. Həmçinin ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində də bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …