Ana səhifə / Cəmiyyət / “Qatil xəstəxana” və ya FHN-in Modul Tipli Hospitalında baş verənlər

“Qatil xəstəxana” və ya FHN-in Modul Tipli Hospitalında baş verənlər

Bakının Zığ qəsəbəsində yerləşən FHN-in Modul Tipli Hospitalı haqqında deyilənlər, yayılan dəhşətli xəbərlər neçə aylardır ki, dolaşırdı və nəhayət özünü doğrultdu. Bu xəstəxanada COVID-19 virusundan müalicə alan xəstələrdən külli miqdarda pul alındığı açıq söhbətlərin mövzusuna çevrilmişdi.

Biz bu xəstəxananı COVID-19 virusuna yoluxmuş tanınmış Turançı, BDU-nun dosenti Dilavər Əzimlinin məhz adıçəkilən xəstəxanada vəfat etməsindən sonra daha yaxşı tanıdıq. Mərhum Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist həmkarımız Arzu Qazıyevanın ürəkağrıdan yazısını oxuyandan sonra o xəstəxanaya “qatil xəstəxana” adını vermişdim.

Buna qədər isə həmin xəstəxanada baş verənlər haqqında bir videoya baxmışdım. Video sosial şəbəkələrdə geniş yayılmışdı və həmin videoda bu xəstəxanada oksigen balonunun partlaması nəticəsində xəstələrdən 25 nəfərinin ölümü haqda danışılırdı. Videoda oranı həbsxanaya bənzədən vəfat etmiş insanların qohumları xəstəxananın qarşısında ağlaya-ağlaya bildirirdilər ki, buraya daxil olan kimi xəstələrdən telefonları alıblar, qohumları xəstəxanaya buraxmayıblar, orada xəstələri hansı qaydada müalicə ediblərsə, əksər xəstələr ölür. Hətta xəstələrdən birinin oğlu qışqırmaqdan səsi batmış halda orada çalışan tibb bacılarını “qatillər”, “soyğunçular”, “başkəsənlər” aldandırırdı. Bildirirdi ki, anasının cibində 2 min manat pul olub. Lakin xəstəxananın tibb bacıları ona anasının paltarlarını yandırdıqlarını bildirir, paltarıları və pulu verməkdən imtina edirlər.

Daha sonra tanıdığımız bir QHT rəhbərinin də adıçəkilən xəstəxanada oksigen balonunun partlamasından dünyasını dəyişməsi xəbərini sosial şəbəkələrdən oxuduq.

Hospital barədə bir-birinin ardınca gələn neqativ xəbərlər bitmirdi. Əsas xəbər isə 20 ilə yaxın bir müddətdə tanıdığım alim Dilavər Əzimlinin də məhz o xəstəxanada dünyasını dəyişməsi oldu. Xəbər bizi sarsıtdı. Amma onun can yoldaşı Arzu xanımın ürək dağlayan yazısında oxuduqlarımız bizi əlavə dəhşətə gətirdi.

Arzu xanım Dilavər müəllimin cənazəsini vəfat etdiyi xəstəxanadan deyil, xalq arasında “Semaşko” kimi tanınan Musa Nağıyev adına xəstəxanadan ona təhvil verildiyini yazırdı:

“ O məşum gün… Mobil telefonumdan gələn o səs qulağımdan heç zaman çəkilməyəcək:

– Bura Dilavər Əzimlinin yaşadığı yerdir?
– Bəli.
– Siz onun nəyisiz?
– Həyat yoldaşı.
– Dilavər Əzimli rəhmətə gedib. Mən onu Semaşkoya aparıram. Zəhmət olmasa ora gəlib təhvil alın.
– Siz kimsiz?
– Sürücü.

Xəstəxana ən yüksək – Prezident səviyyəsində nəzarətə alınan ALİMİ, PEDAQOQU, ZİYALINI, VƏTƏN AŞİQİNİ “öz adına layiq yola saldı”. Onun ölüm xəbərini mənə çatdırmağı morqun sürücüsünə tapşırmışdılar.

…Mən sonuncu dəfə Dilavəri orda gördüm – Semaşkoda. O, artıq mənə baxmırdı”.

Daha sonra o, D.Əzimlinin FHN-nin Modul Tipli Hospitalından onlara verilmiş kiflənmiş, göyərmiş və çürümüş geyimlərin şəkillərini sosial şəbəkələrdə paylaşdıqda hamı şok oldu: “Bir neçə dəqiqədən sonra Elmar adlı həmin adam gəlib məni içəriyə keçirdi. Əşyalarını iri qara sellofan torbada gətirmişdilər. Torbanın çirkindən cin hürkürdi. İçindəkiləri çıxarmaq üçün bağını açanda quruyub qaldım. Palto, papaq, yun şərf, poluver, şalvar və s. ələ gələsi deyildi. Pasiyent reanimasiyaya köçürülən kimi bütün əşyaları anbara verilmişdi. Orda da onları bataqlıq çamırındakı tək çürütmüşdülər. Bu qeyri-insanlığın müəllifini tapa bilmədik. Tibb bacısı anbardar Elmarın, anbardar tibb bacısının üstünə atdı. Mənə min cür bəhanə gətirdilər, gah dedilər qaytarmırıq, gah dezinfeksiyadan, gah da yandırılmadan uzun-uzadı cəfəngiyyat danışdılar”.

Qəribəsi budur ki, FHN-nin Hospitalına yerləşdirdiyi xəstənin cənazəsi nəyə görə ailə üzvlərinə “Semaşko”dan təhvil verilməli idi? Yaxşi, bəs xəstələrin paltarları harada saxlanılırdı ki, belə çürümüş, göyərmiş vəziyyətdə sahiblərinə qaytarılır? Bütün bu suallar açıq qalmışdı. Adı çəkilən Hospitalın həbsxana kimi möhkəm qorunması, mühafizə olunması, içəridə baş verənlərin ciddi-cəhdlə gizlədilməsi orada nələrinsə yolunda olmamasından xəbər verirdi.

Nələr? Nələrin baş verdiyi aprelin 23-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməliyyatçıları Hospiatlın baş həkimini və onun “ortaqlarını” həbs edərkən məlum oldu. Demə, FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Agayev qeyri-rəsmi şəkildə işə götürdüyü köməkçiləri vasitəsilə koronaviruslu xəstələrin bu xəstəxanada müalicə alması üçün pullar yığırmış. Hər bir xəstə üçün alınan rüşvət 2 min 5 yüz, 3-4 min manat civarında olub. Xəstəxanada ayrıca VİP müştərilər üçün 15 nömrəli korpus da fəaliyyət göstərirmiş. Guya həmin korpusda xəstələrə daha yüksək səviyyədə xidmət göstərilir və mülaicə edirlərmiş. Həmin korpus isə digərlərindən baha olub. Təbii ki, davanın yorgan davası oldugu aydındır. Məqsəd xəstələrin vəziyyətindən sui-istifadə edərək qohumlarından bacardıqca daha çox pul ylğmaq olub.

Əməliyyat çəkilişindən də görürük ki, çox rahat şəkildə qarşısına stol qoyub oturan, camaatdan açıq-aşkar pul yığan köməkçilər heç kimdən çəkinib eləmədən “iş”lərini görürlər. Onlar elə “iş başında” da həbs olunublar.

Barəsində cinayət işi açılan baş həkim və onun əlaltılarının ifadələri alınandan sonra bu həngamənin arxasından daha hansı iri fiqurlar çıxacaq, onu bilmirik. İstintaqın sonunu gözləyək. Amma o xəstəxanaya aparılandan sonra vəziyyətləri gərginləşən, dünyasını dəyişən xəstələrin yaxınlarına kim cavab verəcək? Bax, bu sual ortada açıq qalır. Bizə isə proseslərin sonunu gözləmək qalır…

bayraqdar.info

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …