Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Professorun “Vaksinlər kollektiv immunitet yaratmır” iddiası etiraz doğurdu

Professorun “Vaksinlər kollektiv immunitet yaratmır” iddiası etiraz doğurdu

Yoluxma sayı artan temp üzrə davam edir. Bəzi ekspertlər Məhərrəmlikdə toyların 2 aylığa dayanmasının yoluxmaya müsbət təsir göstərəcəyini bildirir. Bununla belə, bunun müvəqqəti olduğunu, yenidən yoluxma sayında artımların olacağını deyənlər də var.

Yeri gəlmişkən, pandemiya Çindən başlasa da, orada xeyli müddətdir ki, sakitlikdir. Dünyanın əksər ölkələrində, Avropada, bizdə, qonşu ölkələrdə – Rusiyada, İranda, xüsusilə də Gürcüstanda yenə tüğyan edir. Bunun səbəbi nədir?

Bu arada peyvəndin yaradıcılarından olan professor Endrü Pollard koronavirusa qarşı kollektiv immunitetin mümkün olmadığını deyib. Onun fikrincə, səbəb yeni ştammlar, o cümlədən “Delta”dır. “Çünki ”Delta” hələ ki peyvənd vuranları da yoluxduracaq. Bu o anlama gəlir ki, peyvənd olunmayan istənilən kəs nə vaxtsa virusa tuş gələcək və bizim bu ötürməni dayandırmaq üçün heç nəyimiz yoxdur. Vaksinlər yoluxmanı dayandırmırsa, kollektiv immunitetdən danışmaq mifdir”, – deyə professor qeyd edib.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Koronavirus infeksiyası bizim ölkəmizdə yayılan gündən bu günə kimi bəlli sayda insanlar xəstəliyə yoluxdu, sağaldı, immunitet formalaşdı. Təqribən 3-4 milyon insan vaksin olundu. Ümumilikdə, deyə bilərəm ki, xəstəliyi keçirib sağalanlar və vaksin olunan şəxslər də qeyd edilməklə, təqribən 50 faiz əhalidə kollektiv immunitet formalaşıb. Bu, son bir il müddətində alınan nəticələrdir. Hesab edirəm kifayət qədər yaxşı nəticədir. Bu nəticə gələcəkdə COVİD infeksiyasının yayılmasının qarşısının alınmasında müəyyən rol oynayacaq.

Digər tərəfdən, hazırda ölkədə kütləvi surətdə vaksinasiya prosesi gedir. Qaldı ki, hazırkı yoluxma sayında artımın olmasına, təbii ki, bu, müəyyən mənada gözlənilən idi. Çünki yay fəsli ilə əlaqədar olaraq insanların ayrı-ayrı ölkələrə turistik səfər etməsi və yaxud ölkəmizə turist gəlməsi, digər tərəfdən, ölkəmizdə toy şənliklərinin aparılmasına icazə verilməsi və sair kimi belə tədbirlər yoluxmanın artmasında rol oynadı”.

Vüqar Cavadzadə: “Yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir”

Vüqar Cavadzadə 

“İstənilən halda, xəstəlik keçirən və ya vaksinasiya olunan şəxs 6 ay sonra təkrar xəstələnə bilər, bu, o demək deyil ki…”

V.Cavadzadə deyib ki, mikroorqanizmlər, yəni viruslar getdikcə mutasiyaya uğrayır: “Amma bunlar nə qədər mutasiyaya uğrasa da, COVİD-19-dan fərqli bir mutasiya olmuş forması yaranmır. Bunu dəfələrlə demişik, haradasa onun genetik quruluşunda müəyyən modifikasiya olur və incə bir mutasiyaya uğrayır. Mən hesab edirəm ki, istənilən peyvəndlər mutasiya olunmuş formalara qarşı da effektlidir. Amma ola bilsin ki, bir peyvənd mutasiya olunmuş variantlarda, tutaq ki, 70-80 faiz effektlidirsə, digəri 30-40 faiz effektlidir. Yəni haradasa müəyyən qədər effektivliyi var. Ona görə peyvəndlənmə prosesini sürətləndirmək daha məqsədəuyğundur”.

İnfeksionist vaksin olunan şəxslərin koronavirusa yoluxması barədə məsələyə də toxunub: “Ümumiyyətlə istər vaksin vurduran şəxsin, istərsə də xəstəlik keçirən sağlam şəxslərin qanında antitellər maksimum altı ay müddətinə qalır və bu antitellər təqribən üç ay yüksək səviyyədə qalır, üç aydan sonra azalmağa doğru gedir. İstənilən halda, xəstəlik keçirən və ya vaksinasiya olunan şəxslər 6 ay sonra təkrar xəstələnə bilərlər. Bu, o demək deyil ki, vaksin mutasiya olunmuş formalara qarşı effektli deyil, bu, sadəcə olaraq, qanda antitellərin miqdarının itməsi ilə bağlı olan məsələdir”.

Qeyd edək ki, avqustun 13-nə olan məlumata görə,  ölkəmizdə  koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib. 18 707 nəfər aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, bu günə qədər isə ümumilikdə 4 178 108 test icra olunub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …