Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Konstitusiya Məhkəməsindən vərəsəliklə bağlı qərar

Konstitusiya Məhkəməsindən vərəsəliklə bağlı qərar

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1146-cı və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1145-ci və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.

Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyənləşdirilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab olunaraq hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …