Azərbaycanda məmurların dəbdəbəli villalara məxsus olduqları ilə bağlı faktlar mətbuatın gündəmindən düşmür. Aldıqları əmək haqları ilə milyon manatlarla ölçülən villa sahibi olmağın mümkünsüzlüyünə baxmayaraq, belə mülk sahiblərinin sayı durmadan artır.
Hazırda sizə təqdim etdiyimiz villa da hansısa məmurundur. Azinforum.az xəbər verir ki, anonim mənbədən Xətai rayonu, Cavanşir küçəsində məmurların birinə aid möhtəşəm villanın olması ilə bağlı məktub bakupost-a ünvanlanıb. Məktubda bildirilir ki, həmin villa Xətai Rayon icra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.
Məktubu yazan şəxs isə daxmada yaşayan məcburi köçkün ailəsindən olduğunu deyir. Məktubda bildirilir ki, illərdir, uçmaq təhlükəsi olan yataqxanada qaçqın həyatı yaşayan, səfalət içərisində həyat sürən insanların gözü önündə belə bir mülkün salınması hamıda qıcıq doğurur: “Bu evin sahibi iş adamı, biznesmen olsaydı, bizə bu qədər ağır gəlməzdi. Bu evi tikən əslində, bizə xidmət etməli olan, qayğımız, dərdimizə şərik olması vəzifə borcu olan, bir məmur, rayonumuzu idarə edən şəxslərdən biridir. Vicdanlı məmur bizim vəziyyətimizi görə-görə, bizim gözümüzün önündə kral həyatı yaşadığını necə nümayiş etdirə bilər?”.
Əməkdaşımız həmin ərazidə olub. Sakinlərlə söhbətində dəqiqləşdirib ki, Cavanşir küçəsində, magistral yolun kənarında yerləşən dəbdəbəli villa həqiqətən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.
Villa hündür hasarlarla əhatələnib. Bundan əlavə villanın həyətində əlavə olaraq bir tikili də var. Burada isə villanın mühafizəçisi yaşayır. Adının çəkilməsini istəməyən sakinlər bildirib ki, villanın tikintisinə xeyli sayda işçi və texnika cəlb olunub, bahalı tikinti materiallarından istifadə olunub. Villanın ümumi qiymətinin ilkin baxışdan 1 milyon manata yaxın olduğu görünür.
Əməkdaşımız həmin villanın sahibi olduğu iddia edilən R.Quliyevlə əlaqə saxlamağa çalışır. Mövzunu davam etdirəcəyik.