Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Görünür, mənim seyfdə gördüklərim pul deyil, ağ kağız imiş… – ELDAR SABİROĞLU

Görünür, mənim seyfdə gördüklərim pul deyil, ağ kağız imiş… – ELDAR SABİROĞLU

Ölkədə hüquq sistemi demək olar ki, şəxsi mənafelərin əsirinə çevrilib. Təəssüflər olsun ki, vəziyyət belədir. Dünən cinayət törətdiyinə görə həbs edilən şəxs sabah məhkəmə qərarı ilə azadlığa buraxılır.

Doğrudan, çox məəttəl qalmalı bir işdir. Hər şeydən əvvəl, həbsə atılan adam da insandır axı. Onun da ailəsi, ana-atası, uşağı, gözləri yol çəkən yaxınları, dostları-əqrabası var. Əgər günahkardırsa, cinayəti məhkəmə istintaqı ilə təsdiq olunursa (xüsusilə ağır cinayətdən söhbət gedir), beləsinə sonradan hər hansı güzəştin göstərilməsi başadüşülən deyil.

Konkret bir misalla fikrimi izah etmək istərdim. Yəqin ki, “Yeni Klinika”da baş verən cinayəti xatırlayarsınız. Hospitalın direktoru Pərviz Abbasovun seyfindəki pulları, hansı həkimdən nə qədər rüşvət götürəcəyini adbaad, hətta vaxtı-zamanı qeyd edilməklə toplanacaq haram vəsaitin miqdarını gördünüz. Bu qədərdən sonra nə baş verdi?! Ağır maddə ilə cinayətə cəlb olunan Pərviz həkim artıq azadlıqdadır. 

Sual olunur: bəlkə P.Abbasov kimsədən rüşvət almayıb, yazığın heç təqsiri olmayıb, şər atıblar?! O zaman belə çıxır ki, onu həbs edənlər düzgün qərar verməyiblər, Pərvizi qəsdən, kimlərinsə maraq çərçivəsinə cavab vermədiyindən dörd divar arasına göndəriblər. Həmin şeylər seyfə bəlkə əvvəldən qoyulub?! Fəqət, baş açılası bir iş deyil. 

O vaxt görüntülər məni də sarsıtdığından, kəskin yazıyla çıxış etmişdim. Odur ki, bu gün mən də həmin yazıdan imtina edir və həkimdən üzr istəyirəm. Görünür, mənim seyfdə gördüklərim pul-para deyil, ağ kağız imiş…

İnsan taleyini unutmaq kimi əclaf bir münasibət tanımıram. Bir az sərt alındı, amma başqa söz tapa bilmədim. Ümumiyyətlə, qanunlara əsaslanan məhkəmə sistemi olan yerdə hüquqsuzluq baş verməz.

Eldar SABİROĞLU

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …