Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Deputat yol polisi əməkdaşlarına səsləndi: “Sürücülər avtomobilin baqajını açıq saxlayır ki…”

Deputat yol polisi əməkdaşlarına səsləndi: “Sürücülər avtomobilin baqajını açıq saxlayır ki…”

“Sürücülük mədəniyyəti şəxsin yalnız yol hərəkəti qaydalarını bilməklə məhdudlaşmalı deyil. Bu mədəniyyət insanın davranışlarında da özünü göstərməlidir. Bəzən görürsən ki, əlli ilin sürücüsüdür, elə bir hərəkət edir ki, qayda-qanunu bilməyən, yeni sürməyə başlayan şəxs heç vaxt elə kobud şəkildə qanunu pozmaz”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat yollardakı faktiki vəziyyəti və sürücülərin davranışlarını şərh edərkən sıxlığın artmasını xüsusilə qeyd edib.

O bildirib ki, yalnız Bakıda deyil, rayonlarda da sıxlıq müşahidə olunur: “Əgər əvvəllər belə sıxlığa günün müəyyən saatlarında rast gəlinirdisə, indi səhər saatlarından başlayaraq saat 22:00-23:00-dək davam edir. Bunun da yaranması sürücülərin səbrsizliyindən, bir-birilərinə hörmətsiz yanaşmalarından və təbii ki, qaydaları pozmalarından irəli gəlir. Bəzən yol ayırıcılarında işiqforlar yanıb-sönəndə görürsən ki, bir sürücü digərinə yol vermək istəmir. Elə ancaq düşünürlər ki, burdan birinci keçməliyəm. Sürücülər bir-birilərinə hörmətlə yanaşsalar, bu hallar xeyli azalar. Lakin həqiqətən vəziyyət dəhşətlidir. Görürük ki, təcili-tibbi yardım maşınları yollarda qalır, onlara yol verən olmur. Bu da sürücülərin mədəniyyətsizliyindən irəli gəlir. Hər bir vətəndaş qaydalara düzgün şəkildə riayət etsə, bu problemlər demirəm, tam aradan qalxar, ancaq müəyyən qədər həllini tapmış olar. Bundan əlavə məktəblərin qarşısında, ümumiyyətlə, icazə verilməyən yerlərdə maşın saxlama hallarını da müşahidə edirik. Bu da həm şəhərin səliqəsini pozur, həm də sıxlıq yaradan problemlərdən birinə çevrilir”.

Cavanşir Paşazadə yol polislərinə də səslənib: “Görürük ki, sürücülər maşının baqajını açıq saxlayır ki, nömrələri görünməsin və bəzən yol polisi işçiləri də bu hala göz yumurlar. Onlardan xahiş edərdim ki, bu məsələdə diqqətli olsunlar”.

Sürücülərdən təkrar imtahan götürülməsi məsələsinə də fikir bildirən deputat qeyd edib ki, insanlar keçmiş dönəmə aid qaydalar, SSRİ dövründəki qaydalarla deyil, yeni qəbul olunmuş qaydalarla maşın sürməldirlər. “Müəyyən qaydalarda dəyişikliklər olmaldır. Tətbiq olunacaq yeni qaydalarda sürücülərin davranışı kimi məsələlər də əksini tapsa, daha yaxşı olar. Bir məsələni də nəzərinizə çatdırım, ümumiyyətlə, MDB-yə üzv dövlətlərdə sürücülərlə bağlı eyni halı müşahidə edirik. Bilmirəm, bu, onların keçdiyi sürücülük məktəbi sistemlərinin eyni olması ilə əlaqədardır, ya necə… Avropanın böyük şəhərlərində isə vəziyyət tamam fərqlidir. Orada sürücülər bir-birilərinə səbrlə hörmətlə yanaşırlar, qayda-qanun da öz yerində.”

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …