Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələr nədən xəbər verir? –Vəkil Tağı Qənbərovun şərhi

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələr nədən xəbər verir? –Vəkil Tağı Qənbərovun şərhi

Qanunvericiliyə kompleks dəyişiklikləri və əlavələri zəruri edən məsələlərlə bağlı Cinayət Məcəlləsinə 300-ə qədər mühüm dəyişikliklər və əlavələr qəbul edilib. Cinayət Məcəlləsinə bir sıra yeni müddəalar artırılıb, bəziləri ümumiyyətlə çıxarılıb və əksər maddələrə isə köklü dəyişikliklər olunub.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə qətimkan tədbirlərinin seçilməsi və cəzaların icrası zamanı elektron nəzarət vasitələrinin tətbiq olunması, alternativ cəza tətbiqinin genişləndirilməsi, iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumluq institutlarının daha geniş və intensiv tətbiq edilməsi məsələləri aiddir.

Dəyişikliklərlə bağlı Qanunun keçid müddəalarına əsasən, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları həmin cəzanın icrası və elektron nəzarət vasitələrinin tətbiq edilməsi qaydalarının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları isə müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir. Dəyişiklik və əlavələrlə bağlı digər müddəalar 1 dekabr 2017-ci il tarixdən qüvvəyə minir.

Hazırda cəmiyyət üçün çox aktual olan və hər kəsin bilməsi vacib bir neçə məsələ ilə bağlı dəyişiklik var ki, onların izahatına ehtiyac duyulur.

Məsələn, son günlər bizə ünvanlanan suallardan biri yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayəti törədilməsinə görə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlərlə bağlıdır. Daha doğrusu, soruşulur ki, yeni qanun nələri dəyişəcək?

Şübhəsiz ki, Cinayət Məcəlləsinə edilmiş ən əhəmiyyətli və vacib dəyişikliklərdən biri hazırda qüvvədə olan Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayəti törədilməsinə görə ən çox tətbiq edilməkdə olan azadlıqdan məhrumetmə cəzası ilə bağlıdır. Çünki CM-nin  56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir.

Lakin dəyişiklikləri özündə ehtiva edən sonuncu sözügedən qanunla CM-nin 263.1-ci maddəsi yeni redaksiyada verilərək, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Digər hallarda isə azadlığın məhdudlaşdırılması cəza növü həmin maddənin sanksiyasına əlavə edilib.

Belə ki, 20 oktyabr 2017-ci il tarixli, 2017-ci ilin dekabr ayının birindən qüvvəyə minəcək qanunla Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə:

263.1-ci maddənin sanksiyasında “islah işləri” sözlərindən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilib;

263.1-1-ci maddənin sanksiyasında “məhrum edilməklə” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilib.

“Qeyd” hissəsi üzrə:

mətni 1-ci bənd hesab edilib və həmin bənddə “maddədə” sözü “Məcəllənin 263.1-ci maddəsində” sözləri ilə əvəz edilib;

– aşağıdakı məzmunda 2-ci bənd əlavə edilib:

“2. CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.”;

Bəs, cinayət hesab olunmayan əməllərə görə yeni Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərə bu qanun şamil ediləcəkmi?  Bunun icra proseduru hansı qaydada həyata keçirilir?

Sözügedən Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır.

Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır.

Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinə əsasən: Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir:

– cəzanın çəkilməsinin təxirə salınması haqqında;

– xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında;

– cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında;

– cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında;

– cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında;

– amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında;

– müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında;

– məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında;

– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər məsələlər haqqında.

Məhkumun yuxarıda göstərilən ərizələrinə CPM-in 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsinə əsasən:

Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında baxılır.

Bəs, cinayətin ictimai təhlükəliliyi, əməlin cinayət hesab olunmaması necə müəyyən olunur? 

Fyodor Mixayloviç Dostoyevskinin belə bir məşhur kəlamı var:  “Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir”.  

Ona görə də cəmiyyətdə hüquq  düşüncəsi nə qədər yüksək olsa, hüquqi maarifləndirmə nə qədər sürətlə təbliğ olunsa və bu düşüncə, bilgilər insanların beyninə hopsa, cəmiyyətə, dövlətə və şəxslərə vurulan ziyan da o qədər az olacaq!

Tağı QƏNBƏROV

Vəkillər Kollegiyasının üzvü, vəkil

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …