Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Bu filmi yalnız bir şeyə görə bağışlamaq olar… ”

“Bu filmi yalnız bir şeyə görə bağışlamaq olar… ”

“Girov” filmi bədii əsər kimi çox zəifdir və “Şaftalı oğruları” adlı bolqar filmi var ki, tam detallarına qədər hər şey oradan götürülüb. Hətta filmdə bir epizod var, erməni uşaq oyuncağı düzəldir, eynilə bu məqam “Şaftalı oğruları” filmində də var”.

Bu sözləri əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev Musavat.com-a açıqlamasında deyib. Bununla belə, kinorejissor adıçəkilən film ətrafında gedən qalmaqalı sərt tənqid edib: “İstərdim deyəm ki, bu qalmaqalı yaradan adamlar heç də bu filmdən başlamasınlar. Başlasınlar “26 Bakı komissarı” filmindən. O filmdə Şaumyan tərənnüm olunur. Və yaxud “Dağlarda döyüş” filmindən, burada oğul atanı satıb, onu sərhəddə “KQB”yə aparır. Bu cür ideyalı filmlər hətta Rusiyada ötən əsrin 30-cu illərinin ortalarında çəkilmişdi, daha sonra ləğv edildi. Yəni artıq Stalinin vaxtından başlayaraq, bu cür ideyalı filmlər çəkilməməyə başladı. Deyildi ki, oğul atanı sata bilməz, bu yaxşı davranış deyil. Amma 60-cı illərdə Azərbaycanda “Dağlarda döyüş” filmi çəkildi. Hətta bu tendensiyaya 80-ci illərin sonunda da rast gəldik. Belə ki, 1989-cu ildə ərsəyə gələn, Həmidə Ömərovanın çəkildiyi “Doğma sahillər” filmi var idi, qadın sonda ərini “KQB”yə təhvil verir.

Beləliklə, “Girov” filmi bədii cəhətdən zəif olsa da, onu bir şeyə görə bağışlamaq olar – bu film səmimidir. Eldar Quliyev digər rejissorlar kimi bu filmi hansısa festival naminə deyil, səmimi olaraq çəkib. Ona görə də şəxsən mənim bu filmlə işim yoxdur”.

Xatırladaq ki, mərhum SSR xalq artisti Eldar Quliyevin 2005-ci ildə çəkdiyi “Girov” filmi ilə bağlı yenidən qalmaqal yaşanıb. Tanınmış yazıçı Seyran Səxavət filmdə erməni əsirin azərbaycanlı qadının evində yaşamasını, düşmənin insani cəhətlərə malik şəxs kimi göstərilməsini sərt tənqid edərək, bu filmin məhv edilməsini istəyib.

Qeyd edək ki, film haqqında vikipediyada belə yazılıb: “Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı “düşmən”in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …