Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Boşanan ailələrin “silaha” çevirdiyi uşaqlar…

Boşanan ailələrin “silaha” çevirdiyi uşaqlar…

Vəfa Rəşidova: “Valideynlər boşanma zamanı sanki ”hansı uşağı özümüzə tərəf çəkə bilərik“ yarışmasına girirlər, bu, çox cılız bir düşüncədir“

Son dövrlərdə boşanmaların sayı artıb. Mütəxəssislərin qənaətinə görə, buna səbəb gənclərin ailə dəyərlərini daha dərindən mənimsəməməsi, sosial problemlərdir. Bundan isə daha çox əziyyət çəkən, psixoloji travma alan uşaqlar olur. Hətta intihar edən, depressiv hallar yaşayan insanların keçmişinə nəzər salsaq, onların bir çoxunun valideynlərinin ayrı olduğunu, valideynlər arasında konflikt olduğunu görərik.

Belə mühitdə böyüyən uşaqlar həyata qarşı daha aqressiv, özünə qapanmış olurlar. Hətta bəzən ana və ya ata boşanma prosesində uşaqlardan “silah” kimi istifadə edərək öz tərəfinə çəkir, onda qarşı tərəfə, yəni digər valideynə nifrət, ikrah hissi yaratmağa çalışırlar. Nəticədə isə uşaq psixoloji travma alır, həyata “zəif bənd” olaraq atılır. Bu cür uşaqların da bir qisminin sonu ürəkaçan olmur. Tədqiqatlar göstərir ki, oğlan uşaqları qız uşaqlarına nisbətən boşanmadan daha çox təsirlənirlər. Boşanmış ailələrin uşaqlarında aqressiya ilə yanaşı davranış  pozuntularına da rast gəlinir. Çox zaman məktəbəqədər yaşlı uşaqlarda depressiya, qorxu, ətrafa qarşı əsəbilik müşahidə olunur. 3-6 yaşlardakı uşaqlarda yuxu problemləri artır, yerini isladır və s.

Vəfa Rəşidova ile ilgili görsel sonucu

Psixoloq Vəfa Rəşidova konfliktlərin, boşanma zamanı yaranan davaların uşaqlarda böyük bir travma yaratdığını dedi:“Əgər ailədə konflikt varsa və onların uşağı varsa, cütlüyün ilk qərar və addımı boşanma olmamalıdır. Əgər bu baş verirsə, çox ciddi, həssas və çətin bir mərhələdir. Mən bunu praktikamda da müşahidə etmişəm və görmüşəm ki, boşanma ərəfəsində olan bütün valideynlər təlaş və təşvişdə olur, itirmə qorxusu yaşayırlar. Boşanma prosesində o qədər gücsüz və özgüvənsiz bir durumda qalırlar ki, uşağı alət kimi istifadə edirlər. Boşanmaqda olan hər iki tərəf düşünür ki, birdən qarşı tərəf uşağa görə qərarını dəyişə bilər. Valideynlər hesab edir ki, uşaq duyğusal bir söz deyər, hərəkət edər və ya ağlayaraq qərara təsir edə bilər. Belə məqamlar da olur ki, ana boşanmaq istəyir, ata isə yox. Buna görə də ata uşaqların yanında tutmağa çalışır. Ona görə yanında saxlayır ki, uşaqlara ona sərf edən fikirləri beyninə yeritsin. Desin ki, uşaqlar məni istəyir, mənimlə qalacaq. Bu isə o deməkdir ki, artıq ata uşaqdan soyuq silah kimi istifadə edərək ananı gözdən salır və ya əksinə. Bunu isə ona görə edirlər ki, ana (və ya ata) məcbur olub uşaqlara görə bunun yanına dönsün. Ancaq düşünmürlər ki, bu proses uşaqlarda böyük bir travma yaradır. Uşağın artıq özgüvəni olmur, gərginlik və stress içində qalır. Uşaq ata və yaxud da ana, hansı onu yanına daha çox çəkibsə, ona yox deyə bilmir. Belə olanda isə uşaq ata və ya anasının dediklərini təsdiq etsə də, daxilində özünə qapanır. Uşaqlar həssas olduqları üçün bu addımı atanda bilirlər ki, valideynlərinə qarşı səmimi deyillər. Uşaqlar özlərini təsdiq etmək üçün ata və ya anasının söylədiklərinə ”hə” deyirlər. Əslində isə tamamilə başqa fikirdə olur, onların ayrılmağını heç istəmirlər. Bu prosesi izləmək belə istəmirlər. Ancaq valideynlərin bu addımını mən psixoloji istismar adlandırardım. Sabah həyatın qoynuna atılacaq bir fərd travma içində böyüyəcək. Onun üçün ailə mental dəyərləri, ailə sistemi sıfıra bərabər olacaq və onun üçün həyatda müqəddəs heç nə qalmayacaq”.

Psixoloq dedi ki, boşanmaların sayının artması məhz buradan qaynaqlanır: “Çünki boşanmalar uşaqların gözü önündə, dəhşətli aqressiya və şiddət şəklində baş verir. Sizcə, bunları görən uşaq necə formalaşacaq? Onun həyatında da bu proses təkrarlanacaq. Əgər valideynlər boşanırsa, buna uşaqları alət etməməli və bütün prosesi onların onların duyduğu, bildiyi şəkildə etməməlidirlər. Bunu edən ana və ataların özünə güvənsizliyindən, inamsızlığı və özünə dəyərinin az olmasından xəbər verir. Bu cür uşaqlar həyata ”zəif bənd” olaraq atılır ki, bu da valideynin məsuliyyətsizliyindən irəli gəlir. Valideynlər boşanma zamanı sanki “hansı uşağı özümüzə tərəf çəkə bilərik” yarışmasına girirlər, bu, çox cılız bir düşüncədir. Sonra da deyirik ki, intihar, depressiya artıb. Axı bütün bu cür proseslər  uşaqları buna hazırlayır”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …