Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Babək Səmidlinin dedikləri hərbi sirrdir? – “Onu sübut etməlidir, amma…”

Babək Səmidlinin dedikləri hərbi sirrdir? – “Onu sübut etməlidir, amma…”

“Mən Babək Səmidlinin dediklərinin hamısını dinləməmişəm, amma mövqeyim ilk vaxtdan birmənalı olub ki, bu 1-ci Ordu Korpusu komandirinin müavini, polkovnik olub. Yəni belə bir məsul şəxsin bu cür ifadələr işlətməyi, faktiki olaraq Müzəffər Azərbaycan Ordusunu ləkələməkdən ibarətdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Mehman Muradlı deyib.

O, şəhid polkovnik Babək Səmidlinin səs yazısının ictimailəşdirilməsindən sonra Dövlət Təhlükəsizlik Xidmətində (DTX) bu barədə başladılan istintaq hərəkətlərindən, habelə B. Səmidlinin dövlət sirrini yayıb-yayması ətrafında baş verən müzakirələrə münasibət bildirib.

“Doğrudur, bizdə deyirlər ki, ölünün dalınca danışmazlar, amma mənim mövqeyim birmənalı olaraq hər zaman bu cür olub. Onun ordu haqqında bu cür nələrsə deməyi çox səhvdir. Əgər sənin ordudan xoşun gəlmirdisə, istefanı verib, bu sözləri hansısa formada deyə bilərdin.

O ki qaldı onun dediklərinin hərbi sirr olub-olmamasına, onu deyim ki, Babək Səmidli orduda baş verən cinayətlərlə bağlı danışıb. Yəni bu, artıq hərbi sirr deyil əgər polkovnik Səmidli bu cinayətlərdən danışırsa, onu da sübut etməlidir. Amma bunu sübut edəcək bir şəxs də yoxdur”, – deyə M. Muradlı iradlarını söyləyib.

Vəkilin fikrincə, bütün bunlara baxmayaraq, orduda baş verən neqativ hallar hələ də mövcuddur:

“Elə “Tərtər işi”nin özü kifayət edir ki, bu məsələ illərlə davam edir. İndi də val geriyə doğru fırlanır və orada olan bəzi şəxslər istintaqa cəlb olunur. Məncə, əgər yaşasaydı, “Tərtər işi”ylə bağlı Babək Səmidlinin özü də istintaqa cəlb olunmalı şəxslərdən biri idi”.

“Qısası, həmin o səs yazısı ilə DTX-nın istintaq hərəkətlərinə başlaması bir daha onu sübut edir ki, həmin səs yazısı faktiki olaraq, 2020-ci il zəfərindən sonra orduya qarşı qarayaxma kampaniyasından başqa bir şey deyil”, – yekunlaşdırıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …