Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / AYB-nin qurultayının təxirə salınması haqda ilginc iddia: “Anarın yerinə…”

AYB-nin qurultayının təxirə salınması haqda ilginc iddia: “Anarın yerinə…”

Anarın tənqidçiləri deyir ki, ictimai rəyi öyrənmək üçün vaxt qazanırlar, Rəşad Məcid “kimsə suyu bulandırmaq üçün belə söhbətlər ortaya atıb” deyir 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı yenə təxirə salınıb. AYB-dən  bildirilib ki, bununla bağlı katibliyin geniş tərkibdə toplantısı keçirilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb. Qeyd edək ki, AYB artıq ikinci dəfədir ki, qurultayın vaxtını dəyişdirir. Bunun səbəbi haqda isə geniş məlumat verilmir.

Yada salaq ki, Yazıçılar Birliyinin növbəti qurultayı bir neçə il əvvəl keçirilməli idi, lakin pandemiya səbəbindən qurultay təxirə salındı. 1991-ci ildə AYB-nin IX qurultayında quruma sədr seçilmiş yazıçı Anar 31 ildir ki, sədrdir. Bu dəfə keçiriləcək qurultayda da onun namizəd olacağı gözlənilir.  Bildirilir ki, əksəriyyət Anarın sədrlikdə qalmasına tərəfdardır. Hazırda 83 yaşında olan Anarın sədrlikdə qalması isə AYB-nin ənənəvi tənqidçilərini narazı salıb. Bəzi  dəqiqləşdirilməmiş iddialara görə, Anarın namizədliyi ilə bağlı məsələdə hakimiyyətin birmənalı rəyi yoxdur və ola bilsin ki, qurultayın keçirilməsinədək sədrliyə sürpriz namizəd də olsun. Amma bu, bir ehtimaldır. Çünki hakimiyyətdə Anara münasibətin dəyişməsini göstərə biləcək heç bir əlamət yoxdur. Dövlət tədbirlərində yenə də onu hörmətli yerlərdə əyləşdiyi də faktdır. Bəs qurultayın növbəti dəfə ertələnməsinə səbəb nədir?

Belə, allah bu xalqa səbr versin... - Cəlil Cavanşir yazır

 Cəlil Cavanşir

Yazıçı Cəlil Cavanşir mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “AYB dəfələrlə bu taktikanı seçib. Qurultay elan edilir, sonra da təxirə salınır. Beləcə ictimai rəyi öyrənmək üçün vaxt qazanırlar. Hazırda vəzifənin Anardan Çingiz Abdullayevə ötürülməsi prosesi gedir. Hər halda, gedişat belədir. AYB qurultayı sədr seçkisindən daha çox təyinatın legitimləşdirilməsi prosesidir. Bu baxımdan heç bir ictimai çəkisi, sanbalı olmayan tədbirdir. Bir qrup məsuliyyətsiz, öz yaradıcılığına, sözə, qələmə hörməti olmayan qələm adamı yığışıb kiminsə təyinatına ləbbeyk deyəcək”.

Qəşəm Nəcəfzadə: “Məni Kəramət xilas etdi” – Müsahibə

Qəşəm Nəcəfzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Qəşəm Nəcəfzadə dedi ki,  qurultayın təxirə salınma səbəbini rəhbərlik daha yaxşı bilər: “Qurultay oktyabrın sonuna kimi keçiriləcək. Hazırlıqlar aparılıb, nümayəndələr seçilib. Qaldı ki, sədrin seçilməyinə, fikrimcə, bu dəfə də Anar müəllim öz namizədliyini verəcək. Mən bu yerdə Anar müəllimi görürəm, ona da səs verəcəyəm. Bəlkə orada Çingiz Abdullayevin də namizədliyi verilə bilər. Amma bu xəbərin doğru olduğunu zənn etmirəm. Mətbuatda kimsə yazır, hamı da bir-birindən götürür. AYB Anarın şəxsi nüfuzu nəticəsində qalıb”.  

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub  adamam - MÜSAHİBƏ

Rəşad Məcid

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə bu iddiaların əsassız olduğunu dedi: “Qurultayın təxirə salınması texniki məsələ ilə bağlıdır. Çünki istəyirlər qurultaya xaricdən qonaqlar gəlsin. Bununla bağlı bəzi problemlər var. Tutaq ki, Rusiyadan qonaqların dəvəti məsələsi, biletlərin qiymətinin bahalığı filan. Maliyyə tərəfi var deyə, bu bir az tərəddüdlüdür, qonaqları dəvət etsək, gələ biləcəklərmi? Sırf texniki məsələdir. Yoxsa buradakı işlər həll olunub, qurultay nümayəndələri artıq bəllidir. Qurultaya çağırılacaq qonaqlar da bəllidir.  O ki qaldı digər iddiaya, mən Mətbuat Şurasının qurultayında seçkilər olanda gördüm, bir-iki sayt yazmışdı Çingiz Abdullayev yeni sədr olacaq. Amma ümumi yekdil qərar budur, Çingiz Abdullayev də onu dəstəkləyir. Anar müəllim də elan edib ki, növbəti, axırıncı dəfə sədr olmaq istəyir. Anar müəllimin  bu iddiası varsa, Çingiz Abdullayev də, katiblər də onu dəstəkləyəcəklər. Hesab edirəm ki, bu kiminsə uydurmasıdır. Nifaq yaratmaq məqsədilə buraxılmış informasiyadır. Qurultay bu dəfə də Anar müəllimi seçəcək. Onun böyük xidmətləri var, Azərbaycan ədəbiyyatında, ictimai fikrində. Ona görə də bunlar artıq söz-söhbətlərdir. Kimsə suyu bulandırmaq üçün belə söhbətlər ortaya atıb”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …