Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Akif Çovdarovun revanşı – bəraət və mülklərini geri istəyir

Akif Çovdarovun revanşı – bəraət və mülklərini geri istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi Akif Çovdarov bəraət istəyir. Akif Çovdarov bundan əvvəl 2 dəfə Ali Məhkəməyə şikayət etsə də, hər dəfə şikayəti geri götürmüşdü. Bu, sabiq MTN generalının üçüncü şikayətidir.

Bəs necə oldu ki, Azərbaycanın Ali Məhkəməsi də onun bu istəyinin gerçəkləşməsi üçün Akif Çovdarova “yaşıl işıq” yandırdı? Əvvəlki şikayətlərini Akif Çovdarov niyə geri götürmüşdü? İş üzrə hakim kimi Əziz Seyidovun seçilməsini təsadüf hesab etmək olardımı?

Ondan başlayaq ki, Akif Çovdarov 2018-ci ildə, ardından 2019-cu ildə eyni şikayəti Ali Məhkəməyə göndərib və hər dəfə də şikayətini geri götürüb. 2021-ci ilin dekabrında isə şikayətinə baxılmasından vaz keçməyib. Akif Çovdarov MTN-də idarə rəisi olarkən Bakı şəhər prokuroru işləyən, hazırda Ali Məhkəmənin hakimi postunu tutan Əziz Seyidov Akif Çovdarovun şikayətini təmin eləyib və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib. Prinsipcə, hər kəsin barəsindəki hökmdən şikayət etmək hüququ var və Akif Çovdarov da istisna deyil.

Cahangir elə ilk gündən bilirdi" - "Qara kəmər"dən 14 il keçdi | ENA.az

Məsələnin olduqca ilginc tərəfi budur ki, Ali Məhkəmə hər kəsə bu hüququ tanımır. Məsələn, elə Akif Çovdarovla yaxından-uzaqdan əlaqəsi olan “Qara kəmər” əməliyyatı zamanı ələ keçən, barəsində ömürlük həbs cəzası çıxarılan Hacı Məmmədovun şikayətini götürək. DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilmişdilər.

Bu əməliyyat Eldar Mahmudovun nazir kimi səriştəliliyini ortaya qoymaq üçün düşünülmüş və həyata keçirilmişdi. Həqiqətən də mütəşəkkil cinayətkar dəstə ifşa edilmişdi. Əməliyyatdan sonrakı dönəmdə Eldar Mahmudov bu dəstədən, xüsusən dəstəbaşı elan olunmuş Hacı Məmmədovdan şəxsi maraqları üçün dəyənək kimi istifadə etməyə başlamışdı.  2006-cı ildə isə artıq digər dəstə üzvləri ilə yanaşı Hacı Məmmədov barəsində də ömürlük həbs cəzası çıxarıldı. Hacı Məmmədovdan savayı hər kəs qanunda nəzərdə tutulduğu kimi ömürlük məhbusların saxlanıldığı Qobustan həbsxanasına köçürüldülər.  Eldar Mahmudov nazir olduğu dönəmdə isə Hacı Məmmədovu qanunazidd olaraq MTN-də saxlayırdı. Mahmudov vəzifəsindən çıxandan dərhal sonra Hacı Məmmədov Ali Məhkəməyə müraciət etdi, yeni hallar, Eldar Mahmudovun cinayətləri barədə məlumat vermək istəyini ortaya qoydu.

10 mart 2016-cı ildə Ali Məhkəmə Hacı Məmmədovun şikayətini təmin etməkdən vaz keçdi. Ali Məhkəmənin bu qərarı adam oğurluqları, sifarişli qətllər törətmiş dəstə başçısının əvvəllər törədilmiş səs-küylü cinayətlər barədə danışmaq istəyini faktiki olaraq əngəllədi.

Akif Çovdarovdan Zakir Qaralova: “Hacı Məmmədovun əməllərindən sən də  xəbərdar olmusan”

Akif Çovdarova “yaşıl işıq” yandıran Ali Məhkəmənin Hacı Məmmədovun ağzını bağlayan qərar verməsinin səbəbi nədir?

Bu suala cavab vermək üçün bir qədər geriyə qayıdaq. Hacı Məmmədovun ifşa edildiyi həmin 2005-ci ildə, martın 2-dən 3-nə keçən gecə yaşadığı binanın  pilləkənində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdi. Qətldən az sonra istintaq 2 nəfər Gürcüstan vətəndaşı – Tahir Xubanovla Teymuraz Əliyevin baş redaktorun qətli ilə əlaqəsi olduğunu təsdiqlədi.

O zaman Azərbaycana dəvət olunmuş ABŞ-ın Federal Təhqiqatlar Xidmətinin xəfiyyələri kifayət qədər dəlillər üzə çıxara bilmişdilər. Hadisə yerinin yaxınlığında 5.45 mm çaplı “Baykal PSM” yarımavtomat tapançası tapılmışdı. Rusiyada istehsal edilmiş silahın üstündə bütün lazımi seriya nömrələri vardı. Elə burada qara papaq da aşkar olunmuşdu.

Təhqiqatın ikinci ayında hakimiyyət orqanları iki şübhəlini müəyyənləşdirmişdi: Tahir Xubanov və Teymuraz Əliyev. Onların hər ikisi Gürcüstan vətəndaşı idi və qətldən əvvəl Hüseynovun evinin yaxınlığında mənzil kirayələmişdilər. Hüquq-mühafizə orqanları onların qətli törətdikdən sonra Gürcüstana qayıtdıqlarını bildirirdi. Azərbaycan müstəntiqləri sözügedən mənzildən 2 balışüzü və pal-paltar götürmüşdülər. Sonradan FTB bu əşyalardakı genetik materialların küçədən tapılan papaqdakı materialla eyniliyini aşkar etmişdi. FTB bunu “çox güclü sübut” adlandırmışdı. Maraqlı bu idi ki, sözügedən 2 şübhəlinin Elmar Hüseynovun peşə fəaliyyəti ilə heç bir bağlılığı yox idi. Başqa sözlə desək, Gürcüstanda yaşayan bu şəxslərin Elmarla qətlə qədər yolları heç zaman kəsişməmişdi. Sonradan killer dəstəsində Tahir Xubanovla Teymuraz Əliyevdən savayı daha 3 nəfərin – Serqo Davrişov, Nuqzar Bolkvadze və Arçil Kasiyanın da olduğunu vaxtilə Elmar Hüseynovun müavini olmuş Eynulla Fətullayev açıqladı. 2010-cu ildə isə məhkəmədə bəyan etmişdi ki, baş redaktorun qətlinin təşkilatçısı Akif Çovdarov olub. Eynulla Fətullayev MTN-də saxlanıldığı günlərdə Akif Çovdarov ona deyib ki, “Elmar Hüseynovu ”öldürmək azdır, onu yandırmaq lazımdır”.

Məsələnin maraqlı tərəfi budur ki, Hacı Məmmədov   Elmar Hüseynovun qətl işini özünün üzərinə çəkirdi, Eldar Mahmudov da qətlin sifarişçisi kimi o zaman MTN-in həbsə aldığı iqtisadi inkişaf naziri Fərhad Əliyevi göstərirdi. Hətta Hacı Məmmədovu məhkəməsində bu uydurmanı dilə gətirməyə də məcbur etmişdilər. Amma bu uydurma versiyaya “xod” verilmədi. Görünür, hakimiyyət daxilində hələ o zamanlardan Eldar Mahmudovun fantaziyasının sərhədsizliyindən xəbərdar olanlar da az deyilmiş.

Bu gün Eldar Mahmudovla eyni zəncirin halqalarından olan Akif Çovdarovun Ali Məhkəmədən bəraət qapısına uzanan qərarı ala bilməsi təsadüfi deyil. Elmar Hüseynovun qətl işinə qədər uzanan bir tarixçəsinin olması da istisna deyil.

2015-ci ildə həbs edilən Akif Çovdarov aşağıdakı maddələrlə ittiham olunurdu:

– Maddə 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda),

– Maddə 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə),

– Maddə 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə),

– Maddə 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ),

– Maddə 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə),

– Maddə 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma),

– Maddə 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə),

– Maddə 313 (Vəzifə saxtakarlığı),

– Maddə 341.2.1, 341.2.2 və 341.2.3-cü bəndlər (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda)

Məhkəmə onu bu maddələrin böyük əksəriyyəti üzrə təqsirli bilmişdi və 12 il həbs cəzası vermişdi.

İndi əsas sual budur: Bakı Apelyasiya Məhkəməsi Eldar Mahmudovun “vuran əli”nə tələb etdiyi bəraəti verəcəkmi?

“Yeni Müsavat”

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …