Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Əsir əsgərin məktubu niyə anasına yetişməyib?

Əsir əsgərin məktubu niyə anasına yetişməyib?

Ermənistan məhkəməsi əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgər barədə həbs qərarı verib. Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçilərinə qarşı bir neçə maddə ilə cinayət işi açıb. Ermənistan Baş Prokurorluğunun məlumatına əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanılıb.

Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb: “Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam”.

Əsir düşən əsgərlərin anaları: “Məktuba inanmırıq” | KONKRET

Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib: “Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, hərbçilərimiz barədə cinayət işinin başlanması əsassızdır: “Hərbçilərimiz dumanda azaraq sərhədi keçiblər. Cinayət işinin başlanması hay-küy məqsədi daşıyır. Eyni zamanda bunun vaxtilə Azərbaycan ərazisinə daxil olmuş erməni hərbçilərin dəyişdirilməsi ilə bağlı olduğu istisna deyil. Azərbaycanda yolunu azmış hərbçilərin heç bir cinayət işi açılmadan Ermənistana geri qaytarılması faktları var, lakin ermənidən hər şey gözləmək olar. Diplomatik təzyiq yolu ilə məhkəmə hökmü olmadan hərbçilərimizin qaytarılmasına nail ola bilərik”. Q.Əlibəyli qeyd etdi ki, azərbaycanlı əsgərlərin döyülməsinə, onlara işgəncə verilməsinə görə beynəlxalq məhkəmələrə müraciət edilə bilər.

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

 Çingiz Qənizadə

Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də azərbaycanlı hərbçilərə cinayət işinin açılmasını əsassız və qərəzli adlandırıb: “Heç bir ölkənin hüquqşünasları azaraq sərhədi keçən hərbçilərə qarşı ittihamları dəstəkləməz, çünki bu ittihamlar gülünc və absurddur. İttihama görə, azərbaycanlı hərbçilər bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində və s. ittiham olunurlar. Ermənistan azərbaycanlı hərbçilər üzərində məhkəmə şousu hazırlamaq və Azərbaycandakı əsl erməni cinayətkarları ilə dəyişdirilməsinə nail olmaq istəyir. İndiki məqamda hesab edirəm ki, ittiham irəli sürülübsə və istintaq gedirsə, Ermənistan tərəfi məhkəmə yekunlaşdıqda əsirlərin dəyişdirilməsi ilə bağlı təklif irəli sürəcək”.

Ç.Qənizadə hesab edir ki, Ermənistanın atacağı addımları gözləməklə kifayətlənmək olmaz: “Biz bütün beynəlxalq təşkilatları, digər ölkələrin səfirliklərinin diqqətini bu məsələyə yönəltməliyik. Hərbçilərimizə qarşı irəli sürülən ittihamlar ləğv edildikdən, günahsız olduqları sübut edildikdən sonra onların Azərbaycana qaytarılmasına nail olmaq mümkündür. Əks halda, bu, yalnız məhkəmə qərarından sonra mümkün ola bilər. Bu isə uzun prosesdir. Məhkəmə aylarla davam edə bilər”. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …