Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Əmrullayev bütün əmrinə müntəzir olanlardan xəbərdardırmı?

Əmrullayev bütün əmrinə müntəzir olanlardan xəbərdardırmı?

Tam əksəriyyətə məlumdur ki, bugünə kimi ölkəmizin təhsil sahəsində əsaslı islahatların həyata keçirilməsinə baxmayaraq, hələ də bu sahədə çoxsaylı problemlər, həddi-hüdudu bilinməyən çatışmazlıqlar və s. mövcuddur. Yaşanan problemlərin daha çoxu ölkəmizin ümumtəhsil və orta ixtisas məktəblərində yaşanır desək, heç də yanılmarıq.

Bir xatırlamanı yada salaq ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin imzaladığı 15 iyun 1999-cu il tarixli “Azərbaycan Respublikasının Təhsili Sahəsində İslahat Proqramı”, məhz ölkəmizin təhsil sahəsində həyata keçirilən islahatın ən qiymətli başlanğıcı olmuşdur. Yəni, bu sahədə əsaslı islahatların həyata keçirilməsində başlıca məqsəd, ölkəmizdə təhsilin səviyyəsini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırmaq idi. Bundan əlavə, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” Sərəncamı da, hal-hazırda öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Yəni, möhtərəm Prezident bu Sərəncamı imzalamaqla onu sübut etmişdi ki, ölkəmizin təhsil sahəsi daim inkişaf etdirilməlidir, problemləri aradan qaldırılmalıdır və bu sahə daim dövlətimizin diqqət mərkəzindədir.
Qeyd edək ki, bugünə kimi ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində lazımi addımların atılmasına baxmayaraq, gundemxeber.az xəbər portalının redaksiyasına Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində olmazın anarxiyanın, hər cür hərcmərcliklərin hökm sürməsi barədə xeyli məlumatlar daxil olmaqdadır. Yəni, daxil olan məlumatlarda vurğulanır ki, hal-hazırda adı çəkilən bu təhsil ocağında elə bir hoqqalar, elə bir həngamələr baş verir ki, sanki yaşananları məşhur filmlərdə oynanılan rollarla eyniləşdirmək olar.
Onu da bildirək ki, bu təhsil müəssisəsi 1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun (indiki Bakı Sosial Pedaqoji Kollecinin) Əli Bayramlı (indiki Şirvan şəhəri) filialı olaraq fəaliyyətə başlayır.
Hal-hazırda bu orta ixtisas təhsili müəssisəsində direktor vəzifəsini filologiya elmləri üzrə fəlsəfə doktoru cənab Barxudar Barxudarov daşımaqdadır. Media üzərindən apardığımız araşdırmalardan, müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 2014-cü ildə Nazirlik əməkdaşları bu təhsil ocağında ciddi yoxlamalar aparırlar. Aparılan yoxlamalar zamanı bir çox qanun pozuntularına, o cümlədən ciddi maliyyə pozuntularına yol verildiyi aşkara çıxarılır. Düzdür, həmin vaxt rəhbərliyə qarşı lazımi cəza tədbiri görülməsə də, müəyyən ölçü götürülür. Məsələnin düşündürücü tərəfi odur ki, bu gün də Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində büdcə vəsaitlərindən istifadə zamanı bir çox “sapmalar”a, həmçinin müqavilə sənədlərinin saxtalaşdırılmasına və bir çox ciddi qanun pozuntularına yol verilir.
Daha ciddi qanun pozuntularından biri də, bu Kollecdə müxtəlif əsas vəsaitlərin qiymətləndirilməsi, abadlıq və cari təmir işlərinin satın alınması, həmçinin maşın və avadanlıqların satın alınması və s. haqda kotirovka sorğusunun nəticələri ilə bağlı dövlət satınalmalarının vahid portalında heç bir məlumatın yerləşdirilməməsi olur. Rəhbərlik belə bir addımını ona görə atır ki, satın alınan mallar və digər məqsədlər üçün ayrılan vəsaitlər süni şəkildə şişirdilir. Bütün bunlar da onu söyləməyə əsas verir ki, cənab Barxudar Barxudarovun rəhbərlik etdiyi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Təhsil Qanununa “gözucu münasibət” bəslənilir. Bu təhsil müəssisəsində baş verən hoqqalardan biri də, Kollecin Tender Komissiyasına ünvanlanan sorğulara heç bir halda cavab verilməməsi olur. Düşündürücü hal odur ki, tam əksəriyyət Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktorunu sabiq təhsil naziri Mikayıl Cabbarovun kadrı kimi tanıyırlar. Yəni, söylənilənlərə görə Barxudar Barxudarov, sabiq Nazirin zamanında Kollecdəki özbaşınalıqların qarşısını almağa çalışırdısa, bu gün o, fərqli idarəçiliyini həyata keçirməkdədir. Belə bir səbəbdəndir ki, hal-hazırda Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş alıb gedən özbaşınalıqların və korrupsiya hallarının miqyası daha böyükdür. Deməli, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev, bu təhsil ocağında ciddi yoxlamaların aparılması üçün, tabeliyində olan şəxslərə lazımi tapşırığını verməlidir. Yəqin ki, o halda Barxudar Barxudarovun idarəçiliyinə hüquqi müstəvidə hüquqi qiymət vermək mümkün olacaq. Yoxsa, …
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Bizi izləyin. Mövzuya qayıdacağıq.

GundemXeber.Az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …