Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Şəhid hərbçimizin anası: “Həmin gün zəng vurdu ki, şəhid olsam mənimlə fəxr edin…”

Şəhid hərbçimizin anası: “Həmin gün zəng vurdu ki, şəhid olsam mənimlə fəxr edin…”

Xəbər verildiyi kimi ötən həftə düşmən snayperinin açdığı atəşlə Azərbaycan ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Füzuli Salahov şəhid olub. Şəhidimiz doğulub böyüdüyü Şabran rayonu, Gəndab kəndində dəfn olunub.

Virtualaz.org xəbər verir ki, F. Salahov 1978-ci ildə Gəndab kəndində doğulub. Həmin kənddə orta məktəbi bitirib və karyerasını hərb sahəsində davam edib. Bu illərdə bir çox orden və medallarla təltif olunub. Əvvəlcə Qusar rayonunda xidmət edən Füzuli Salahov öz istəyi ilə ön cəbhəyə gəlib.

Hərbçimiz həmin gün evlərinə zəng vurub, qardaşı, anası və bacısı ilə telefonda danışıb

Həmin gün anasına “əgər şəhid olsam, mənimlə fəxr edin” deyib. Şəhidin anası Sevda xanım oğlunun bütün qohum-əqrəba içərisində hörməti olduğunu deyir:“Füzuli mənim ortancıl oğlumdur. O, təkcə ailənin deyil, bütün nəslin fəxri idi. Onu məktəbdə hamı sevirdi – həm uşaqlar, həm də müəllimlər. Oğlum hər kəslə öz dilində danışmağı bacarırdı. Hələ indiyə kimi heç kəs onun haqqında pis bir söz deməyib, ondan narazılıq etməyib”.

Onun sözlərinə görə, oğlu cəbhə bölgəsinə gedərkən anası ilə üç dəfə görüşüb və onu çox istədiyini deyib. Ana oğlu ilə sonuncu dəfə ölümündən bir neçə saat əvvəl telefonla danışıb: “Gecə idi, o həmişəki kimi kiçik qardaşına zəng elədi. Sonra dedi ki, telefonu anaya ver. Həmin gün mənə rahat danışa bilək deyə ayrıca telefon alacağını dedi. Dedi ki, anacan, hər gün sənin səsini eşitmək istəyirəm…”, – şəhidin anası deyir.

Füzulinin bacısı isə onun təhlükəli yerdə olmasından narahat olub və dəfələrlə qardaşına ehtiyalı olmağı tapşırıb. O isə bacısına “Alnıma yazılıbsa öləcəyəm, əgər şəhid olam, bütün şəhidlər üçün ağla..” deyib.

“Bu yaxınlarda həyat yoldaşımı itirmişəm. İndi isə qardaşım şəhid oldu. Bütün bunlardan sonra necə yaşayım?”, – şəhidin bacısı fəryad edir.

Füzulinin iki oğlu var – Nihad və Nicat. Böyüklər onlara atalarının qayıdacağını desələr də, uşaqlar onu bir daha görməyəcəklərini dərk edirlər. Şəhidin atası Süleyman Salahov isə qəhərdən danışmağa çətinlik çəkir. O, yalnız oğlu ilə fəxr etdiyini deyir və bütün şəhidlərə Allahdan rəhmət diləyir…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …