Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Prezidentlə “mənim prezidentim” arasındakı fərq – Aqil ƏLƏSGƏR

Prezidentlə “mənim prezidentim” arasındakı fərq – Aqil ƏLƏSGƏR

İlk dəfə Avropa Şurasında ingilis dilində Azərbaycan həqiqətlərini dünyanın üzünə söyləməsi ilə tanıdıq Onu.
Sərt və səlis şəkildə çıxışını efirdən izləmişdik. Cənab Prezident o zaman millət vəkili idi. Beynəlxalq siyasət arenasında ilk addımlarını atırdı, ancaq qətiyyətlə… Dünya Heydər Əliyevdən aldığı Azərbaycan bayrağını ucaldacaq liderlə yeni-yeni tanış olurdu…
Siyasətə gəlişi heç də hamar olmamışdı. Ancaq heç bir əngəl Onu tutduğu yoldan döndərə bilmədi. Böyük siyasətçi adlananlar yalnışlıqlarının qurbanı olarkən, O, yürütdüyü balanslı siyasətlə sadəcə Azərbaycanı qorumadı, həm də regionun lider dövlətini yaratdı.
***
Azərbaycanın sürətli inkişafını oturduğu məhəllədən kənara çıxmadan görmək imkansızdır. Bəzən üç-beş funksioneri idarə etməkdən acizlər ölkəmizdə problem axtarmaq eşqinə düşürlər. Siz 24 illik və müharibədən çıxmış bir dövləti əsrlərin dövlətləri ilə müqayisə edirsiniz. Ancaq 70 il bərabər yaşadığımız post sovet ölkələrini kimsə görmür. İnanın, SSRİ dövründə bizdən dəfələrlə öndə olan sosialist respublikalarına səfər etsəniz, Azərbaycanın xüsusilə son 10 ildə necə bir Avropa ölkəsinə çevrildiyinə şəhadət gətirəcəksiniz. Bu gün çox öydüyünüz Gürcüstan belə Azərbaycanın dəstəyini çəkdiyi halda bir anda çökəcəyini gürcülər belə bilir… Rus tankları Tiflisin beş addımlığında dayanarkən, Gürcüstanın yanında nə ABŞ qalmışdı, nə də Avropa… Gürcü xalqına minnət və ehtiram duyduğunu hər addımda dilə gətirən Almaniyanın tozu belə qalmamışdı… Sadəcə, Əliyev Gürcüstana sahib çıxdı…
***
24 il bir cavanın ömrü olsa da, dövlət üçün çox qısa dönəmdir. 24 illik bir dövlət iki böyük Avropa oyununa ev sahibliyi edir, həm İslam, həm də Qərb dünyasında ciddi uğurları və öz dəst-xətti ilə seçilirsə, bu Azərbaycanın uğurudur. Bəzən əsrlik dövlətlərin adlarını qonşuları belə bilmir. Ancaq 1994-cü ildə Əsrin Müqaviləsi ilə ismini Ulu Öndər Heydər Əliyevin dünyaya duyurduğu Azərbaycan İlham Əliyev tərəfindən duymaq istəməyənlərə də tanıdıldı. Bu gün bir gerçəklik var: Azərbaycan adlı Qafqazın qəlbindəki kiçik və gənc bir dövlət var.
***
12 iyunda Azərbaycan I Avropa Oyunlarının Açılış Mərasimini keçirdi. 28 iyunda ən az Açılış Mərasimi qədər möhtəşəm Bağlanış Mərasiminə şahidlik edəcəyimizdən heç şübhəmiz yoxdur. Bir ölkənin tanıtımı üçün ediləcək ən gözəl reklam görülən işlərdir. İlham Əliyev bütün dünyaya bunu göstərdi. Azərbaycana dəvət edilən ölkə başçılarına, qonaqlara Azərbaycanın necə bir qüdrətli dövlətə çevrildiyi göstərildi. Eyni zamanda ermənilərə…
***
İlham Əliyev sadəcə bir ölkənin başçısı rolunu oynamır. Cənab Prezident eyni zamanda Türkiyə ilə Rusiya arasında da kilid adamdır. Putin və Ərdoğan kimi kaprizli iki lideri bir araya gətirən, dialoqlarını təşkil edib, Azərbaycanın iki strateji müttəfiqinin dost olmasına çalışan bir Əliyev var qarşımızda… Bu gün dünyanın qarşı çıxdığı sadəcə Azərbaycan Prezidenti deyil, həm də dünyaya qarşı Türkiyə-Rusiya-Azərbaycan blokudur. Elan edilməsə belə dünyanın gözünə batan bir ittifaqın ən önəmli siması olmasını Azərbaycana bağışlaya bilmirlər.
Yəni, bu gün Avropanın, Amerikanın dilindən düşürmədiyi insan haqqları, söz azadlığı filan bəhanədir… Bu gün Amerikanı da, Avropanı da narahat edən Azərbaycanın onların qurduğu düzənə uyğun gəlməyən siyasətidir. Baxın, Yunanıstan çökdü-çökəcək, ancaq xəstə yatağından Azərbaycana hücum edir. Alman Merkeli öz ayıbına kor olmaq yerinə, Azərbaycanın üzərinə gəlir. ABŞ-ın muzdlu senatorları önlərinə qoyulan Azərbaycan əleyhinə bəyanatları oxuyurlar. “Vaşinqton Post”undan “The Guardian”ınına, “Hürriyyət”indən “Today`s Zaman”ına Azərbaycan əleyhinə fəaliyyət göstərən media qurumlarına baxın, onların hansı azaddır? Hansı biri ABŞ-ın dövlət maraqlarının əleyhinə bir cümlə verə bilər? Hansı ingilis maraqlarını zədələyəcək bir yazının arxasında dayanar? Anadoluda gözəl bir söz var, “dinimə söyən müsəlman olsa, yandırmaz”.
***
Azərbaycan artıq böyük bir çağı arxada qoyub. İlham Əliyevin apardığı xarici siyasət böyük hədəflər vəd edir. Həm Qərb, həm Şərqlə aparılan balanslı siyasət Azərbaycanı böyük oyunların aparıcı oyunçusuna çevirməkdədir. Bunun üçün sadəcə erməni diasporunun deyil, 24 illik bir respublikanın uğurlarını qısqanan bütün böyük güclərin hədəfindəyik. İçimizdəki maşa olmaqdan həzz alan kiçik insanların kukla kimi oynadıldığı bir dönəmdəyik. Bu dəfə Qərb sadəcə bu insanlarla yetinməyəcək. Azərbaycanı silkələmək üçün bütün kartlarından istifadə edəcək. Necə ki, etməkdə davam edir. İllərlə içimizdə səssiz-sədasız saxladığı kriptoları deşifrə etmək məcburiyyətində qalacaq. Susan dillər danışmağa başlayacaq. Məmur eşalonundan da böyük yarpaq tökümü olacaq. Amerikanpərəstlər, qərbpərəstlər öz mövqelərini açıqlamaq məcburiyyətində qalacaqlar. Ancaq Xəlq edən və xalq İlham Əliyevdən yana olduqdan sonra, yel qayadan ancaq toz aparar…
***
Bir neçə gündən sonra Avropa Oyunları başa çatır. Ancaq bu oyunların səs-sədası hələ uzun müddət gələcək… Ölkəmizə gələnlərin yaddaşlarında Heydər Əliyevin atdığı təməllər üzərində möhtəşəm Azərbaycan quran İlham Əliyevin əsərləri qalacaq. Son 10 ildə tikilən və Bakıya ayrı bir gözəllik verən abidələr önündə çəkilən xatirə şəkilləri onları bir daha Azərbaycana gəlməyə səsləyəcək…
Nəticədə qazanan hər zaman Azərbaycan olacaq!..
***
Prezident olmaq o qədər də əlçatmaz deyil. Dünya çox təsadüfi prezidentlər şahid oldu və olmaqdadır. Ancaq alimindən fəhləsinə, kənd adamından şəhərlisinə, tələbəsindən müəlliminə hər kəsin “mənim prezidentim” deyə, bağrına basdığı bir liderə çevrilməkdir çətin olan. İlham Əliyev çətin olanı bacardı. Bu gün hamımız fəxrlə İlham Əliyevə “mənim prezidentim” deyiriksə, bu Prezidentin qələbəsidir. Unudulmamalıdır ki, xalqın dəstəyini və sevgisini qazanan bir prezidentin üzərinə hansı qüvvə gəlirsə, gəlsin, məğlub olacaqdır. Çünki bu xalq öz prezidentinə hər zaman sahib çıxıb və çıxacaqdır…

Həmçinin oxuyun

Ermənistana məxsus PUA zərərsizləşdirilib

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən …

Bir cavab yazın