Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ayətullah Həmədani niyə gəlmişdi? – Kənan Rövşənoğlu

Ayətullah Həmədani niyə gəlmişdi? – Kənan Rövşənoğlu

Xəbər verildiyi kimi, ötən həftə İranın nüfuzlu islam alimi Ayətullah Nuri Həmədani Azərbaycana səfər edib. O, ölkəmizdə bir həftə qalıb, bu müddətdə Bakıda, Təzə Pir məscidində, Hüseyniyyə ibadətgahında, Bibiheybət ziyarətgahında, Nardaranda, həmçinin Şamaxı Cümə məscidində, Gəncədə Şah Abbas məscidi və “İmamzadə” kompleksində olub, görüşlər keçirib.

Qeyd edək ki, şiə dünyasının nüfuzlu alimi, müctəhid, mərcəyi-təqlid Ayətullah Nuri Həmədani İranda böyük nüfuz sahibidir. Hazırda 92 yaşı olan alim ilk təhsilini Həmədanda əvvəl atasından, sonra isə yerli mədrəsədə alıb. Daha sonra Qum elmi hövzəsinə gedən Həmədani burda dərin ilahiyyat təhsili alıb, ictihad dərəcəsinə çatıb. Bir sıra elmi əsərlərin, o cümlədən şəriət risaləsinin müəllifidir, bu gün də yuxarı dərəcəli ilahiyyatçılar üçün xaric dərsləri deyir.

Ancaq Ayətullah Həmədaninin şöhrətinin arxasında həm də onun ictimai fəaliyyəti dayanır. İranda Şah dönəmində başlayan etiraz dalğasını dəstəkləyən, Şaha qarşı çıxış edən və buna görə sürgünə göndərilən az saylı nüfuzlu ruhanilərdən biri Həmədani olub. Bu səbəbdən hazırda onun İslam Respublikasında rəsmi qurumlar və şəxslər yanında böyük hörməti var.
Maraqlıdır ki, müctəhidlər bir qayda olaraq yaşlı adamlar olduqları üçün adətən nadir hallarda səfər edir. Ancaq 92 yaşına rəğmən, Həmədani son illərdə İraq, Rusiya, indi isə Azərbaycana səfər etdi. Görünən odur ki, onun bu səfərləri sadəcə, yaşlı alimin marağından qaynaqlanmır, həm də müəyyən missiya daşıyır. Eyni zamanda dövlət üzərində ciddi təsiri olan ruhaninin səfəri həm də rəsmi olmasa da, dövlətin maraqlarına uyğun olduğunu demək olar.

Maraqlıdır ki, Ayətullah Həmədaninin Azərbaycana səfərinin təşəbbüskarı və təşkilatçısı QMİ sədri Şeyxülislam Allahşükür Paşazadədir. Ancaq həm Bakıdakı qarşılanma, təşkilatçılıq və protokol onu deməyə əsas verir ki, bu səfər dövlətlər arasında razılaşdırılıb. Həmədaninin Azərbaycana səfər etməsində dövlət rəhbərliyi də maraqlı olub.

Bu səbəbdən də hökumət İslam aliminin səfərini yüksək səviyyədə təşkili üçün Şeyxə hər cür dəstəyi verib. Bu isə təbii ki, daha sox son zamanlar İran və Azərbaycan arasında münasibətlərdən qaynaqlanır. Son illərdə həm Bakı, həm də Tehran ikili münasibətlərin inkişafında maraqlıdır. Burda həm iqtisadi maraqlar, qarşılıqlı yatırım imkanları, eləcə də birgə enerji tranziti və sair kimi böyük miqyaslı layihələrlə yanaşı, regionda sabitliyin getdikcə daha da kövrəkləşməyə doğru getdiyi bir vaxtda İran kimi böyük qonşu ilə etimad mühiti yaratmaq istəyi ilə izah oluna bilər.

Məsələ burasındadır ki, Azərbaycan hazırda faktiki olaraq Ermənistanla müharibə şəraitindədir, hər an savaş ola bilər. Digər tərəfdən qonşu Türkiyədə PKK və İŞİD terroruna qarşı savaş başlayıb. Artıq PKK ilə savaş Azərbaycanın sərhədlərində aparılır. Bundan başqa radikal dinçi terror təşkilatlarının yaratdığı təhdid, Şimali Qafqazda yenidən müharibənin başlaması təhlükəsi Bakını regional əməkdaşlığı, təhlükəsizlik imkanlarını artırmağa sövq edir. Bu məsələdə isə hazırda Azərbaycanla İranın maraqları üst-üstə düşür, hər ikisi bölgədə terror müharibəsinin başlamasını istəmirlər.

Beləliklə, həm iqtisadi, həm də təhlükəsizlik maraqları hazırda Bakı və Tehranı bir-birinə yaxınlaşdırır. Bu istiqamətdə ən fəal vasitəçilərdən biri də Şeyxülislamdır. Şeyx artıq bir neçə ildir ki, şəxsi əlaqələri hesabına Bakı ilə Tehran arasında münasibətlərin istiləşməsi üçün çalışır. Ayətullah Həmədaninin Bakıya dəvət edilməsi və xoş qarşılanması böyük ehtimalla Şeyxin təşəbbüsü və dövlət rəhbərliyinin dəstəyi ilə baş tutub.

Bu hadisə eyni zamanda Bakı ilə Tehran arasında bir zamanlar yaranmış dini mövzuda kəskin fikir ayrılıqlarını aradan qaldırmağa hesablanıb. Müstəqillikdən sonra ilk dəfə Azərbaycana bu cür yüksək səviyyəli ruhani alim gəlib. Bu fakt Şeyxülislamın Azərbaycanda dini elitanın başında dayanan şəxs kimi qəbul olunduğunu bir daha təsdiqləməklə yanaşı, onun mövqelərini möhkəmlədir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın