Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Afrin nəzarətdə, türk ordusu Menbic yolunda

Afrin nəzarətdə, türk ordusu Menbic yolunda

Ankara Vaşinqton qarşısında şərt qoyur

Türkiyə ordusu Suriyanın şimalında Afrin rayonunun eyni adlı mərkəzini artıq mühasirəyə alıb. Şəhər iki tərəfdən Türkiyə ordu qüvvələrinin və müttəfiq silahlıların mühasirəsi altındadır. Cənubda Qadi Rayhala məntəqəsi nəzarətə götürüldükdən sonra bütövlükdə Afrin və mərkəzi mühasirəyə düşəcək, ətraf bölgələrlə əlaqəsi qırılacaq.

Türkiyə ordusu Baş Qərargahı Afrin əməliyyatının gedişi ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada əməliyyatın uğurla davam etdiyi, terrorçuların canlı qüvvəsi, eləcə də sığınacaqlar, postlar, blindajlar, silah anbarlarının məhv edildiyi qeyd olunur. Bundan başqa, Türkiyə ordusu növbəti dəfə əməliyyatın gedişində mülki əhalinin xüsusilə qorunduğunu və onların zərər görməməsi üçün xüsusi tədbirlər həyata keçirildiyini bildirir. Əməliyyat bölgəsində olan mülki insanların tibbi xidmətlər də daxil olmaqla, bütün zəruri ehtiyaclarının təmin olunduğu, təhlükəsizliklərinin xüsusi olaraq qorunduğu bildirilir.

afrin operasyonu ile ilgili görsel sonucu

Açıqlamada qeyd olunur ki, martın 12-dən etibarən Türkiyə ordusu və müttəfiq qüvvələri Afrin rayon mərkəzini mühasirəyə alıb. Eləcə də planlanan əməliyyat üçün zəruri nöqtələr nəzarətə götürülüb. Yanvarın 20-dən başlayan əməliyyat çərçivəsində 3393 nəfər terrorçu zərərsizləşdirilib. Afrinin mərkəzi mühasirəyə alınsa da, Türkiyə ordusu mülki əhalinin şəhəri tərk etməsi üçün təhlükəsizlik dəhlizi yaradıb. Təkcə martın 12-də Türkiyə ordusu 12 kəndi azad edib. Bununla da 175 kənd və 37 strateji nöqtə terrorçulardan təmizlənib.

afrin operasyonu ile ilgili görsel sonucu

Rəsmi açıqlamaya əsasən Türkiyə ordusu hazırda ətraf ərazilərdə möhkəmlənərək Afrinin mərkəzində aparılacaq əsas əməliyyata hazırlaşır. Bu arada həm də siyasi-diplomatik “cəbhədə” gərgin fəaliyyət davam edir. Məsələ ondadır ki. Türkiyə həm kürdlərin əsas dəstəkçisi olan ABŞ hökuməti ilə anlaşma əldə etməli, eyni zamanda Rusiya ilə müttəfiqliyin davam etdirilməsi və əməliyyatın növbəti mərhələsini razılaşdırmalıdır. Ötən gün Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ ABŞ hökuməti ilə aparılan müzakirələrdən danışıb. B.Bozdağ deyib ki, ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri zamanı 3 ayrı mexanizmin formalaşdırılması qərarlaşdırılıb və ortaq mexanizmin ilk toplantısı 8-9 martda Vaşinqtonda keçirilib. Baş nazirin müavini deyib ki, Türkiyə ABŞ-dan gözləntilərini açıq şəkildə ortaya qoyub və müzakirələrin nəticəsində müəyyən nöqtəyə gəlinib. Sitat: “Türkiyənin mövqeyi qətidir. Ankara Menbicdə PKK, PYD, YPG, İŞİD daxil olmaqla heç bir terror təşkilatını görmək istəmir. Bu bölgədə terrorçuların açıq bir şəkildə bəslənməsini və qorunub saxlanılmasını istəmir. Bunu qəti şəkildə tərəf-müqabillərinə bildirdik. Burada anlaşma olmayacaqsa, Afrində olduğu kimi Türkiyə Menbicdə də eyni üsul və taktikadan istifadə edəcək”.

Bəkir Bozdağ deyib ki, martın 19-da xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfər edərək amerikalı həmkarı Reks Tillersonla bu mövzuları müzakirə edəcək. Yalnız bundan sonra dəqiq olaraq hansı məsələlərdə razılaşmanın olduğu, hansı mövzularda olmadığı aydınlaşacaq.

Yeri gəlmişkən, aprelin 4-də Rusiya, İran və Türkiyə prezidentlərinin İstanbulda növbəti sammiti baş tutacaq. Prezidentlər Astana prosesinin növbəti mərhələsini müzakirə edəcəklər. Eyni zamanda bir gün öncə, yəni aprelin 3-də Türkiyə və Rusiya Strateji Əməkdaşlıq Şurası toplantısı baş tutacaq. Bu toplantılarda Suriyada bundan sonrakı vəziyyət, eləcə də Türkiyənin Menbic qərarı razılaşdırılacaq. Təbii ki, ondan əvvəl də Ankara Vaşinqtondan Menbic dəstəyi və ya başqa sözlə, qarışmamağı istəyəcək. Bu mənada hər şey martın 19-dakı Vaşinqton görüşündə razılaşdırılacaq. Vaşinqton kürdlər və Türkiyə arasında seçim etməli olacaq. Təbii ki, ona qədər bölgədə daha böyük hadisələr baş verməsə. Çünki hazırda Vaşinqtonda yenidən Suriya hökumətinə qarşı hərbi güc tətbiq etməklə bağlı çağırışlar gəlir. Şərqi Qutada müxaliflərə qarşı kimyəvi silahdan istifadə edildiyini əsas göstərərək 1 il əvvəl olduğu kimi, ABŞ ordusu Suriya qüvvələrinə qarşı zərbələr endirə bilər. Artıq Rusiya ordusu Baş Qərargahı bununla bağlı açıqlama verərək mümkün təxribatlar zamanı cavab zərbəsi endiriləcəyini bəyan edib.

 

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …