Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Türkiyə-Ermənistan sərhədi açıla bilərmi?

Türkiyə-Ermənistan sərhədi açıla bilərmi?

Türkiyənin məşhur köşə yazarı Fateh Çəkirgə “Hürriyet” qəzetində dərc olunan köşəsində Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyini yazıb.
Müəllif xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya son səfərinin də bununla bağlı olduğunu qeyd edib: “Çavuşoğlu sülh üçün ilk addımlarını 14-15 iyul Bakı görüşü zamanı atıb. Müsbət məqamlar da var. Daha irəli mərhələlər üçün zəmin hazırdır”.
Yazar, həmçinin, bildirib ki, iqtidarın “düşmənləri azaldacağıq, dostları isə çoxaldarıq şüarı” Ermənistanla sərhəd məsələsinə bir işarədir.
Qeyd edək ki, bəzi aparıcı KİV-lər köşə müəllifi olan jurnalist Çavuşoğlunu Bakı səfəri zamanı müşayiət edənlər arasında olub. Yəni bu cür iddia təsadüfi bir adam tərəfindən səsləndirilmir. Xüsusilə də diqqətçəkən məqam odur ki, müəllif Bakıda sərhədlərin açlılması ilə bağlı hansısa müsbət nəticənin əldə olunmasına eyham edir. Rəsmi Bakının bu məsələyə loyal münasibət bəsləməsi nə dərəcədə inandırıcı görünə bilər?
Konfliktoloq Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu mövzu zaman-zaman gündəmə gətirilib:

“Hələ 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında bu istiqamətdə danışıqlar aparılıb. Hətta vəziyyət Sürix protokollarının imzalanmasına kimi gedib çatdı. Azərbaycanın təbii ki, həmin məsələyə reaksiyası sərt və adekvat oldu. Xatırladaq ki, həmin məsələyə etiraz yalnız rəsmi səviyyədə deyil, eyni zamanda hər iki ölkənin ictimaiyyəti tərəfindən bildirildi. Demək istəyirəm ki, bu mövzu olduqca ciddi və prinsipial əhəmiyyət kəsb edir. Sonra rəsmi Ankara dəfələrlə bəyan etdi ki, sərhədlərin açılması yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra mümkün ola bilər. Bu dəfələrlə bəyan olunub. İndi hansısa fövqəladə bir hadisə baş verməyib ki, Türkiyə bu addımı atsın. Qeyd edilir ki, Türkiyə xarici siyasət kursunu elə balanslamaq istəyir ki, dostlarının sayı artsın. Bu normaldır və istənilən dövlətin daxili işinə aid olan məsələdir. Ancaq Azərbaycan heç vaxt bu məsələyə razılığını ifadə edə bilməz.
Bu məsələyə kompleks yanaşmaq lazımdır. Yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması, eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin tənzimlənməsi yalnız Dağlıq Qarabağ probleminin həlli prosesi çərçivəsində mümkün ola bilər.
Çünki Türkiyə-Ermənistan sərhədlərinin bağlanması Azərbaycan rayonlarının, xüsusən də Dağlıq Qarabağın işğal olunması ilə bağlıdır.
Ona görə də bu səbəb aradan qalxmadıqca sərhədlərin açılması mümkün deyil. Azərbaycanın bu məsələ ilə bağlı rəsmi mövqeyi çox prinsipial və dəqiqdir. Yəqin ki, Türkiyənin rəsmi dairələri bu mövzuya tam aydınlıq gətirməli olacaq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …

Bir cavab yazın