Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Prezident icra başçılarını sınağa çəkməyin işgüzar üsulunu tapdı

Prezident icra başçılarını sınağa çəkməyin işgüzar üsulunu tapdı

Xəbər verdiyimiz kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Qeyd edək ki, nazirlərin və bir sıra şirkət rəhbərlərinin, sahibkarların qatıldığı konfransın həm əvvəlində, həm də yekununda Prezident İlham Əliyev geniş nitq söyləyib. İlham Əliyevin məmurlara verdiyi tövsiyələr içində icra başçılarına yeni iş metodu ilə işləmələrinə dair tövsiyə xüsusilə diqqətçəkən olub. Prezident bildirib ki, qeyri-neft sənayesi sürətlə artaraq 8,4 faizə çatıb:

“Azərbaycanda sənayeləşmə prosesi gedir. Texnoparklar yaradılır, sənaye klasterləri yaradılmalıdır. Mən artıq göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Ancaq bu proses ləng gedir. Burada oturan bütün şəhər, rayon icra başçıları da bu işlərdə daha fəal olmalıdırlar. Onlar, İqtisadiyyat Nazirliyi və sahibkarlar bu işi görməlidirlər. Bu gün fasilədən sonra bu məsələ mütləq müzakirə edilməlidir. Hər bir rayondan ayrılacaq sahələrlə bağlı konkret təkliflər verilməlidir. İcra başçıları özləri bu işlərə çox ciddi fikir verməlidirlər. Ümumiyyətlə, bölgələrimizə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdi. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları bu işlərdə daha da fəal olmalıdırlar. Onların fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq: nə qədər investisiya cəlb etmisən, sahibkarlara nə qədər şərait yaratmısan, nə qədər müəssisə yaradılıb, nə qədər yeni iş yeri açılıb?! Ona görə, ilk növbədə, hər bir yerdə statistika düzgün aparılmalıdır ki, burada şişirtmə olmasın. Çünki bu, elə köhnə xəstəlikdir və işlər düzgün qurulmalıdır. Ona görə bu il hər bir rayonda sənaye zonalarının yaradılması başlamalıdır. Ümumiyyətlə, mən bizim özümüzü qeyri-qida məhsulları ilə təminetmə imkanlarımız haqqında bir neçə rəqəmi gətirmək istəyirəm. Bu həm görülən işləri əks etdirir, həm də sahibkarlara, icra başçılarına, dövlət qurumlarının nümayəndələrinə, bir növ, yol xəritəsi olacaqdır – harada boşluqlar var və hansı işlər görülməlidir”.
İcra başçılarına tapşırılan bu yeni iş üslubu hansı nəticələrə səbəb olacaq?
Regionların inkişafı layihələri üzrə ixtisaslaşmış ekspert Orxan Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, Prezident tərəfindən verilən bu tapşırıq rayonların inkişafına səbəb olacaq:

“Rayonların abadlaşması əvvəllər sırf dövlət büdcəsi hesabına aparılırdı. Hətta, əksər hallarda, Prezidentin ehtiyat fondundan həmin layihələr üçün vəsaitlər də ayrılırdı. Bizim apardığımız araşdırmalardan məlum olub ki, heç də rayonların hamısında abadlaşma adı ilə həyata keçirilən proseslərdə şəffaflıq olmayıb. Düzdür, həmin proseslərə də iş adamları cəlb olunurdu, ancaq başqa formada. Bəzi hallarda isə iş adamlarına zorla gördürülən istənilən işlərlə bağlı narazılıqlar yaranırdı. Hətta bunun səs-sorağı KİV-lərə gedib çıxırdı. Ölkə başçısının yeni tapşırığı isə olduqca zəruri və yerli qurumlar üçün əlverişlidir. Bir növ, onların əl-qolunu açmış olur. Təsəvvür edin ki, hər hansı bir zirək icra başçısı böyük bir layihə həyata keçirməklə bir rayonun inkişafını təmin edə bilər. Bunun üçün icra başçılarının özləri də xarici investorlarla danışıq apara biləcək. Sizi inandırım ki, mərhələli şəkildə maneələrin aradan götürülməsi regionlara xarici investisiyanın cəlbini əsaslı şəkildə sürətləndirəcək. Bizim royonlarda olduqca işgüzar başçılarımız var. Qısa müddətdə biz rayonlarımıza xarici investisiyanın sürətli cəlbinin şahidi olacağıq. Məlumdur ki, xarici investorları regionlara cəlb edə biləcək çoxlu sayda səmərəli təklif var. Sadəcə onların reallaşması qalır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın