Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Oliqarxlar balta götürüb İlham Əliyevin ağaclarına hücum etdi

Oliqarxlar balta götürüb İlham Əliyevin ağaclarına hücum etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları dünən Suraxanı rayonu, Zığ qəsəbəsində naməlum şəxslərin hücumuna məruz qalıb.

Hadisə beton yoldan bir qədər aralıdakı ərazidə baş verib. Nazirlik işçiləri polisə müraciət etsə də hüquq-mühafizə orqanlarının əməkdaşları da bu münaqişənin qarşısını ala bilməyib. Bununla belə dövlət qulluqçularına əl qaldıran şəxslər sakitləşdirilib.

Məlumata görə, tərəflər arasındakı insident dövlət mülkiyyətində olan torpaq sahəsinin qanunsuz şəkildə zəbt edilməsi ucbatından düşüb.

Virtualaz.org saytının müxbiri hadisənin şahidi olub, tərəflərin mübahisəsini müşahidə edib, yerindəcə araşdırma aparıb.

Məlum olub ki, ETSN əməkdaşları dövlət mülkiyyətində olan torpaqlarda inşaat texnikasının işlədiyini aşkarlayan kimi məsələyə müdaxilə ediblər. Həmin ərazidəki ağacların kəsilməsinin, hörgü işlərinin aparılmasının qarşısını almağa çalışıblar.

Lakin qarşı tərəfin reaksiyası aqressiv olub. Nazirlik əməkdaşları ilə hədə tonu ilə danışan şəxslər bildiriblər ki, bu torpaq sahəsi onlara məxsusdur, əllərində məhkəmə qərarı da var…

ETSN əməkdaşları yaşıllığın məhv edilməsinin qarşısını almağa cəhd etsələr də qarşı tərəfin fiziki zorakılığına məruz qalıb.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən nazirlik hələ 2008-ci ilin oktyabrında Zığ şosesi boyunca 900 hektar ərazinin neft tullantılarından və zibildən təmizlənməsi və yaşıllaşdırma işlərinə başlayıb. Burada on minlərlə ağac əkilib, ərazi abadlaşıb.

Amma bu səliqəli və yaşıl zolaq görünür, kimlərinsə xoşuna gəlməyib. Daha doğrusu, burada nəsə tikib-qurmaq istəyənlər tapılıb.

Naməlum şəxslər ETSN tərəfindən ərazidə əkilən 23 min ağacın dibinə kimyəvi maddə tökərək məhv etmək istəyiblər. Nazirliyin əməkdaşları bundan xəbər tutublar. Onlar əraziyə baxış keçirib və məlum olub ki, oradakı ağaclar kütləvi şəkildə quruyur. Müayinə zamanı ağacların dibinə kimyəvi maddələrin töküldüyü məlum olub. Nəticədə 400-dən çox ağac məhv olub, yüzlərlə ağac da kəsilib.

Araşdırma zamanı o da məlum oldu ki, Kamal adlı bir nəfər Vüsalə Babayevanın adından Suraxanı Rayon Məhkəməsinə müraciət edərək ETSN-dən şikayətlənib. Bildirib ki, nazirlik ona məxsus olan 23 hektar ərazini hasarlamağa icazə vermir. Məhkəmə isə 2015-ci ilin martında V.Babayevin xeyrinə qərar çıxarıb. ETSN isə bu iddiadan da, qərardan da xəbərsiz olub.

İ.İbrahimova bunu qanunsuz sayır: “Əvvəla, məhkəmənin bizim iştirakımız olmadan qərar çıxarmaq hüququ yoxdur. İkincisi, məhkəmənin dövlət mülkiyyətində olan torpağın fiziki şəxsin mülkiyyətinə və istifadəsinə vermək hüququ yoxdur. Həmin ərazidə 23 min ədəd ağac əkilib. Əgər ərazi hasarlansa, onların aqibəti necə olacaq? Aydın məsələdir, o ağaclar kəsiləcək, məhv ediləcək. Halbuki orada yaşıllıq zolağı salınmasına nə qədər qüvvə və dövlət vəsaiti sərf olunub. Nazirlik bu qanunazidd qərarın ləğvi üçün məhkəməyə müraciət edəcək”.

Bəs Vüsalə Babayeva kimdir? Yəqin ki, bunu araşdırmalar müəyyən edəcək. Hərçənd nə az, nə çox – 23 hektar torpaq sahəsini ələ keçirmək istəyən bu şəxs hansısa oliqarxın iradəsini ifadə edir. O oliqarxların ki, Salyan şosesindəki villaları söküləndə biri də üzə çıxmadı.

Bununla belə görünür, həmin şəxs (və ya şəxslər) çox arxayındır. Bu torpaqların dövlət mülkiyyətində olması, orada prezidentin sərəncamı ilə yaşıllaşdırma işləri aparılması da onları deyəsən, o qədər də maraqlandırmır. Torpaq sahəsini görüb, bəyənib və ələ keçirməyə qərar verib, vəssalam. İndi ümid ona qalır ki, ETSN bu məsələ ilə ciddi məşğul olacaq…

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …

Bir cavab yazın