Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / “AMAY Abdullanın” həbs edilən “arvadı”, həm də baxıcı imiş…

“AMAY Abdullanın” həbs edilən “arvadı”, həm də baxıcı imiş…

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.

Musavat.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində şahidlər ifadə verib.

Şahid Ətrabə Məmmədova ifadəsində bildirib ki, zərərçəkmiş Natəvan Şahverdiyevanın qonşusudur: “Aygün onlara gəlib-gedirdi. Aygün deyirdi ki, “ev məsələnizi mən həll edəcəm. Ev almağınıza kömək edəcəm”. Natəvan xanım dedi ki, pulu yoxdur. Aygün birinci qızılları istədi ki, qoyub əvəzində pul götürsün. Qızılları verəndə orada idim. Amma nə qədər verdiyini bilmirəm. Sonra Natəvan xanım nə qədər Aygünə zəng vurdusa, cavab vermədi. Vəzifəli şəxslərin adını çəkirdi, gah deyirdi uşağım xəstədir, gah deyirdi ki, işlə bağlı Türkiyədəyəm. Səsini batırırdı ki, guya səsi gəlmir”.

Suallara cavab verən şahid Aygün Akimovanın özünü necə təqdim etməsindən də danışıb: “Deyirdi ki, nazirlikdə işləyir. Yüksək vəzifəli, tanınmış şəxsin arvadı olduğunu deyirdi. Şəkilləri də var idi”.

Ətrabə Məmmədova onu da bildirib ki, Aygün Akimova ona qarşı da dələduzluq etmək istəyib: “Guya mənim qardaşımı da işə düzəldəcəkdi. 350 manat əvvəldən aldı. Amma sonradan pulumu geri ala bildim. Qardaşımı sürücü işinə düzəldəcəkdi. Mənim yoldaşım dövlət işində işləyirdi, yəqin ki, bundan çəkindi. Qonşum Natəvan xanım alverlə məşğul idi. Türkiyədən mal gətirib satırdı”.

Ə.Məmmədova əlavə edib ki, Aygün Akimovanın dələduzluq əməllərindən mətbuatda yazılanlardan sonra xəbər tutublar: “Oxuyanda gördük ki, Aygün çox adama “atıb”. O ərəfədə biz Aygünü tapa bilmirdik”.

Təqsirləndirilən Aygün Akimova isə şahidin yalan danışdığını deyib: “Natəvan alver eləmirdi. Yalan danışır. Mən onlara bir neçə dəfə baxıcı kimi getmişəm. Heç nə də almamışam”.

Məhkəmədə digər şahid Ləman Qasımova da ifadə verib. O, zərərçəkmiş Natəvan Şahverdiyevanın gəlini olduğunu bildirib.

L.Qasımova da Aygün Akimovanın əməlləri barədə eyni məzmunlu ifadə verib. Əlavə edib ki, Aygün Akimova onların kirayədə yaşadığını öyrəndikdən sonra ev almağı təklif edib: “Qaçqınlar üçün tikilən binadan 4 ev alacaqdı. Bunun üçün 3500 manat verdik. Daha sonra evdə olan qızılları… Qızıllar mənim və qayınanamın idi. Hamısını ona verdik”.

Suallara cavabında L.Qasımova bildirib ki, Aygün Akimova ümumilikdə 50 min manat qarşılığında onlara 5 mənzil verəcəkmiş.

Şahid Akimovanın bu yalanına necə inanmalarını belə izah edib: “Bizə tanınmış şəxslə şəkillərini göstərdi. Deyirdi ki, onun həyat yoldaşıdır. Biz də buna inandıq. Düşünmədik ki, belə yalan danışar”.

Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bildirək ki, Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə evli olduğunu, uşaqlarının atasının iş adamı olduğunu deyib. Bu iş üzrə “AMAY Abdulla” da istintaqda şahid kimi ifadə verərək Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adıçəkilən qadının onun şirkətində xadimə işlədiyini bildirib.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …

Bir cavab yazın