Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət /   Kərəm Həsənovun rəhbərliyilə Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirildi

  Kərəm Həsənovun rəhbərliyilə Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Bu barədə məlumatı Azinforum.az-a qurumun mətbuat xidmətindən veriblər.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov giriş sözü ilə iclası açıq elan edib. Komitə sədri çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilir. Dövlət başçısı tərəfindən dövlət qurumlarının qarşısında şəffaflıq və idarəçilikdə modern üsulların tətbiqi, sosial məmnunluğun təmin edilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq, komitə 2015-ci ilin birinci yarımilliyində fəaliyyət sahələri üzrə bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlərin icrası zamanı qanunçuluq və insan hüquqlarının təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prioritet təşkil edib.
Qeyd olunub ki, ölkə başçısı tərəfindən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə 04 may 2015-ci il tarixli müvafiq Fərman imzalanıb. Bu Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsi təsdiq edilib. Daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib.
Bu vəzifələrə dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili aiddir. Digər vəzifələrə torpaqların dövlət mühafizəsi və qorunması, torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarəti daxildir. Eyni zamanda, torpaq bazarının təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu və torpaq məlumat bankının yaradılması, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi kimi vəzifələr də müəyyən edilib. Torpaq idarəçiliyinin təkmilləşdirilməsi və mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub. Dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin təşkili də komitəyə həvalə edilib.
Komitə sədri çıxışında bildirib ki, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Komitənin şəhər və rayonlar üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinə riayət olunmasına nəzarət edəcəklər.
Qeyd olunub ki, yeni Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilməyə başlanıb. Torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətin koordinasiyası məqsədilə Regional İşgüzar Forumlara start verilib.
Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir və bu prosesə beynəlxalq ekspertlər cəlb olunur.
Bilidirilib ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi, koordinat uyğunsuzluqlarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin həyata keçirilməsinə başlanıb.
Qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 2015-ci ilin əvvəlində 3 SMS xidmət istifadəyə verilib. Ümumilikdə isə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə 227 minə yaxın elektron müraciət daxil olub. 2015-ci ildə mobil ofis xidmətləri vasitəsilə respublika üzrə vətəndaşlardan 45500 müraciət qəbul edilib. Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib.
Komitənin İKT strategiyasının tətbiqi və resursların səmərəli idarə edilməsi diqqət mərkəzində saxlanılır. Bakı şəhərində müasir dizaynlı və son nəsil yeni texnologiyalarla təchiz edilən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilib istifadəyə verilib. Şamaxıda Ehtiyat Məlumat Mərkəzinin inşası başa çatıb.
Beynəlxalq əməkdaşlıq sahəsində Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, İsveçrənin İqtisadi Əməkdaşlıq Katibliyi (SEKO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Norveç Kadastr Təşkilatı, “Eurogeografics” təşkilatları ilə müxtəlif layihələrlə əməkdaşlıq davam etdirilib.
Müşavirədə qeyd olunub ki, 2015-ci ilin yanvar-iyun aylarında 355 kiçik dövlət müəssisə və obyekti, 222 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Ötən dövr ərzində 224 qeyri-yaşayış sahəsi və 162 torpaq sahəsi icarəyə verilib. Keçirilmiş 25 pul hərracında 14 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.
Hesabat dövründə səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4353-ü isə elektron formada təqdim olunub. 216 səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib.
2015-ci ilin yanvar-iyun aylarında 106 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 65 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 49 minə yaxını onlayn üsulla həyata keçirilib. 2015-ci ilin yanvar-iyun ayları ərzində 69 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işləri icra olunur. Sadə modelli kadastrı tərtib edilmiş 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla) daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda Almaniya Hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Şəki və Gəncənin tam ərazisini əhatə edən kadastr işləri həyata keçirilir. Bu günədək Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi quraşdırılmışdır.
Komitə sədri, eyni zamanda, qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını verib. O, bütün struktur və bölmə rəhbərlərinə ölkə başçısının fərman və sərəncamları ilə verilmiş tapşırıqları rəhbər tutmaqla qanunçuluq və insan hüquqlarının qorunmasını tapşırıb. Komitənin yeni Əsasnaməsində əksini tapmış vəzifə və funksiyaların icrasında, torpaq münasibətləri və mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqində daha səmərəli və operativ tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
Eyni zamanda, torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsinə nəzarətin gücləndirilməsi, qanunsuz istifadə hallarının aradan qaldırılması, torpaq bazarının təşkili, torpaq sərhədləri ilə bağlı uyğunsuzluqların aradan qaldırılması işlərinin sürətləndirilməsi tapşırılıb. Dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi, mərzçəkmə və torpaqların monitorinqi istiqamətində tədbirlərin görülməsi barədə göstərişlər də olub.
Komitə sədri həmçinin daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlarını da səsləndirib. Bildirilib ki, qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalı, vətəndaşların müraciətləri operativ həll edilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi üçün nəzarət təmin olunmalıdır. Mühafizə zonalarında torpaq sahələrindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması üzrə ardıcıl nəzarət tədbirləri həyata keçirilməlidir. Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində keyfiyyət və vətəndaş məmnunluğunun yüksəldilməsi təmin edilməlidir.
Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxış və təqdimatları olmuşdur.

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …

Bir cavab yazın