Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Hafiz Hacıyev: “Oliqarxın restoranında şortiklə dincəlirdim”

Hafiz Hacıyev: “Oliqarxın restoranında şortiklə dincəlirdim”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sosial şəbəkələrdə yayılan şortiklə fotosu böyük marağa səbəb olub. Halbuki bir neçə gün öncə partiya sədrinin özü şortik geyinən kişilərə qarşı çağırış edərək bildirmişdi ki, onların ayağına “kislota” tökmək, lağa qoyub fitə basmaq lazımdır ki, tövbə edib bir daha şortik geyinməsinlər.
Bu barədə “Yeni Müsavat”a açıqlama verən Hafiz Hacıyev özünün şortik geyinməsi məsələsinə aydınlıq gətirib:
“Sosial şəbəkələrdə şortiklə olan fotom iki il bundan öncə çəkilib. Həmin vaxt Abşeron rayon ərazisində bir oliqarxın restoranında dincəlirdim. Sanatoriyada, dənizdə dincələrkən şortik geyinirəm. Dənizdə çimərkən və yaxud da sanatoriyada vanna qəbul edərkən şalvar geyinəsi deyiləm ki?! Mən ki şəhərin mərkəzində, bulvarda, Fəvvarələr meydanında tumanla, şortiklə gəzməmişəm ki?! Bir sözlə, dincələrkən şortik geyinmək qəbahət deyil.
Restoranda olduğum vaxt jurnalistlərdən kimsə şəkilimi çəkib və fotonu bu yaxınlarda sosial şəbəklərdə paylaşıb. Mənə qarşı kampaniya başladan insanlar elə başa düşür ki, Hafiz Hacıyev bu fotodan sonra dediyinin üstündə dayanmayacaq. Hafiz Hacıyev həmişə həqiqətin gözünə dik baxıb, baxacaq da.
Bir daha dedyim sözün üstündə dayanaraq bildirirəm ki, ictimai yerdə şortik geyinmək mənəviyyatsızlıqdır və milli mentalitetimizə ziddir.
Görürsən ki, bulvarda cavan oğlanlar əynində şortik, yanında da atalarına oxşayan it gəzdirirlər. Ayaqlarının tükləri də yanındakı itlərin tükləri qədər qalxıb…”
Hafiz Hacıyev ictimaiyyətə çağırışından sonra şortik geyinən oğlanların sayının azaldığını deyib:
“Partiyamızın üzvləri ilə birgə bu barədə monitorinq keçirdik və aydın oldu ki, çağırışdan sonra şəhərdə şortik geyinən oğlanların sayında azalma var.
Qətiyyətlə bildirirəm ki, bundan sonra da şortik geyinən kişi və oğlanlara qarşı mübarizəmi davam etdirəcəm”.
Qeyd edək ki, partiya sədri şortik geyinən kişilərə qarşı mübarizə aparmaq üçün QMİ sədri Allahşükür Paşazadəyə də çağırış etmişdi. Buna cavab olaraq QMİ sədrinin qardaşı millət vəkili Cavanşir Paşazadə Azvision.az-a açıqlama verərək Hafiz Hacıyevin fikri ilə razılşamadığını, kişinin şortik geyinməsində heç bir ayıb və qəbahət olmadığını deyib:
“Şortik geyinmək və geyinməməklə kişilik ölçülmür. Ola bilər ki, bir insan şalvar geyinsin, ancaq onun beynində, düşüncəsində əxlaqi problemi olsun, pis fikirlər dolaşsın. Elə də insan var ki, şortik geyinə bilər, ancaq açıq fikirli, açıq sözlü ola bilər. Belə şeyləri heç müzakirə də etmək lazım deyil”.


Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın