Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Ermənistanı təşfişə salan Prezidentin Naxçıvan səfəri

Ermənistanı təşfişə salan Prezidentin Naxçıvan səfəri

Prezidentin Naxçıvan, müdafiə nazirinin isə cəbhəboyu zonaya ziyarətləri düşməni niyə təlaşlandırıb? Hərbi ekspert: “Aprel məğlubiyyətindən sonra erməni toplumunda qırılma baş verib…”

Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan səfəri və səfər çərçivəsində muxtar respublika ərazisində hərbi texnika vahidlərinin nümayişi qonşu Ermənistanda deyəsən, əməllicə təlaş yaradıb. Bunu ən azından sosial şəbəkələrdə hadisəyə ermənilərin narahatlıqla verdiyi reaksiyadan görmək mümkündür.

Əslində təəccüblü bir şey baş vermir. Çünki Naxçıvan doğrudan da hərbi cəhətdən yetərincə yüksək səviyyədə təhlükəsizliyi təmin edilmiş və üstəlik, İrəvanın ən asan hədəfə alına biləcəyi regiondur. Hərbi ekspert Teymur Səmədov da Vesti.az-a açıqlamasında ermənilərin təlaşının əsassız olmadığını bildirib.

“Erməni tərəfinin belə olaylara ağrılı reaksiya verməsi tamamilə anlaşılandır”. Onun sözlərinə görə, aprel eskalasiyasından sonra erməni tərəfi başa düşüb ki, təmsil olduğu hərbi blok (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – KTMT) onun yaraları üçün məlhəm olmayacaq.

“2016-cə ilin aprelində KTMT – hansına ki, İrəvan bel bağlayırdı, – sadəcə olaraq Dağlıq Qarabağ konfliktindən məsafə saxladı. Qazaxıstanın Ermənistandakı səfiri isə bəyan elədi ki, Qarabağ məsələsi KTMT Nizamnaməsi müəyyənləşdirdiyi məsələlər sırasına aid deyil. Və bu zaman Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına baş çəkir, əsgər kazarmasının və ordu məişət kompleksinin açılışında iştirak edir. Bundan əlavə, ölkə başçısı təzəcə silah arsenalına götürülmüş hərbi texnika ilə tanış olur – hansı texnikaların arasında ki, Türkiyənin uzaqvuran ”Qasırğa” reaktiv raket yaylım sistemləri də var idi. Məhz bu sistem Ermənistanda həyəcan yaradıb.

Çünki texniki xarakteristikasına görə, bu raketlər 20-100 km-dək hədəfi vurmaq qabiliyyətindədir. Təkcə Sədərəkdən İrəvana qədər cəmi 60-63 km-dir”, – deyə hərbi ekspert qeyd edib.

Ekspert Azərbaycanın arsenalında olan digər müasir sistemlərdən də danışıb: “Bizdə ”Qasırğa”dan əlavə, “Smerç” (vurma məsafəsi 90 km) və İsrail istehsalı olan “Lynx Ekstra” (150 km) sistemləri də var. Misal üçün, “Lynx Ekstra” yüksək dəqiqlikli (ehtimali kənara çıxma 10 metrdir) və idarə olunan raketlərə malikdir. Bu isə artıq Ermənistanın böyük bir hissəsinin “örtülməsi” deməkdir”.

Onun sözlərinə görə, əgər aprel eskalasiyasına qədər erməni tərəfi ekspertlər və ura-vətənpərvərlər səviyyəsində bu fakt haqda susmağa çalışsalar da, onu hardasa mətbəxdə öz aralarında müzakirə etsələr də, indi bu barədə açıq danışırlar.

“Madam ki, İrəvanda artıq sığınacaqlardan danışırlar, təsəvvür edin indi erməni cəmiyyətində hansı panik ovqat hökm sürür. Bu da az önəm kəsb eləmir ki, apreldəki məğlubiyyətdən sonra erməni toplumunda qırılma baş verib. İnternetdəki erməni istifadəçilərinin şərhlərindən də göründüyü kimi, orada məğlubiyyət ovqatı güclənməkdədir” – ekspert əlavə edib.

***

Prezidentin Naxçıvan səfərindən bir gün sonra isə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olması diqqət çəkib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrdə olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə yaxından maraqlanıb. Dövlət başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

O da diqqətçəkicidir ki, hərbi nazir sərhədin 29 dekabr insidentinin baş verdiyi və əsgər Çingiz Qurbanovun şəhid olduğu hissəsində də olub. Bu da düşmənə özünəməxsus bir mesajdır ki, Azərbaycan Ermənistanla sərhəddəki durumu xüsusi diqqətdə saxlayır və düşmənin bundan sonrakı təxribatlarını da layiqincə cavablandıracaq. Bu səfər eyni zamanda şəhid əsgərimizin cəsədini qaytarmaq istəməyən işğalçı ölkəyə xəbərdarlıqdır ki, rəsmi Bakı bu məsələni diqqətdə saxlayır və onun axırınadək gedəcək.

Xatırladaq ki, İrəvan meyitin qaytarılması üçün “Qırmızı Xaç” vasitəsilə belə bir həyasız tələb irəli sürüb ki, Azərbaycan “insidentə görə məsuliyyətini boynuna aldıqdan sonra” cəsəd təhvil verilə bilər. Təbii ki, Azərbaycan heç vaxt bu tələbi qəbul etməyəcək. Bu mənada həm ölkə prezidentinin Naxçıvan, həm də müdafiə nazirinin sərhədyanı bölgəyə səfəri tamamilə yerinə düşüb və ikiqat siyasi və təbliğati önəm daşıyır, azğınlaşmış düşmənə növbəti ciddi xəbərdarlıq mesajıdır.

***

Sözsüz ki, Qarabağ danışıqlarında əhəmiyyətli irəliləyiş olmayınca belə insidentlər də qaçılmaz olacaq. Çünki bir daha yeri var vurğulayaq ki, istənilən sülhün və sabitliyin alternativi savaş, hərbdir. Bunu düşmən tərəf nə qədər tez anlayıb konstruktiv mövqeyə köklənsə, bir o qədər onun özü üçün yaxşı olar, erməni xalqının itkiləri mənasız yerə artmaz.

Bu arada bəlli olub ki, Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, S.Kurtsun Moskvaya səfəri yanvarın 17-18-də baş tutacaq. O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
“Səfər zamanı ikitərəfli məsələlər, həmçinin Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional münaqişələrin yaratdığı problemlər nəzərə alınmaqla ATƏT məkanında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır” – M.Zaxarova vurğulayıb.

Əlbəttə ki, bu kimi səfərlər və danışıqlar ən azından müharibə riskini azaltmaq baxımından vacibdir. Bir şərtlə ki, onlar növbətçi xarakter daşımasın. Təəssüf ki, hər il dəyişdirilən ATƏT sədrləri Qarabağ ətrafında situasiyanı kardinal şəkildə dəyişmək gücündə deyillər. Hər halda indiyədək olan acı təcrübə belə deyir.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …

Bir cavab yazın