Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Elmar Vəliyev qaçqın ailəsinin evini sökdürüb – TƏFƏRRÜAT, FOTOLAR

Elmar Vəliyev qaçqın ailəsinin evini sökdürüb – TƏFƏRRÜAT, FOTOLAR

“3 uşaq və 90 yaşlı xəstə atamla qalmışıq, küçələrdə…” – Bu sözləri musavat.com saytının redaksiyasına Gəncə şəhərindən gələn Kəlbəcər rayon qaçqını Abbasov Yusif Musa oğlu deyib. 
Məsələ burasındadır ki, Kəlbəcər rayonundan olan Abbasovlar ailəsi çarəsiz durumdadır. Belə ki, Gəncə şəhərində yaşayan ailənin öz zəhməti və şəhərin keçmiş icra başçısı Eldar Əzizovun köməkliyi ilə tikdiyi evi uçurublar.
Şəhər İcra Hakimiyyətinin indiki başçısı Elmar Vəliyev 9 nəfərdən ibarət bu ailəni bayıra atıb.
Yusif Abbasov başına gələnləri danışır: “1993-cü ildən Gəncə şəhəri, Hacıkənd qəsəbəsində məkunlaşmışıq. Həmin gündən vəziyyətimiz acınacaqlı olub. Bir otaqlı, taxtadan tikilmiş evdə 9 nəfər ailə üzvümlə bir yerdə yaşamışıq. Məsələ ilə bağlı 2008-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri və baş nazirin müavini Əli Həsənovun qəbulunda oldum. Və ona bildirdim ki, evim yoxdur. Xahiş etdim ki, Göranboy rayonu ərazisində, Ağcakənd qəsəbəsində, Hacıkənddə yaşayan qaçqınlar üçün evlər tikilib. Həmin evlərdən birini bizə versin ki, daxmada yaşamaqdan xilas olaq.
Onlar araşdırdılar və dedilər ki, orada bütün evlər artıq sakinlərə paylanılıb, yer yoxdur. Bundan bir müddət sonra yenə də buna bənzər bir qəsəbə salınırdı. Mən bir daha müraciət etdim və eyni cavabı aldım: “Yer yoxdur”. 2009-cu ildə prezidentə müraciət ünvanladım. Həmin müraciətin cavabı Gəncə şəhər İcra Hakimiyyətinə gəldi. Məni oraya dəvət etdilər. Həmin zamanlarda orada icra başçısı olan Eldar Əzizov məni qəbul etdi”.
Yusif Abbasov deyir ki, həmin dövrdə ona ev tikməyə icazə verilib: “E.Əzizov mənə bildirdi ki, “Bizim büdcəmizdə sənə ev tikmək üçün pul yoxdur. Amma özünün ev tikmək üçün imkanın varsa, biz sənə şərait yarada bilərik. Get, evini rahat tik və yaşa… Heç bir problem olmayacaq. Mən sizə icazə verirəm”. Eyni sözləri mənə həmin dövrdə Kəpəz rayonunda icra başçısı olan Çingiz Muxtarov da dedi. Ç.Muxtarov dedi ki, “Mən də istəyərəm ki, məcburi köçkün ailəsi normal şəraitdə yaşasın. Evinizi rahat tikin”.
Mən də bu sözlərə güvənib, bankdan kredit götürdüm. Həyətimdə təsərrüfat işləri ilə də məşğul idim. Oradan satdıqlarım və bankdan götürdüyüm kreditin hesabına 2009-cu ildə ailəm üçün dağın yanındakı dərədə ev tikdim. Bütün bunlara 70 min manat xərcim çıxdı. Mənim hələ də banka 45 min manat borcum qalıb. Amma artıq ev yoxdur”.
Yusif Abbasovun sözlərinə görə, böyük zəhmətlə tikdiyi evini Elmar Vəliyev sökdürüb: “Bu ilin may ayının 10-da, Gəncə şəhərinin indiki icra başçısı Elmar Vəliyevin göstərişi ilə evimi sökdülər. Qəfil şəkildə, polis əməkdaşları ilə evimi əhatəyə aldılar. Dedilər ki, “Evdən çıxın. Evi sökürük”. Səbəbini soruşduqda isə sənədsiz olmasını bəhanə etdilər. Sanki bu boyda ölkədə bir dənə mənim evim sənədsizdir. Məcburi köçkünəm. Üç uşağım, həyat yoldaşım, 90 yaşlı xəstə atamla indi qalmışıq, çöllərdə…
Qanunla mənim evim istər sənədli olsun, istərsə də sənədsiz, məhkəmə qərarı olmadan, mənə öncədən bildiriş göndərmədən evimi sökməyə onların ixtiyarları yoxdur. İndi mən nə edim? Nəyi düşünüm? Bu qədər xərc çəkib, tikdiyim evin sökülməsi, yoxsa kreditlərimi düşünüm?”
Yusif Abbasov son ümidi prezidentdə görür və ondan imdad diləyir: “Mənə ev verirdilər. Götürmədim. Çünki həmin zamanlarda evim var idi. Mənə verilən evin sənədini geri qaytardım ki, evsiz qalan yüzlərlə qaçqın və məcburi köçkün var. Onlardan birinə versinlər. Amma indi özüm evsiz qalmışam.
Hər yerə müraciət edəcəyəm. Əsasən də prezidentdən xahiş edirəm ki, mənə olmasa da, balalarıma rəhmi gəlsin. Mənə köməklik göstərsin. Küçələrdə qalmışıq”.
Y.Abbasovun həyat yoldaşı Təranə Abbasova deyir ki, onları yağışlı bir gündə bayıra atıblar: “Bizə heç bir xəbərdarlıq etmədən evimizi sökdülər. Üstəlik, həmin gündə yağış yağırdı. Heç birində insaf olmadı”.
Sonda qeyd edək ki, Yusif Abbasov 3 uşaq atasıdır. Onun həyat yoldaşı Təranə Abbasova Xocalı qaçqınıdır. Atası 90 yaşlı Musa Abbasov Böyük Vətən Müharibəsi veteranıdır və hazırda ağır xəstədir.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın