Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Doğum günü ərəfəsində öldürülən bələdiyyə sədri haqda şok məlumatlar

Doğum günü ərəfəsində öldürülən bələdiyyə sədri haqda şok məlumatlar

Abşeronun Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov iyunun 7-də axşam saat 21:00 radələrində yaşadıqları ünvanda öldürülüblər. Qatil bələdiyyə sədrinin boğazını kəsib, evi yandırdıqdan sonra hadisə yerini tərk edib.

Baş Prokurorluğun mətbuat xidmətini rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a deyib ki, Abşeron Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci – 2 və daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə iş başlanıb. Olayı törətməkdə suçlu bilinən 1980-ci il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov tutularaq istintaqa təhvil verilib.

1980-ci il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Abşeron Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, qətlin tamah məqsədilə törədildiyi versiyası təsdiqini tapıb. Bunu saxlanılan Fədai Hüseynov öz izahatında bildirib. Lakin yazılan ifadənin təfsilatı barədə hələlik heç bir məlumat verilmir.

Hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs də tutulub. O, Fədai Hüseynovun qardaşıdır.

V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır.

Məlumatlara görə, Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Hadisə zamanı V.Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb. Bu, hadisənin tamah məqsədilə törədildiyini istisna edir.

Redaksiyamıza daxil olan məlumata görə, F.Hüseynovla Əbilhəsənovların illər öncədən münasibətləri olub. O, qeyri-rəsmi olaraq bələdiyyədə çalışıb, sədrinin cangüdəni kimi də ad çıxarıb. “Laçınlı Fədai” kimi tanınan F.Hüseynov bələdiyyə sədrinin torpaqlarla bağlı mübahisələrində əsas şəxslərdən biri kimi iştirak edirmiş.

Hadisə günü gecə yarısı onun bələdiyyə sədrinin evinə sərbəst şəkildə daxil ola bilməsi də bu münasibətlərdən qaynaqlanıb. F.Hüseynov mənzilə daxil olandan sonra sədrin həyat yoldaşı Vəfadar Əbilhəsənova çoxsaylı bıçaq xəsarətləri yetirib, onu öldürəndən sonra Vəsilə Əbilhəsənovaya da bir neçə zərbə endirib. Qadının boğazını kəsib. Ən dəhşətlisi isə budur ki, qətl Əbilhəsənovların 2 övladının gözü qarşısında baş verib. Qatil hadisə yerini tərk edərkən mənzildə yanğın da törədib. Fövqəladə Hallar Nazirliyi (FHN) mənzildə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 1 otaq və əşyaları 20 kv.m sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qətllə bağlı rəsmi versiya açıqlanmır. Bu səbəbdən də ən müxtəlif versiyalar gündəmdədir.
Bu il aprelin 29-da moderator.az saytında “Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır” sərlövhəli yazı dərc olunub. Şikayətçi Fikrət Məmmədovun məktubu əsasında hazırlanan həmin yazıda Saray bələdiyyəsində baş verənlərdən bəhs olunur. Torpaq alverində icra başçısı Zakir Fərəcovun qardaşı Elgiz Fərəcovun, onun dostu kimi Fədai Hüseynovun, qardaşı Vüqar Hüseynovun və Vəsilə Əbilhəsənovanın adları hallanır. Tamamilə mümkündür ki, qətl torpaq mübahisəsi zəminində baş verib.

F.Məmmədov moderator.az-a göndərdiyi məktubunda yazır: “Bələdiyyə sədri Vəsilə xanımın fəaliyyətini yoxlamaq kifayətdir ki, bələdiyyələrin vətəndaşların başına hansı oyunları açdıqlarını faktlarla müəyyənləşdirmək mümkün olsun. Vəsilə xanım uzun illərdir Saray bələdiyyəsi sədrinin müavini, indi də sədri seçilib. Xanım sədr torpaqları bölüşdürməkdə və satmaqda xüsusi mütəxəssisdir. Vəsilə xanım bu xüsusi qabiliyyəti sayəsində bu yaxınlarda Saray kəndində, ”şamlıq” deyilən ərazidə Abşeron Rayonu İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin əməkdaşı Elgiz Fərəcovla əlbir olaraq əhaliyə paylanan 2 hektar pay torpağını öz sürücüsü Ziyadxanın adına sərəncam verərək saxta yolla özəlləşdirdikdən sonra Elgizin yaxın dostları olan Vüqar və Fədai Hüseynov qardaşlarının əli ilə satışa çıxarıb. “İşgüzar” sədrin fəaliyyəti bununla bitmir. Xanım bələdiyyə sədri Elgiz Fərəcovla Hüseynov qardaşlarının əliylə qanunsuz silahlı dəstə saxlaması isə dəhşət doğurur. Bu dəstə kənd ərazisini gəzərək xoşlarına gələn torpaq sahələrinin sahiblərinə hədə-qorxu gəlməklə dəyərindən 2-3 dəfə aşağı qiymətə alırlar. Xanım sədr həmin torpaqları Elgizlə birlikdə saxta yolla sənədləşdirərək yenidən baha qiymətə satışa çıxarırlar. Nəticədə xanım sədr Saray qəsəbəsi ərazisində bir qarış da olsa boş torpaq qoymayıb. Xanım sədrin xeyir-duası ilə Elgiz, Vüqar və Fədai qardaşları kənd ərazisində yerləşən “Üç qardaş” marketinin yanında bir hektardan artıq torpağı da zəbt edərək heç bir sənəd olmadan fərdi yaşayış evləri tikməklə ayrı-ayrı adamlara satır. Bundan əlavə, Elgizlə Vüqar Saray ərazisindən keçən beton kanalı torpaqla dolduraraq satışa çıxarıb”.

İstintaqın bu versiyanı diqqətə alıb-almayacağı məlum deyil. Gözlənilir ki, qətl işinin materialları Abşeron Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna veriləcək.
Olay baş verəndən sonra sədrin öldürülən həyat yoldaşı Vəfadar Əbilhəsənovun “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışması haqda xəbər yayılıb. Xəbəri axar.az-a QSC-nin mətbuat xidmətindən təsdiqləyiblər. Məlum olub ki, V.Əbilhəsənov əvvəllər Sumqayıt şəhərində işləyib, “B&G” Sığorta şirkətinin filial rəhbəri vəzifəsində çalışıb. Mərhumun son iş yeri “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin aparat rəhbəri vəzifəsi olub.

Qeyd edək ki, Vəsilə Əbilhəsənova bələdiyyə sədri postuna bu ilin yanvarında təsdiqlənib. Bundan əvvəl uzun illər bələdiyyə sədrinin müavini olub. Bununla yanaşı, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi vəzifəsində çalışıb. Onun xeyriyyəçiliklə məşğul olduğu da qeyd edilir. Öldürülən bələdiyyə sədrinin iyunun 8-də 39 yaşı olacaqdı…
“Bu çox dəhşətli faciədir”. Bunu millət vəkili Qənirə Paşayeva bələdiyyə sədrinin qətlə yetirilməsi barədə statusunda yazıb.

Deputat Vəsilə xanımın və həyat yoldaşı Vəfadar Əbilhəsənovun yas mərasimində iştirak etdiyini bildirib: “Çox dəhşətli bir faciədir. Ailənin balaca uşaqlarının bu dəhşətli faciəni görmələri isə bir başqa dəhşətdir. Sözlə ifadə edilməyəcək qədər ağır bir faciədir. Allahdan Vəsilə xanıma və həyat yoldaşına rəhmət, əzizlərinə səbr diləyirik. İnşallah, bu faciəni törədən layiq olduğu cəzanı alacaq. Amma anasız və atasız böyüyəcək o iki günahsız körpənin içərisindəki acını azaltmaq çox çətin olacaq. Həm də çox çətin. Allah onlara yardımçı olsun”.

Qətlə yetirilənlər iyunun 8-də Saray qəbiristanlığında torpağa tapşırılıblar.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …

Bir cavab yazın