Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Cəmiyyət / Avropa, avropada nüfuzunu itirməkdədir

Avropa, avropada nüfuzunu itirməkdədir

AŞPA-nın Türkiyə dövlətinə qarşı monitorinqin bərpası qərarı qardaş ölkənin prezidenti Rəcəb Tayyub Ərdoğan tərəfindən “rədd edildi”. Düzgün yanaşma idi. Avropa Şurasının qurucularından olan, Türkiyəyə qarşı bu sayaq davranma siyasi etiketlərə də uyğun deyildi. Məsələ ilə bağlı millət vəkilləri və siyasi ekspertlər müvafiq şərhlər verərək AŞ-nın bu qərarını müxtəlif səbəblərlə əlaqələndirdilər. Avropa Şurası qardaş ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasını, referendumdakı hüquqpozmaları şişirdərək “öz gözündəki tiri” görmür. Atlı polislərin ayaqları altında əzilən, Egey dənizində üfürülmüş rezin qayıqlarla Avropaya pənah gətirən, nicat istəyən müsəlman qardaş və bacılarımızın, uşaqların və imdad diləyən qocaların suda qərq olmalarına, Almaniyada qaçqın düşərgələrinin yandırılmasına göz yumur, kordurlar; onların səsini eşitmir, kardırlar; danışmırlar laldırlar.
Zənnimcə başqa səbəblər də var. Müharibədən, qeyri-insani şəraitdən qaçmaq istəyən insanların problemləri həmin ölkələrdə həll olunmayanda, başqa ölkələrə üz tutmaq qaçılmaz olur. AŞPA-nın Türkiyəyə və Azərbaycana qarşı ikrah hissi doğuran münasibəti Azərbaycana ərazi bütövlüyünün işğala məruz qalmasını, onun bərpasını unutdurmağa, qardaş Türkiyəni isə Avropa İttifaqına üzv olmaq niyyətindən əl çəkməyə məcbur edən aşkar bir mesajdır. Amma, bu siyasi bumeranq, Avropa üçün acı nəticələr doğura bilər və doğurur.
Bu gün, Avropanın dünyadakı siyasəti avropa dövlətlərinin insan hüquq və azadlıqlarının qorunmasına əsaslanmır, mənəvi dəyərlərə söykənmir, neofaşist siyasətinin zənginliyi ilə güclənir və davam edir. Belə hərəkətlər, Avropanın da özündə ikrah hissi ilə qarşılanır. Fikir verin, Fransa Prezidentinə şanslı namizəd indidən “seçilərsə AŞ-dan çıxmağı barədə düşünəcək” mesajını verir. Çox ciddi hədədir. Deməli Avropa ilk növbədə məhz, Avpropada nüfuzunu ititməkdədir. Bu sistem, dəyişikliyə uğramasa qala bilməz. Vyetnam müharibəsi ABŞ üçün hansı mənəvi böhrana səbəb oldusa, dünyada Amerikanın siyasətinə və həyat tərzinə necə inamı zəiflətdisə, AŞ-nın da dünyada, ən azı müsəlman dünyasında inamı çox zəiflədi, çox!
Qənaətimə görə, Avropa riyakarlığa, qeyri obyektivliyə və saxtakarlığa söykənən siyasət aparmamalı, fəaliyyətində səmimi olmalı, əməli qloballığı və cəlbediciliyi ilə fərqlənməli, müəyyən prinsiplərə söykənməlidir. Məs; Avropa hamıya nümunə ola biləcək insan haqlarına sədaqət nümayiş etdirməli, insanlara mənşəyinə, dərisinin rənginə və dininə görə fərq qoymamalıdır. Yaşadığımız dünya mükəmməl olduğu qədər də, mürəkkəb və dolaşıqdır, yəqin belə də qalacaq. Avropa bunun fərqində olmalıdır. Dünyanın hər bir yerində şəxsiyyətin dövlət hakimiyyət orqanlarının özbaşınalıqlarından qorunmasının xeyli yaxşılaşdığı bir dövrdə AŞ-nın SSRİ-yə xas tərzdə imperiyaya meyilliyini sezməmək olmur. Bu böyüklük deyil, dominantlıqdır. Ona görə də, Böyük Britaniya Avropanın digər qurumunu tərk etməli oldu. Məcburi enmə zolağına qayıdaraq təhlükədən sovuşdu.
Qərbin lokomotivi, Böyük Britaniyanın Aİ-dən qopması bu birliyin deformasiyaya uğramasının bariz nümunəsi idi. Qeyd olunanlar onun göstəricisidir ki, AŞ siyasi simasını çoxdan itirib. Vaxtilə Fransanın prezidenti general De Qollun tərəddüd etmədən NATO-dan çıxması bu qurumun vecsiz bir nitfəyə çevrildiyinin nəticəsi idi. AŞ da ümidləri doğrultmadı. Siyasi riyakarlıq, qeyri-ciddi diplomatik addımlar, Avropanın sütunlarının korrupsiyaya uğraması və müstəsna hörmətsizliklə ifadə olunan ikili standartlı qərarlar bu qurumun dəyərini heçə endirib. Diplomatiyada riyakarlıq uzun sürmür.
Problem dünya səviyyəsində liderlərin -Tetçerin, Helmut Kolun, Fransua Mitteranın və b. olmamasında, idarəçilikdə başqa maraqlara üstünlüyün verilməsindədir. Hər bir dövlətin siyasəti bəşəriyyətə xidmət etmək üçün düşünülməlidir. Suriyanı, Liviyanı, İraqı, Misiri (Yaxın Şərqi) qorumaq və insanları yarı kölə, yarı azad vəziyyətdən qurtulması, möhkəm sülhün bərqərar olması üçün ciddi addımlar atılmadı, məsləhətləşmələr və razılaşmalar aparılmadı. Adlarını DİKTATOR qoydular və insan ləyaqətini alçaldan hərəkətlərlə, bütün bəşəriyyətə “görk olsun”-deyə İİŞD-in əməllərinə xas tərzdə, vəhşiliklə məhv etdilər. Bu, “Avrofobiya” və yaxud, özlərinin yaratdığı mütəşəkkil bir dəstənin fəaliyyətinin tük ürpədici nəticəsi idi. İslam isə ən mütərəqqi, hər cürə ayrıseçkiliyi və qəddarlığı rədd edən, səmavi kitaba söykənən, rəhmliyin və mərhəmətin nümunəsi sayılan bir dindir.
Mən, Türkiyənin qədim tarixə malik, dövlətçilik və siyasi sisteminə inanıram. Qardaş ölkədə demokratiya özünü doğruldur, insan haqları əhalinin bəşəri sərvəti kimi qəbul edilir və qorunur.
Uzun illlərdir Türkiyə Avropa İttifaqının üzvlüyünə layiq olsa da, müxtəlif bəhanələrlə ona dirsək göstərirlər. Türkiyə çoxdandır vahid iqtisadi bazarın iştirakçısıdır. Avropa isə guya Türkiyə 1993-cü il Kopenhagen Sammitinin tövsiyələrinə uyğun ölkə olmadığına, stabil demokratik hakimiyyət, hüququn və qanunun aliliyinə önəm vermədiyinə və azadlıq institutlarını yüksək tutmadığına görə, bu qurumda olmasını arzulamırlar, “yox” deyirlər. Guya, Türkiyə siyasi və iqtisadi şəraiti təmin olunan ölkələr sırasında hələlik olmadığından Aİ-yə üzv ola bilməz.
Bu baxımdan, Türkiyə ilə bağlı monitorinqi bərpa etmək, Azərbaycanda “siyasi məhbus” məsələsi üzrə Kristofer Ştrasserin məruzəsi islam dövlətlərinə və islam dünyasına qarşı planlı siyasətin, neofaşist niyyətin davamıdır. Dünya islam dövlətlərinin güclənməsinə qarşıdır.
AŞPA görünür hərəkətlərini ölçüb–biçmək iqtidarında deyil, ya da, nə etdiyini çox yaxşı bildiyi halda nəticəsini də arzulayır. Hər iki hal bütövlükdə Avropa üçün arzuolunmazdır.Yad ölkələrin fitnəsi nəticəsində doğma ocaqlarından didərgin düşənlərə Avropa qayğı ilə və humanistcəsinə yanaşmayanda intiqam hissi terrorlarla davam edəcək, çox canlar alınacaq. Yaşamağın bir qayəsi də, yaşamaq uğrunda mübarizədir, ölməkdir.
Sual olunur: Aralıq dənizində batanların qisasını kim alacaq, Egey dənizində buzlu sularda həlak olan körpələrin günahkarı kimdir? Məhz elə islam “fədailərindən” Əl-kaidəni, Talibanları, İİŞD-i kim yaratdı və kim bu silahlı birləşmələri cəbbəxana və pul vəsaiti ilə təmin edir? Avropa qisasçılığa şərait yaradır. Çox təhlükəli bir oyundur…
Bu gün Türkiyədə Avropanın bilavasitə günahı ucbatından başqa dövlətlərdə sığınacaq axtaran 3 milyon qaçqınlar yaşayırlar. Türkiyə sərhədlərini açsa, Avropa ağlagəlməz şəraitlə üz-üzə və aciz qalacaq. Bunu dərk etmək məgər çətindir?!.
Ümumiyyətlə AŞ və Aİ-nın qapıları müsəlman ölkələri üçün bağlıdır. Belə hallar, Türkiyəyə və Azərbaycana qarşı qeyri-insani hərəkətlər islam ölkələrini monolit tərkibdə birləşməyə vadar edəcək. Baxın, Avro ittifaqda yanılmıramsa 23 dövlət, üzv var. Avropanın ən kasıb dövləti, sənayesi olmayan, aqrar ölkə Albaniya; iqtisadi əsası turizmlə bağlı olan və 500 minə yaxın əhalisi olan Malta; iqtisadi böhranın ucbatından dilənən Yunanıstan Aİ-nin üzvüdürlər, amma iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi Türkiyəni bu ittifaqa üzv seçmirlər.( Rusiya kimi dövlət Aİ-nin üzvü deyil, heç bu barədə düşünmür də.)
Bu gün, Türkiyə Cumhuriyyətinin siyasi və iqtisadi güc kimi RF, və Böyük Çin dövləti ilə yaxınlaşması daha nüfuzlu və daha önəmlidir. Bulanıq tərcümeyi-hala malik Avropa qurumlarını Böyük Britaniyadan sonra Fransanın və digər ölkələrinin də tərk etməsi gözlənilir.
2001-ci ildən üzvü olduğumuz AŞ-dan müstəqil Azərbaycan nə qazanıb? Ərazi bütövlüyümüzün bərpasına mane olan, BMT TŞ-nin qətnamələrini arxivə atan elə Avropa deyilmi? Həmişə də eyni fikir səsləni: “Tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.” “Güc tətbiq etməyin tərəfdarı deyilik…” Lakin, o “siyasi iradənin” nədən ibarət olmasını diqqətə çatdırmırlar. Niyə TŞ-nin qətnamələrinin yerinə yetirilməsi üçün Avropa siyasi iradə və siyasi əzələ nümayiş etdirmir? Korrupsiyalaşmış qurumdan başqa bir şey gözləməyə dəyməz.
Avropa öz hərəkətləri ilə “Avropafobiya”nı gerçəkləşdirir və özünə qarşı terrorçuluq ideyalarına dəstək verir. Bu gün, Avropa qeyd olunanlara görə aciz və zəif görkəmdədir. İslamı – yüksək əxlaqı, mədəniyyəti, xeyirxahlığı, Allahın yaratdıqlarına hörməti özündə ehtiva edən belə bir dini dünyaya düşmənçilik – “islamdan qorxun” qiyafəsində təqdim etməklə şüurlarda terrorçuluq toxumunu səpir və buna münbit şərait yaradırlar. Zaman Avropanın əleyhinə işləyir. Avropa “Demontaj” olunmalıdır.

“Polisə Dəstək” İB-nin sədri,

Şəmsəddin Əliyev

Həmçinin oxuyun

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün …

Bir cavab yazın