Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / AKİF NAĞI: “Düşmən ölkəyə keçməyə cəhd edirlərsə, demək, Ermənistanın siyasətinə xidmət edirlər”

AKİF NAĞI: “Düşmən ölkəyə keçməyə cəhd edirlərsə, demək, Ermənistanın siyasətinə xidmət edirlər”

Fevralın 27-də Qəbələnin Kötüklü kəndinin 25 nəfər sakininin ağ bayraqla Ağdam ərazisindən ermənilər tərəfə keçməsi xəbəri  Azərbaycan gündəmini silkələdi.

Qeyd edək ki, Qəbələ sakinlərinin düşmən tərəfə keçmək cəhdləri heç də ictimaiyyətdə birmənalı qarşılanmayıb. Onların ünvanına sərt tənqidlər var. Bunun fonunda Nəbiyevlər ailəsinin etdiyi haqsızlıqlara görə sakinlərə haqq qazandıranlar, eyni zamanda hadisədə təxribat izi axtaranlar da yox deyil. Hazırda sakinlərin taleyinin necə olacağı sual doğuran məsələlərdəndir.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, Qəbələ sakinlərinin etdikləri dövlətimizin dünyada imicinə təhqirdir:

“Vətəndaşlar düşünüblər ki, onlara qarşı ədalətsizlik olub. Araşdırmadan bu məsələlərə qiymət vermək bir qədər çətindir. Burada ətrafın diqqətini cəlbetmə cəhdləri də var. Amma istənilən halda ədalətsizliyə qarşı müxtəlif etiraz formaları var. Qəbələ sakinlərinin sərhədi keçmək istəklərinin olub-olmaması onların ifadələrindən məlum olacaq. Atılan addım düşünülmüş şəkildə olmayıb. Erməni düşmənimizdir. Sakinlər Gürcüstan, İran tərəfə keçə bilərdilər. Bu daha asan idi. Bununla da diqqət çəkmək olardı”.

Hüquq müdafiəçisi Qəbələliləri gözləyən cəzalardan da söz açdı: “Təbii ki, onlara müxtəlif cəza növləri tətbiq oluna bilər. Amma hər şeydən öncə bu araşdırılmalıdır. Onların müdafiə olunmaq hüquqları var. Hüquq müdafiəçisi kimi yox, Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, onlara cəza növləri tətbiq olunmalıdır. Buna görə məni ittiham edəcəklər. Amma torpağımı zəbt edən, minlərlə şəhid verməyimizə səbəb olan düşmənin qapısına getmək bağışlanılmazdır. Yəqin ki, onlar cəzalandırılacaqlar. Bəlkə də elə motiv tapılacaq ki, onlar bağışlanacaqlar. Burada təxribat da ola bilər. Təşkilatçını üzə çıxarmaq lazımdır. Orada kimsə günahkar ola bilər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu hadisənin cəmiyyət və dövlət üçün ciddi siqnal olduğunu söylədi:

“Hadisə iki istiqamətdə araşdırılmalıdır: burada obyektiv səbəb var, yoxsa təxribat izi? Rusiya və Ermənistanın da əli ola bilər. İstənilən halda prosesdə iştirak edənlər dövlətçilik, ictimaiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Maraqlarımıza uyğun gəlməyən hadisədir. Haqsızlıq ola bilər. Əgər ölkəni tərk edirsinizsə, niyə məhz Ermənistana? Deməli burada siyasi motivlər var. Vətəndaşların diqqəti cəlb edib, problemlərini bu yolla həll etmək cəhdləri də ola bilər. Amma istənilən halda səhv addımdır. Düşmən düşməndir. Ermənistanda vəziyyət guya yaxşıdır? Oradan da Azərbaycana qaçanlar var. Aylar öncə hətta partiya rəhbəri ölkəmizə pənah gətirdi. Hansısa məmurun cəzasını dövlətçilikdən çıxmaq yolverilməzdir. Vətəndaşlar bunu düşünməlidirlər. Məmur haqsızlığı çoxdur. Nazirlər bölgələrə görüşlərə gedirlər, amma problemləri olanları yox, öyrədilmiş rayon sakinlərini qəbul edirlər. Mənə dəfələrlə bu barədə müraciətlər olub. Sadəcə, görüntü xarakteri daşıyır. Yerlərdəki məmurlar özlərini ədəbsiz aparır, insanlara zülm edirlər. Dövlət səviyyəsində bu məsələyə diqqət ayrılmalıdır. Məmurların al-ayaqları yığışdırılmalıdır. Qəbələ sakinlərinin addımları dövlətçilik məsələsidir. Bu insanlar hansısa formada düşmən ölkəyə keçməyə cəhd edirlərsə, demək, Ermənistanın siyasətinə xidmət edirlər. Onların hərəkətlərinə haqq qazandırırlar. Onlar xalq qarşısında mənəvi məsuliyyət daşıyırlar. Hərəkətləri cinayət məsuliyyəti yaradır. Bu baxımdan cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

 

Həmçinin oxuyun

“Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, …

Bir cavab yazın