Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Əlbir olub hakim və natarius bir bazarkomla – ovladılar villanı tədbir ilə…  

Əlbir olub hakim və natarius bir bazarkomla – ovladılar villanı tədbir ilə…  

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi və Mirəli Şixəliyev Məmmədağa İbrahimova bir çox məsələlərdə yardım edir
Şəmsəddin Abasov və xüsusi notarius Günay Məsimova Novxanıdakı villanın yerləşdiyi torpağın sahibindən xəbərsiz kimə satılmasına şərait yaradıb?

Azinforum.az gündəlik-bakı.com-a istinadən xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasovun, “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimovun, eləcə də Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin (“MERO”) rəisi “Polad” ləqəbli Mirəli Şixəliyev və Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay İsa qızı Məsimovanın adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallanıb. Məsələn, bir müddət öncə “Təzə Bazar” MMC-də intihar hadisəsi baş vermişdi. Bununla bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, MMC-nin balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü Xatirə Nadir qızı İmanova özünü yandırıb.

36 yaşlı qadının üstünə benzin tökərək özünə od vurduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, Xatirə İmanova “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimovun qəbuluna düşə bilmədiyi üçün özünə qəsd edib. Mənbə iddia edir ki, MMC-də çalışan qadının başına indiyədək olmazın müsibətlər açılıb və buna görə məhz Məmmədağa İbrahimov cavabdehlik daşıyır: “Deyilənlərə görə, mərhum qadın bir neçə dəfə Məmmədağa İbrahimovun qəbuluna düşməyə, üzləşdiyi problemləri yoluna qoymağa çalışıb. Lakin qarşı tərəf hər dəfəsində müxtəlif bəhanələrlə onunla görüşməkdən imtina edib. Sonuncu dəfə isə qadın bazar rəhbərliyinin saymazyana münasibətindən əsəbiləşib və üstünə benzin tökərək özünə od vurub. Odur ki, Xatirə İmanovanın ölümünə görə “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov məsuliyyət daşıyır. Lakin nədənsə hələ də bununla bağlı müvafiq tədbir görülməyib. Görünür, hansısa müəmmalı əllər Məmmədağa İbrahimovdan yamanca yapışıb və onu bütün mümkün təhlükələrdən sığortalayır…”

Bu arada, Sumqayıt “MERO”nun rəisi “Polad” ləqəbli Mirəli Şixəliyevin Məmmədağa İbrahimovla qohumluq əlaqələrinə malik olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, o, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışdığı dönəmlərdə, əslən Kürdəmir rayonundan olan, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevlə yaxın münasibətdə olub: “Deyilənlərə görə, Mirəli Şixəliyev Elşad Abdullayevə xüsusi rəğbət bəslədiyindən imkan düşən kimi ona bahalı hədiyyələr bağışlayıb. Sumqayıt “MERO”nun rəisinin qudası, “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov da Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə sıcaq münasibətlərdə olub. Elə buna görə də Məmmədağa İbrahimov Elşad Abdullayevə adıçəkilən bazarın içində nəhəng bir mağaza bağışlayıb. Həmin mağaza isə rektorun qardaşının adına sənədləşdirilib”. “Polad” ləqəbli Mirəli Şixəliyevin rəisi olduğu adıçəkilən “MERO”da hazırda bir sıra neqativ halların yaşandığını qeyd edən mənbənin iddiasına görə, son zamanlar adıçəkilən qurumda sürücülük vəsiqələrinin müəmması xeyli dəyişdirilib: “Sumqayıt sakinləri bildirirlər ki, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində əvvəllər B kateqoriyası üzrə sürücülük vəsiqəsi 500-600 dəfə “sağol”a başa gəlirdisə, artıq indi bu qərəm 700-800-ə qədər artırılıb.

Deyilənlərə görə, bunun səbəbi “Polad” ləqəbli “MERO” rəisinin işlərinin çoxalması ilə bağlıdır. Onu da qeyd edim ki, Mirəli Şixəliyevin müxtəlif ərazilərdə dəyəri milyonlarla ölçülən 8 nəhəng villası var. Onlardan 1-i Novxanıda, 3-ü Masazır gölünün kənarında, 4-ü isə Şamaxıdadır. Əgər müvafiq qurumlar genişmiqyaslı və obyektiv araşdırma aparsalar, o zaman bu qədər villanın nəyin hesabına alındığı bəlli olacaq…”

Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimova ilə bağlı məsələyə gəlincə, məlumatlı şəxs vurğulayıb ki, adıçəkilən notariat kontorunda çalışanların yardımı ilə saxta sənədləşmələr aparmaq elə də çətin deyil: “Deyilənlərə görə, kontorun xüsusi notariusu Günay Məsimova müxtəlif yollarla öz şəxsi maraqlarını həyata keçirməkdədir. Rayon sakinləri də təsdiqləyərlər ki, Abşeron rayonu 2 saylı Notariat Kontorunda demək olar ki, həftənin bütün günlərində insan izdihamı yaşanmaqdadır. Ona görə ki, Günay Məsimova sənədləri qaydasında olan və müvafiq dövlət rüsumunu ödəyən vətəndaşların işlərini sonraya saxlayır. Yəni o, kontorda saxladığı xüsusi adamların sənədlərini öncə qəbul edir, bu isə öz növbəsində sadə vətəndaşların saatlarla gözləməsinə səbəb olur. Rayon sakinləri bildirirlər ki, kontorun xüsusi notariusu əsas qazancını məhz həmin şəxslər vasitəsi ilə əldə edir”. Abşeron rayonu 2 saylı Notariat Kontorunda bəzi vətəndaşların etibarnamələrin müddətini artırmaq üçün etibarnaməni verən şəxs olmadan belə, istəklərinə nail ola bildiklərini deyən mənbənin sözlərinə görə, bu kimi hallara ev alqı-satqısı zamanı da rast gəlmək mümkündür: “Deyilənlərə görə, bunun üçün notariat kontorunun həndəvərində fırlanan şəxslərlə razılığa gəlmək kifayətdir. Digər bir məqam isə Abşeron rayonu 2 saylı Notariat Kontorunda sənədə razılıq verən tərəf olmadan, istər avtomobil, istərsə də digər etibarnamələr təsdiq edilərkən rüsumdan əlavə nələrinsə tələb olunmasıdır. Bununla yanaşı, əgər kimsə lazım olan sənədi qısa müddətdə əldə etmək istəyirsə, o zaman kontorun əməkdaşları vasitəsi ilə də məsələni yoluna qoya bilər”.

Nəzərinizə çatdıraq ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasovun adı daha ciddi, eyni zamanda qalmaqallı məsələlərdə hallanır. Belə ki, əldə etdiyimiz bilgilərə görə, Şəmsəddin Abasov sahibinin xəbəri olmadan ona məxsus olan mülkü “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimova satılmasına köməklik edib. Bununla bağlı readksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimova ilə birlikdə Novxanı kəndindəki villanın yerləşdiyi torpaq sahəsini sahibindən xəbərsiz “Təzə Bazar” MMC-nin rəhbərinə satılmasına şərait yaradıb: “Deyilənlərə görə, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasovun köməkliyi ilə villanın sahibinin xəbəri olmadan həmin villanın yerləşdiyi torpaq sahəsi Məmmədağa İbrahimova satılıb. Qeyd edim ki, həmin torpaq sahəsi Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın imzası ilə satılıb. Belə ki, 05.05.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın imzası ilə Novxanı kəndindəki villanın sahibinin xəbəri olmadan həmin villanın yerləşdiyi və sahəsi 0,2627ha (26 sot) olan torpağı, yəni binanın altını AN-¹0492249 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Məmmədağa Əlimürsəl oğlu İbrahimov 6 min manata alıb. Məsələnin ən maraqlı tərəfi ondadır ki, bu məsələdə “Təzə Bazar” MMC-nin rəhbərinə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov yaxından köməklik göstərib”. Əldə etdiyimiz bilgilərdə həmçinin, o da deyilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov Abşeron rayonunun həbsxanada dünyasını dəyişən keçmiş BTİ rəisinə də vaxtilə köməkliklər edib: “Deyilənlərə görə, Şəmsəddin Abasov vəzifə səlahiyyətlərindən istifadə edərək hətta BTİ-nin nümayəndəsini belə, çıxılmaz vəziyyətdə qoyub. Çünki BTİ nümayəndəsinin qanuni CPS-lə təyin etdiyi yer başqa birisinin ömür boyu işləyib min-bir əzab-əziyyətlə tikdirdiyi villanın altına düşür. Görəsən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasovun bu işdə, yəni insanların aldadılmasında, onların əlavə problemlərlə üzləşdirilməsində marağı nədir? Deyilənlərə görə, hakim Qarabağ müharibəsi iştirakçısının da torpağını əlindən almaq istəyir. Belə ki, həmin işdə də Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi əlində olan rıçaqlardan istifadə edərək həmin müharibə veteranın da torpağını məhkəmə yolu ilə əlindən almaq niyyətindədir. Bu gün də veteranın torpağı “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov tərəfindən Sabirabad rayonunda qeydiyyatda olan Rauf Ağayevin vasitəsi ilə zəbt olunub. Bu işlərin təşkilatçısı birbaşa Məmmədağa İbrahimov və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasovdur. Deyilənlərə görə, “Təzə Bazar” MMC-nin rəhbəri həmin veteranın torpağının ətrafına kameralar quraşdırıb və oradan hamını izləyir. Məmmədağa İbrahimova bu işdə Sumqayıt “MERO”nun rəisi “Polad” ləqəbli Mirəli Şixəliyev də yaxından köməklik göstərir. Belə ki, Mirəli Şıxəliyev polis vasitəsi ilə Qarabağ müharibəsi veteranına təzyiqlər edir, ona hədə-qorxu gəlinir, böhtan atılır. Görünür, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov, “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov, Sumqayıt “MERO”nun rəisi Mirəli Şixəliyev və Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimova birlikdə torpaq alveri ilə məşğul olur”. Şamaxı rayonundakı “Nəbatət” bağının Mirəli Şıxəliyev tərəfindən zəbt olunduğunu və orada dəyəri 50 milyon manatlarla ölçülən villaların tikildiyini iddia edən məlumatlı şəxs bildirir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov bu məsələdə də köməklik edib… Xülasə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Hakimlərin Etik Davranış Kodeksinə əməl etməyən Şəmsəddin Abasov ona aid olmayan məsələlərə baş qoşur, digər dövlət qurumlarına, eləcə də məhkəmə hakimlərinə müxtəlif yollarla təzyiq və təsir göstərməyə çalışır… Belə ki, Şəmsəddin Abbasov özündən aşağı instansiya məhkəmələri ilə əlaqə yaradaraq bildirir ki, mənim dediyim olmasa, gələcəkdə işi özümə yazdırıb ləğv edəcəyəm, Əli aşındanda olacaqsınız, Vəli aşındanda. Növbəti sayımızda Əli və Vəlinin məlum aş söhbətinə tam aydınlıq gətirəcəyik.

Mövzu ilə əlaqədar məqalədə adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Növbəti sayımızda həmin villaların fotoşəkillərini təqdim edəcəyik. Məmmədağa İbrahimov tərəfindən bəzi adamlara vəsaitlər buraxılır ki, onlar da insanların mülklərini, torpaqlarını əllərindən alsınlar. Bu məsələyə də toxunacağıq.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın