Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Türkiyə generalı yazır: “Kəşfiyyatçı-mayor Aqşin İbadovun şəhadəti ciyərimizi yaktı…”

Türkiyə generalı yazır: “Kəşfiyyatçı-mayor Aqşin İbadovun şəhadəti ciyərimizi yaktı…”

...Lənkəranın Boladi kəndində yaşayan İbadovlar ailəsində 4 oğul böyüyüb. Ailənin böyük oğlu Emil İbadov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Digər oğullar- polkovnik leytinant Məmmədhüseyn, gizir Cəmil və xüsusi təyinatlı dəstənin mayoru Aqşin isə indiki Vətən müharibəsində döyüşüblər. Aqşin oktyabrın 19-da Hadrutdan Xankəndi-Şuşa istiqamətinə gedən yolun təmizlənməsi zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Türkiyədə Milli Müdafiə Universitetində təhsil tamamlayıb sentyabrın 25-də Azərbaycana dönən  Aqşin cəmi 5 gün sonra cəbhəyə yola düşüb. 36 yaşlı şəhidin nəşini gətirərkən döyüşçü yoldaşları onun şəhadətə qovuşmazdan 2 gün əvvəl körpə qızı Zeynəbə yazdığı məktubunu da ailəsinə veriblər. Aqşin yazıb: “Gözəl qızım, sən həyatını Vətənimizin azad və müstəqil olması, ərazi bütövlüyümüzün qorunmasına həsr etmiş bir Azərbaycan Zabitinin qızısan! Hər zaman başını dik tut!”

Belçikada yaşayan türk dostu iş adamı isə şəhidimizin  xatirəsini yaşatmaq üçün uzaq Afrika respublikası Benində içməli su problemi olan Pahou  şəhərində Aqşinin adına bulaq və dəstəmazxana inşa etdirib.  

Virtualaz.org şəhid mayorun döyüşçü qardaşı Emil İbadovla söhbətləşib.

 Müəllim atanın hərbiçi oğulları

Ailənin başçısı Nazim İbadov Lənkəranda 43 il riyaziyyat-fizika müəllimi işləyib. 4 oğlan, 2 qız dünya ədəbiyyatının inciləri, rus və Azərbaycan klassiklərinin əsərlərinin təsiri ilə böyüyüb. Aqşin tarixi romanları, bir də qəhrəmanlıq dastanlarını çox sevib. Hətta Koroğlu dastanını 8 dəfə oxuyub. Məktəbi əla qiymətlərlə bitirdiyindən hamı onun universitetlərin birinə qəbul olacağını gözləyirmiş. Lakin  Aqşin digər qardaşları kimi hərbiçi olmaq istəyib. Qardaşı Emil İbadov deyir ki, o, birinci Qarabağ döyüşlərində iştirak edəndə Aqşinin 10-11 yaşı vardı.

Afrikada şəhid Aqşin bulağı

Emil deyir: “Mən 1994-1997-ci illərdə xüsusi təyinatlı dəstədə xidmət etmişəm. Arada evə məzuniyyətə gəlirdim, Aqşinin onda 10-11 yaşı vardı. O, həmişə döyüşlərin necə getdiyi , müharibə hekayələri ilə maraqlanardı. Bəlkə də həmin illərdən  Aqşində hərbçi olmağa həvəs yarandı. Həmişə çoxlu suallar verir, hadisələri təkrar-təkrar danışmağımı istəyirdi”

Aqşin İbadov Ali Hərbi Məktəbin “kəşfiyyatçı” ixtisasını bitirəndən sonra zabit kimi fəaliyyətə başlayıb. Ağstafa, Mingəçevir, Gədəbəy, Murovdağ istiqamətlərində kəşfiyyat tağımı komandiri, kəşfiyyat bölüyü komandiri, hərbi hissənin kəşfiyyat rəisi kimi xidmət edib. Dəfələrlə hərbi hissə rəhbərliklərinin, Müdafiə Nazirliyinin, eləcə də  ölkə rəhbərliyinin təltif və mükafatlarına layiq görülüb. İngilis, türk, rus dillərini bilib. Emil İbadov danışır ki, vaxt tapan kimi erməni dili kurslarına da gedirmiş. Deyirmiş ki, düşmənin dilini öyrənmək lazımdır.

“2018-ci ildə Azərbaycan Ali Hərbi Akademiyasına daxil oldu və təhsilini davam etdirmək üçün Türkiyəyə göndərildi. Türkiyədə Milli Savunma Universitetində oxudu. Magistr təhsilini də Türkiyədə aldı”,-qardaşı gözyaşları içərisində danışır.

Osman Qazi Kandemir

Türkiyəli general Aqşin haqqında yazır

 Türkiyənin Milli Müdafiə Universitetinin müəllimi, Beynəlxalq Təhlükəsizlik üzrə mütəxəssis, təqaüdçü general Osman Qazi Kandemir yazır: “Aqşin savadlı, ağıllı və çalışqan zabit idi. Onu tanıyanlar Aqşini özlərinə qardaş hesab edirdilər. Azərbaycanın haqlı davasından danışmaqdan ötrü hər fürsəti dəyərləndirməyə çalışırdı. Xocalı və 20 Yanvar faciəsinin ildönümündə təqdimat hazırlamışdı. Dünyanın 35 ölkəsindən gələn zabitlərin qarşısında çıxış edəndə hamı maraq qarışıq təəccüblə onu dinləmişdi. Çoxları Aqşinin təqdimatından sonra əsil həqiqəti öyrənirdi. Vətən müharihəsi başlayanda mənə mesaj göndərmişdi. Həm müəllimləri, həm də dostları onun şəhadət xəbərini alanda kədərləndik, ciyərimiz yandı”.

Döyüşçü dostlarından biri isə yazır: “Oktyabrın 18-də şəxsi heyətin istirahət vaxtı ərazidə olan müşahidəçi əsgər qaçaraq gəldi ki, cənab mayor, düşmənin 50-dən çox silahlısı görünür. Aqşin gülərək “qılınclar çəkilsin” dedi. Onun bacarığı, peşəkarlığı sayəsində qısa zamanda düşmən məhv edildi”.

 Zabit elə ömür-gün yoldaşı seçməlidir ki…

Aqşin ömrünü hərb işinə həsr edib. Həmişə deyərmiş-zabit, hərbiçi özünə elə  həyat yoldaşı seçməlidir ki, onun arxa-dayağı ola bilsin. Ötən ilin avqustunda  sevib-seçdiyi Məhsəti xanımla ailə qurub. Onu da özü ilə birgə Türkiyəyə aparıb.  Bu ilin sentyabrın 16-da İstanbulda qızları dünyaya gəlib.

Şəhid olandan sonra telefonunda həyat yoldaşına yazdığı və göndərməyə imkan tapmadığı mesajlar aşkarlanıb. Bir mesajında yazıb: “Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi, susmur. Hər şey, Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun! Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm əzizim! Allaha əmanət ol!”

Qeyd edək ki, Aqşin həm də şeirlər yazıb. Şeirlərinin əsas mövzusu Vətəndir.  

Təkidlə cəbhəyə göndərilməsini istəyib

Qardaşı deyir ki, Aqşini 3 gün Komanda İdarəetmə Mərkəzində saxlayıblar: “Aqşin hərbi topoqrafiyanı mükəmməl bilirdi. Onu döyüşlərin idarəetmə mərkəzində saxlamaq istəyiblər. Ancaq o, ön cəbhəyə getməkdə israr edib. Qardaşım 50 nəfərdən ibarət kəşfiyyat qrupunun başında Füzuli istiqamətində döyüşlərə qatılıb. Təsəvvür edin, Türkiyədən gələn gün əlaqə saxladıq, dedik ki, heç olmasa bir günlük gəlsin, uşağı görək. Razılaşmadı, dedi ki, qismət olsa məzuniyyətdə gələcək. Ona Bakıda qalmağı təklif etmişdilər, amma deyib ki,  zabitin ən böyük istəyi döyüşə qatılmaqdır. Ayın 29-da zəng vurub cəbhəyə gedəcəyini dedi. Füzulidən Zəngilana kimi döyüşüb. Xankəndi-Şuşa istiqamətinə gedən yolun təmizlənməsi zamanı şəhid olub”.

Səhər tezdən həyat yoldaşı ilə danışıb, axşama yaxın şəhid olub

Aqşin tez-tez atası, qardaşları, həyat yoldaşı ilə əlaqə saxlayıb. Axırıncı dəfə oktyabrın 19-da tezdən həyat yoldaşına zəng vurub, narahat olmamasını tapşırıb. Bir neçə saatlardan sonra isə şəhid olub. Onun şəhid olması xəbəri kəndə çatıb, ancaq heç kim atasına xəbər verməyə cəsarət etməyib.

Qardaşı həmin günü belə xatırlayır: “Doğrudur, valideyn bütün uşaqlarını sevir, amma hər bir ailədə seçilənlər də olur. Aqşin hamımızın, xüsusilə də atamın sevimlisi idi, atam onunla nəfəs alırdı, onunla fəxr edirdi. Qəribədir ki,  ən çox da onun üçün narahat olurdu. Ayın 20-də məni kənd nümayəndəliyinə çağırdılar. İçəri girəndə gördüm ki, dayım oturub ağlayır. Dayımı  görən kimi nəysə baş verdiyini anladım. 3 qardaşım cəbhədə idi, amma ilk ağlıma gələn Aqşin oldu. Bilirdim ki, Aqşin özünü irəli atır. Atama necə xəbər verəcəklərini bilmirdilər. Həmin günü xatırlamaq belə ağırdır, ağrılıdır”.

Aqşin Lənkərandakı Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif olunub. 27 ildir həsrətində olduğumuz torpaqlara qovuşduq. Bu qələbə şəhid, qazi Vətən oğullarının sayəsində qazanıldı.   Yaxınları, kənd sakinləri Aqşinin adının əbədiləşdirilməsi üçün kənddəki məktəbə şəhidin adının verilməsini təklif ediblər. İki qardaşı isə hələ də cəbhə bölgəsində xidmətdədir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …