Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Qonşu rayonların sakinləri arasında narazılıq – FOTO, VİDEO

Qonşu rayonların sakinləri arasında narazılıq – FOTO, VİDEO

Ağdaş rayonu Qəribli kəndinin sakinləri şikayət məktubu ünvanlayıblar. Onlar kənd ərazisində ekoloji tarazlığın pozulmasından və ətraf mühitin çirklənməsindən şikayətçidirlər.

“Qəribli kəndi Yevlax rayonu ilə həmsərhəd olduğu üçün Yevlax rayonunda yerləşən bütün ət kəsim məntəqələrinin cəmdəkləri və digər məişət tullantıları rayon sakinləri tərəfindən Qəribli kəndinə gedən yolun yaxınlığına atılır. Bunun nəticəsində böyük bir ərazi zibilliyə çevrilib. Tullantıların üfunət qoxusundan ətrafa yaxınlaşmaq olmur. Həmin tullantıların qoxusu o qədər kəskindir ki, yay ayları bir yana, hətta qış aylarında belə, ərazi kəskin qoxudan dözülməz hala gəlir. Zibillik ucbatından buralar yaşanmaz hala gəlib”, – şikayətçilər bildirirlər.

Onların sözlərinə görə, ərazinin qanunsuz şəkildə çirklənməsi ekoloji tarazlığın pozulmasına da səbəb olub: “Hətta axşamlar bu zibilliyin ətrafına çox sayda yırtıcı heyvan, qudurmuş it yığışır. Bu da böyük təhlükə yaradır. Kənd camaatı anormal vəziyyətdən narazıdır”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AYNA-ya bildirilib ki, məsələ nəzarətə götürüləcək və müvafiq tədbirlər görüləcək.

Yevlax Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Vaqif Abdullayev isə AYNA-ya deyib ki, məsələdən xəbərsizdirlər: “Lakin ərazi üzrə bələdiyyə nümayəndəliyinə xəbər verəcəyik, məsələ araşdırılacaq”.

Yevlax rayon Qaroğlan kənd bələdiyyəsinin sədri Yavuzər İbrahimov əməkdaşımızla söhbətində faktı təsdiqləyib: “Sözügedən ərazi bizim bələdiyyə nümayəndəliyinə məxsusdur. Doğrudur, rayon mərkəzindən bura zibil gətirib atırlar. Lakin bacardıqca zibilləri müəyyən texnikalar vasitəsi ilə məhv etməyə çalışırıq. Düzdür, zibillənən ərazi Qəribli kəndindən keçən yolun üzərində yerləşir, lakin həmin ərazi ilə kənd arasında 7 kilometr məsafə var”. 

“Buna baxmayaraq, müəyyən tədbirlər görürük. Mən hal-hazırda şikayət olunan ərazidəyəm, sakinlər düz deyirlər, ərazidə zibillik və dağıntılar var. Lakin texnikalar gətirmək üçün müəyyən yerlərlə əlaqə saxlamışam. Bacardıqca bu xoşagəlməz hadisənin qarşısını alacağıq”, – deyə Y.İbrahimov əlavə edib.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …