Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Gəncədəki anormal heykəlin Cavad xana məxsus olub-olmadığına rəsmi reaksiya

Gəncədəki anormal heykəlin Cavad xana məxsus olub-olmadığına rəsmi reaksiya

Bu günlərdə qəzetimizin əməkdaşı Gəncədə olarkən bu şəhərin müxtəlif yerlərinə baş çəkib, o cümlədən də yolunu Gəncə xanı qəhrəman Cavad xanın adını daşıyan küçədən salıb. O bu küçədə yerləşən “Kolorit” restoranının qarşısında bir heykəl görüb və bu heykəlin kimə məxsus olması ilə maraqlanıb.

Ona bildiriblər ki, heykəl Cavad xana aiddir. “Xalq öz qəhrəman oğullarını heç vaxt unutmur. Onlardan biri olan Cavad xanın xatirəsi layiqincə əbədiləşdirilib. Heydər Əliyev Fondu tərəfindən Gəncə Cümə məscidinin həyətində Cavad xanın türbəsi ucaldılıb. Gəncədə və Bakıda onun adına küçə var. Ancaq maraqlıdır ki, əməkdaşımız Gəncə şəhərində olduğu zaman Cavad xanın adını daşıyan küçədə onun əzəməti və qüdrəti ilə uzlaşmayan bir mənzərənin şahidi oldub. Qəhrəmanın adını daşıyan küçənin lap başlanğıcında, “Kolorit” adlanan restoranın düz qabağında Cavad xana aid olduğu deyilən bir “heykəl” qoyulub” – deyə qeyd edən əməkdaşımızın bu barədə hazırladığı yazı həm ictimaiyyətdə, həm də sosial şəbəkələrdə geniş müzakirə edilib.

Həqiqətənmi bu heykəl Gəncənin azadlığı uğrunda son damla qanına qədər vuruşan, onu yadellilərdən qoruyan Cavad xana aiddir?

Gəncədən seçilmiş millət vəkili Naqif Həmzəyev “Bakı-Xəbər”ə bildirdi ki, Bakıda və Gəncədə Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülüb. O bizimlə söhbətində bu heykəlin qətiyyən Cavad xana aid olmadığını bildirdi: “Bu heykəl qətiyyən Cavad xana aid deyil. Bu heykəlin Cavad xana məxsus olması ilə bağlı deyilən fikirlər, birmənalı olaraq, yalandır və bu bir təxribatdır. Bunu hansısa insanlar gündəm yaratmaq üçün meydana atıblar. Keçmiş Sabir küçəsi, indi isə Cavad xanın adını daşıyan həmin küçədə onun xanlığı dövrünə aid müxtəlif peşə sahiblərinin personajları heykəlciklər formasında yaradılıb. Burada həmin dövrün ab-havası, mühiti yaradılıb. Həmin heykəl də o personajlardan biridir. O küçə Cavad xanın xanlığı dövrünün memarlıq üslubuna uyğun qurulub. Bu küçədə hər şey qədim üsluba uyğundur, burada o dövrə aid geyimlər, o dövrün mənzərəsini əks etdirən elementlər yer alıb. Dediyim kimi, bu küçədə çoxlu heykəl var və o heykəllər həmin dövrün insanlarının personajlarıdır. Qeyd edim ki, Gəncədə Cavad xanın xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif işlər görülüb. Gəncədə Şah Abbas məscidinin yanında Heydər Əliyev Fondunun dəstəyilə Cavad xanın məqbərəsi tikilib. Gəncədə Cavad xana əzəmətli bir heykəl ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən işlər görülür və yaxın vaxtlarda o heykəlin ucaldılması gözlənir”.  

Gəncə Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev də bizimlə söhbətində o heykəlin Cavad xana məxsus olduğunu, birmənalı olaraq, inkar etdi. “Cavad xan küçəsində Cavad xanın heykəli yoxdur. Həmin heykəl isə Cavad xana aid deyil. O heykəllər müxtəlif personajlardır, simvolik fiqurlardır. Orada muğam haqqında heykəllər var” – deyə S.Hacıyev vurğuladı.

Hər halda, mövzu ilə bağlı rəsmi şəxslərin verdiyi reaksiyaları məqbul saymaq olar. Çünki qəzet olaraq bizim də bu məsələdə marağımız tarixi şəxsiyyətə hörmət və ehtiramdan irəli gəlib. Sözügedən heykəlin məhz Cavad xan küçəsində qoyulması və onun üzərində bu barədə löhvənin vurulması, həmçinin, personajın, cüzi olsa da, Cavad xanın real cizgilərini əks etdirməsi Gəncə ictimaiyyətində və bura gələn turistlərdə yanlış təsəvvürlərin yaranmasına səbəb olar. Yaxşı olardı ki, Gəncə Şəhər Mədəniyyət İdarəsi həmin personajın kimə aid olduğunu xüsusi bir lövhədə bildirsin.

İradə SARIYEVA “Bakı-Xəbər”

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …