Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Bölgələrə işləyən taksilər sərnişinsiz qalıb – FOTOLAR

Bölgələrə işləyən taksilər sərnişinsiz qalıb – FOTOLAR

Ötən ilin son günlərində bölgələrə ikiqat qiymətlə sərnişin daşıyan taksi sürücüləri hazırda “20 Yanvar” dairəsi boyunca düzülüb, müştəri çağırırlar. Müştəri isə yoxdur…

2019-cu ilin son günlərində daha dəqiq desək 30, 31 dekabr tarixlərində Bakıda bölgələrə, xüsusilə də cənub rayonlarına gedənlərin sayında xeyli dərəcədə artım olub. Bu artımdan isə həmişəki kimi işbazlar yenə də istifadə etməyi bacarıblar. Belə ki, adi günlərdə metronun “20 Yanvar” stansiyası yaxınlığında dayanıb, müştəri səsləyən sürücülər yuxarıda qeyd etdiyimiz tarixlərdə müştərilərə istədikləri qiyməti deməklə, onları baha qiymətə aparıblar. Sərnişinlərin sözlərinə görə qiymətlərdə 2 dəfəyə qədər artım olub. 

Hazırda bölgələrə üz tutan sərnişinlər geri qayıtmaq ərəfəsindədirlər. Bəs “20 Yanvar” dairəsində vəziyyət necədir?

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, 3-cü mikrorayon dairəsindən metronun “20 Yanvar” stansiyasına qədər olan  yol bölgələrə işləyən taksilərlə doludur. Sürücülər yol boyu səkinin kənarına düzülərək, gedəcəkləri bölgələrin adlarını qışqırıb, müştəri yığmağa çalışırlar. Öyrəndik ki, artıq qiymətlər normaldır. Lakin bu dəfə də müştərilər taksi ilə deyil, avtobuslarla getməyə üstünlük verirlər. Masallıya getməyə hazırlaşan Kamal Əmirov bildirdi ki, bayram günlərində rayonların taksilər 15 manata aparıblar:

“Halbuki, adi günlərdə 8-9 manata yalvarırlar. Hələ sərnişin olmayanda 6 manata da razılaşırlar. Avtovağzaldan bilet alırsansa avtobusla 3 manat 38 qəpiyə gedirsən. Yeni yol açıldığı üçün avtobus da elə taksi ilə təxminən eyni saata çatır. Sadəcə olaraq bayram günlərində cənub bölgəsinə gedənlərin sayı çox olduğu üçün avtobus tapılmırdı. Camaat da ona görə taksi ilə getməyə məcbur qalırdılar. Gərək bayram günlərində heç olmasa bir həftə öncədən bilet alasan. Yoxsa taksilərin ümidinə qalırsan. Taksilər də istədikləri qiyməti oxuyurlar. Ona görə də bu gün müştərisiz qalıblar”.

Sürücülər də bildirdilər ki, müştəri azdır. Onlar söylədilər ki, bu vəziyyəti bildikləri üçün bir istiqamətə qiyməti artıq deyirlər:

“Bayrama bir-iki gün qalmış şəhərdən dolu gedib, rayondan boş qayıdırıq. İndi də rayondan dolu gəlib, şəhərdən boş gedirik. Ona görə də qiyməti bir qədər artıq deyirik ki, heç olmasa biz də nə isə qazanaq. İki gündür ki, burada vəziyyət belədir-rayona gedən yoxdur. Adam var ki, iki gündür maşının içərisində yatıb, Bakıda qalır. Çünki işləməyə sərnişin yoxdur. Ona görə də taksi sürücülərini qınamalı deyil”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 27, 28 və 29 dekabr tarixlərində ümumilikdə 37 min 800 sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edib.
Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır. Avtovağzala digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub. Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin sözçüsü Pərvin Məmmədova Xəzər televiziyasına açıqlamasında  deyib ki, dekabrın 25-dən etibarən yanvarın 4-nə qədər bölgələrə 100 mindən artıq sərnişin daşınıb. Buna görə də bölgələrdən Bakıya kifayət qədər insanın üz tutacağı gözlənilir. Musavat.com

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …