Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Bələdiyyə sədri ilə icra nümayəndəsi arasında borc qalmaqalı (FOTO)

Bələdiyyə sədri ilə icra nümayəndəsi arasında borc qalmaqalı (FOTO)

Quba rayonunun Digah – Xucbala bələdiyyəsinin sədri Veysəl Əhmədov Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Piroğlan Abdullayev barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı rəsmi xəbərdarlıq edib.

“Report”un Şimal bürosunun məlumatına görə, buna səbəb icra nümayəndəsinin bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsinin icarəhaqqını ödəməməsidir.

Belə ki, icra nümayəndəsi P.Abdullayev 2020-2023-cü illər ərzində 7 hektar torpaq sahəsi üçün icarəhaqqını ödəmədiyi üçün 2800 manat məbləğində borc yığılıb. P.Abdullayev borcu ödəməkdən yayındığı üçün bələdiyyə sədri ona rəsmi xəbərdarlıq göndərib və borc ödənməzsə, qanunvericiliyə uyğun şəkildə məhkəməyə müraciət ediləcəyini bildirib.

Məsələ ilə bağlı Digah – Xucbala bələdiyyəsinin sədri Veysəl Əhmədov məktubunu icra nümayəndəsi Piroğlan Abdullayevə göndərdiyini “Report”un Şimal bürosuna təsdiq edib. Lakin o, əlavə məlumat verməkdən imtina edib.

Bir neçə cəhddən sonra Xucbala kənd İƏD üzrə nümayəndə Piroğlan Abdullayevlə də əlaqə yaratmaq mümkün olub. İcra nümayəndəsi kobud və qeyri-etik formada bildirib ki, bu, bələdiyyə sədri ilə onun arasında olan məsələdir: “Bu problemin heç kimə aidiyyəti yoxdur. Heç sizə də aid deyil. Bələdiyyə sədrinin əlində müvafiq səlahiyyət var. Özü bilər, ürəyi istəyirsə, məni məhkəməyə versin. Allah canını sağ etsin! Bu məsələ bizim öz aramızdadır”.

Hüquqşünas Hümmət Əliyev isə bu cür hallarla bağlı “Report”un yerli bürosuna bildirib ki, “Dövlət qulluğu haqqında” qanuna görə dövlət qulluqçusu biznes fəaliyyəti ilə məşğul ola bilməz.

“Bu, bütün dövlət qulluqçularına aiddir. Bələdiyyədən icarə məqsədi ilə götürülən topraq sahəsində hər hansı fəaliyyətin həyata keçirilməsi biznes və sahibkarlıqla məşğul olmaq deməkdir. Heç bir halda yol verilməməlidir ki, dövlət qulluğunda çalışan şəxs paralel olaraq biznes fəaliyyəti ilə məşğul olsun. Əks halda, bu, onun dövlət qulluğunda olan imkanlarından sui-istifadə etməsinə və qeyri-bərabər vəziyyətin yaranmasına gətirib çıxara bilər”, – o vurğulayıb.

H.Əliyev əlavə edib ki, dövlət qulluğunda çalışan şəxsin açıq-aşkar biznes fəaliyyəti ilə məşğul olması təsdiqlənərsə, o, ikisindən birini seçməlidir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …