Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Zəlzələ olsa, bu binalar çökə bilər…- Bakıda hansı tikintilər standarta uyğundur?

Zəlzələ olsa, bu binalar çökə bilər…- Bakıda hansı tikintilər standarta uyğundur?

Fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən dağıdıcı zəlzələ nəticəsində on minlərlə insan həyatını itirib.

Zəlzələ qurbanlarının sayı artmaqda davam edir. Təbii fəlakət nəticəsində ümumilikdə 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir.

Azərbaycanın ərazisi də seysmik cəhətdən aktiv zona hesab olunur və zəlzələ ocaqlarının sayı çoxdur. Zaman-zaman ölkənin müxtəlif ərazilərində zəif zəlzələlər qeydə alınır. Bu səbəbdən də Azərbaycanda belə təbii fəlakət baş versə, Bakıdakı yaşayış binalarının belə dağıdıcı zəlzələyə davam gətirib-gətirməməsi məsələsi insanları narahat edir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, son illər Bakıda inşa olunan çoxmərtəbəli yaşayış binalarının keyfiyyətinə görə narahatlığa əsas yoxdur. Türkiyədə baş vermiş zəlzələ zamanı yeni binaların çökməsi narahatlıq yaratsa da, həmin ərazidə bəzi binaların salamat qalması əsas məsələnin keyfiyyətlə bağlı olduğunu göstərir:

“Türkiyədə zəlzələ baş verən məhəllələrdə bəzi binaların tam sağlam qalması göstərir ki, onların keyfiyyəti yuxarıdır. Dağılan binalara diqqətlə baxsaq, Türkiyədə inşa olunan binalarda Azərbaycandakı qədər beton və armaturdan istifadə olunmadığını görərik. Bakıda isə binalar beton plitələr, divarlarla möhkəmləndirilir. Bizdə binalar tikilərkən 10 metrdən dərin özül qazılaraq beton tökülür. Bizim binalar arasında əmsal qorunmur, amma tikintidə istifadə olunan armatur, beton qaydasındadır. Tikinti zamanı aidiyyəti qurumlar mərhələli şəkildə yoxlama aparır. Əvvəlcə binanın bünövrəsi qazılanda onu yoxlayırlar. Əgər standartlar tikilən binanın hündürlüyə uyğundursa, icazə verilir, hər mərtəbədə binaya beton tökülən zaman betonun, armaturun tərkibinin standartlara uyğun olub-olmadığı yoxlanılır. Əgər standartlara cavab verirsə, tikintiyə icazə verilir. Ona görə də, xüsusilə son illər inşa olunan çoxmərtəbəli yaşayış binaları ilə bağlı narahatlıq görmürəm. Bakıda zəlzələ baş versə, qardaş ölkədə baş verən fəsadlar olmayacaq.Türkiyədəki zəlzələdən də aydın görünür ki, yeni binaların keyfiyyəti çox aşağı səviyyədədir. İnşa zamanı müvafiq tikinti qaydalarına əməl olunmayıb”.

Ekspertin sözlərinə görə, Azərbayanda hər tikilən binanın təxminən 70 faizi beton və armaturlardan ibarətdir. Hər mərhələdə aidiyyəti qurumlar tərəfindən yoxlama aparılır, mərtəbələr qaldırılan zaman betonun, armaturun keyfiyyəti, ölçüləri yoxlanılır. Binaların alt mərtəbələrinin qeyri-yaşayış sahəsi olması, onun zəlzələyə davamlı olmayacağından xəbər vermir:

“Bütün mərtəbələrdə sütunlar, kolonlar tikilir, onların daşıyıcı yükləri, ölçüləri bəlli olur”.

Elnur Fərzəliyev bildirib ki, tikinti prosesi müəyyən olunmuş standartlara uyğun olmalıdır. Sırf massiv məqsədi ilə tikilən hündürmərtəbəli binalar var ki, onlardan bir neçəsi keyfiyyətsiz olarsa, zəlzələ zamanı uçqunlar ola bilər. Bir keyfiyyətsiz bina ona yaxın digər binaya da böyük fəsadlar verə bilər. Bu onu deməyə əsas verir ki, yaxın illərdə tikiləcək binaların həm keyfiyyətinə və həm də binalar arasındakı ara məsafələrə daha ciddi nəzarət etmək lazımdır.

Ekspertin dediyinə görə, paytaxtda istismar müddətinə başa vurmuş çoxlu sayda yaşayış binası var. Qəzalı vəziyyətdə olan binaların da sayı az deyil.

4, 5 və 9 mərtəbəli bu binaların istismar müddəti oxdan başa çatıb. Əgər zəlzələ olsa bu binalar təbii fəlakət tab gətirə bilməyəcək: “Bu binaların 80 faizinin zirzəmisi illərdir ki, çirkab suları ilə doludur. Zirzəminin dolması binanın bünövrəsinin yumşalması, orada bərkidilmiş konstruksiyaların əriyib yox olması deməkdir. Bünövrəsi yumşalan, konstruksiyaları əriyib yox olan bina da ən xırda bal zəlzələdən uça bilər. Sözügedən binalarda sonradan aparılan konstruktiv dəyişikliklər də binaları qəzalı vəziyyətə salır. Paytaxtda elə köhnə binalar da var ki, zirzəmiləri qazılıb, hətta binanın bünövrəsini ötüb keçib, əlavə qapılar və pəncərələr açılıb, qeyri-yaşayış obyektinə çevrilib. Bu da təbii ki, binanın təməlinin dağılmasına gətirib çıxarır. Bununla yanaşı, yol kənarında olan binaların birinci mərtəbələri sökülərək, qeyri-yaşayış obyektlərinə çevrilir. Bu zaman ana divarın təməl hissələrinin sökülməsi yük daşıyıcı hissələrin boşalmasına gətirib çıxarır. Hesab edirəm ki, sözügedən binaların sökülməsi prosesini sürətləndirmək lazımdır. Orda yaşayan insanların həyatını təhlükə altına atmaq olmaz. Bir yaşayış binasının sökərək yerində yenisinin inşası ən azı iki il çəkir. Həmin qəzalı binaları söküb tikmək on illərlə vaxt alır. Ona görə də, ən azı həmin binalarda söküntüyə qədər möhkəmləndirmə işləri aparmaq olar”.

Məlumdur ki, Yaponiya hökuməti, tikinti mühəndisliyi üzrə dünya lideridir. Bu ölkənin bir çox bölgəsində torpaq qatı bina tikmək uyğun olmadıqda belə, mütəxəssislər tərəfindən həmin ərazidə xüsusi araşdırma, tədqiqatlar aparılır. Torpağın daha da yaxşılaşdırılması, möhkəmlənmə üçün uzunmüddətli tədbirlər görülür. Binaların təməli zəif qruntlarda qoyularkən 60-70 metr dərinliyində dirəklər vurulur. Tikilinin demək olar ki, üçdə-biri yerin altında qalır və binanın əsas ağırlıq yükü bərk qrunt təbəqələrinə ötürülür. Orta yüksəklikdəki binaların bünövrəsində isə xüsusi qarmaqlardan istifadə olunur. Normal şərtlər altında bina ağırlığı sayəsində torpaq üzərində sabit dayanır. Zəlzələ olduğu zaman isə bina, bu qarmaqlar sayəsində torpaqla birlikdə sürüşür, zəlzələ bitdikdən sonra da təkrar yerinə oturur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovun sözlərinə əsasən, seysmik aktiv zonalarda yaşayış, qeyri-yaşayış sahələrinin tikintisinə dair xüsusi tələblər mövcuddur. Bu onların zəlzələyə davamlılığını təmin etmək üçün nəzərdə tutulub. Seysmik aktiv ərazilərdə yerləşən ölkələrdə göydələnlər inşa olunan zaman bu xüsusi tikinti standartları tətbiq edilir. Nəticədə həmin binalar 8 və daha artıq bal gücündə zəlzələyə davamlı olur.

Sahib Məmmədov deyir ki, Azərbaycanda da tikinti standartları mövcuddur və yaşayış binaları inşa olunan zaman Bakının seysmik zona olduğu nəzərə alınır.

“Bakının yamac hissələri sürüşməyə meyillidir. Buna baxmayaraq, sürüşməyə meyilli bütün ərazilərdə hündür mərtəbəli binalar inşa olunur. Sovet dönəmində Bakının seysmik aktiv şəhər olmasını nəzərə alıb 9 mərtəbədən yuxarı bina tikmirdilər. İndi isə bu nəzərə alınmır və paytaxtda ancaq çoxmərtəbəli yaşayış binaları inşa olunur. Bu səbəbdən də paytaxtdakı inşa edilən yaşayış binalarının zəlzələyə nə dərəcədə davamlı olduğunu demək çətindir. Yamaclar sürüşməyə meyilli ərazilər hesab edilir. Burada bina tikmək məqsədə müvafiq deyil. Aşağı ballıq zəlzələ belə ciddi sürüşmə yarada bilər. Ancaq bunu nəzərə alan yoxdur. Sürüşmə zonası hesab edilən ərazilərdə geoloji şərtlər tam nəzərə alınmadan tikinti işləri həyata keçirilir”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin dediyinə görə, yaşayış binası tikilməzdən əvvəl mütləq şəkildə ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir. Bina inşa olunmazdan öncə torpaqda geoloji tədqiqat aparılmalı, seysmik fon dəqiqləşdirilməlidir. Bakı kimi mürəkkəb geoloji və tektonik şəraiti olan ərazidə binaların tikintisi zamanı zəlzələyə davamlılıq öyrənilməlidir:

“Bakıda elə binalar var ki, bir qanadı 8 bal, digər qanadı 9 baldır. Ona görə də binanı tikərkən bu məsələyə diqqət yetirmək vacibdir. Seysmik təhlükənin qiymətləndirilməsində geoloji-tektonik amillərlə yanaşı, sahələrdəki mühəndis-geoloji, hidrogeoloji və yerli qruntları səciyyələndirən bir sıra parametrlər mühüm əhəmiyyət kəsb edir. Mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək düzgün deyil. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir. 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə, 40 faiz əlavə vəsait qoyulmalıdır. Xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər ölçülər nəzərə alınmalıdır. Binaların inşa olunduğu ərazilər geoloji quruluşa görə fərqlidir. Ona görə də mütləq şəkildə yoxlamalar aparılmalıdır”.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, paytaxtda inşa edilən çoxmərtəbəli yaşayış binalarının zəlzələyə davamlılığı yoxlanılmalıdır:

“Fövqəladə Hallar Nazirliyinin tərkibində bu işə baxan idarə var. Onlar binaların inşası zamanı tikinti qaydalarına tam əməl olması üçün mütəmadi yoxlanışlar aparırlar. Bu prosesi nə qədər doğru həyata keçirib-keçirmədikləri barədə bir söz deyə bilmərəm. Hesab edirəm ki, yaşayış binası inşa etdirən tikinti şirkətlərinin rəhbərləri onun möhkəmliyinə, zəlzələyə davamlılığına xüsusi olaraq diqqət yetirməlidir. Bu mütləqdir. Binaların daha dayanıqlı olması üçün müasir texnologiyalardan, məsələn, yapon texnologiyalarından istifadə etmək olar. Binalar möhkəm, 8-9 bal gücündə zəlzələyə dayanıqlı inşa olunmalıdır. Bizdə bəzi köhnə binaların zirzəmilərini söküb, ticarət obyektləri ediblər. Bunların hamısı yoxlamaq lazımdır. Çünki burada söhbət insan həyatından, taleyindən gedir”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən isə bildirilib ki, ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır.

2013-cü ildə “Şəhərsalma və Tikinti Məcəlləsi” Milli Məclisdə qəbul olunub və Prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Bu gün tikinti subyektləri bu məcəllə əsasında fəaliyyət göstərir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlər qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir ki, bu da sovet dövründən 2013-cü ilə qədər olan nəzarət formalarından kifayət qədər sərt və daha mükəmməldir. Ölkənin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin – investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Təbii fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstərilir.

Agentlikdən qeyd olunub ki, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən hazırlalan respublikanın seysmik xəritəsi, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələri şəhərsalmada ərazilərin ümumi planlarının, yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında istifadə edilir. Çünki bu xəritələr ümumi xarakter daşıyır və konkret ərazilərin mahiyyətini tam açmaq iqtidarında deyil.

Tikinti normalarına görə, bu xəritələr əsasında seysmik ərazilər müəyyən olunur və hər bir investor tikintiyə başlayanda, buna əsasən ərazisinin seysmik zona olub-olmadığını bilir. Daha sonra hər bir investor, layihəçi layihədən əvvəl konkret tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparır. Bu zaman süxurlardan nümunələr götürülür, onların xüsusiyyətləri araşdırılır, analizlər aparılır, ərazinin seysmik dəyərləndirilməsi və hesabatlar hazırlanır. Konkret ərazinin seysmik həssaslığına əsasən də hansı bala uyğun bina tikilməsi müəyyənləşdirilir.

Sonra bu hesabat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orda geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir. BakuPost

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …