Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Araşdırma / Zərərçəkmiş: “Nazir Quliyev özü burada oturmalı idi”

Zərərçəkmiş: “Nazir Quliyev özü burada oturmalı idi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Məhkəmə iclasında şahidlər dindirilib.

“MTN işinə görə bizə köməklik edəcəkdilər”

İlk ifadə verən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənovun oğlu Həsən Həsənov olub. O, ifadəsində təqsirləndirilən Namiq Quliyevin onun atası Arif Həsənovu aldadaraq, 87 min dollar pulunu ələ keçirdiyini göstərib: ”Nazir və Namiq Quliyevlərin qohumu Əlizamin Rzayev bizim şirkətdə işləyirdi. Onu Əlizamin vasitəsilə tanımışam. Namiq qardaşı Nazir Quliyevin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində prokuror işlədiyini, MTN məsələsinə görə (hazırda bununla bağlı iki məhkəmə çəkişməsi davam edir – MTN generalları Akif Çovdarov və Sübahir Qurbanovun işləri üzrə zərərçəkmiş qismində tanınıb – virtualaz.org) atama köməklik edəcəyinə söz vermişdilər. Köməklik etmədilər, əksinə, atamı soydular, 87 min dollarını əlindən aldılar”.

 

“Əmlakların geri qaytarılması üçün külli miqdarda pul lazım idi”

Şahid ifadəsində həm atası Arif Həsənovun, həm də özünün başına gələnlər barədə danışıb. Arif Həsənov tərəfindən “Texmarin Limited” MMC-nin direktor müavini Səhrab Allahverdiyevin ofşor hərəkətləri ilə bağlı MTN-ə müraciət etdikdən sonra külli miqdarda pul və əmlaklarının əllərindən alındığını, şirkətin müflis vəziyyətə düşdüyünü deyib. N.Quliyevlə görüşüb, söhbət etdikdə MTN tərəfindən əllərindən alınmış bütün əmlakların geri qaytarılması üçün külli miqdarda pul lazım olduğunu bildirib: “MTN atamın üzərinə əlavə olaraq 130 min manat pul qoymuşdu. Belə ki, atamın Səhrab Allahverdiyevə 130 min manat borcu olması barədə bağlanmış saxta müqaviləni ləğv etdirib, həmin müqavilə üzrə Xətai rayonu Qədir Məmmədov küçəsindəki mənzili girovdan azad etdirəcəyini deyirdi. Atam dostlarından pul yığıb buna verib. Şəxsən mən özüm atamın Quba rayonunda yaşayan dostundan aldığım 10 min dollar pulu Əlizaminə vermişəm, o da mənim yanımda Namiqə verib”.

Şahid dövlət ittihamçısını və tərəflərin suallarını cavablandırıb. Dövlət ittihamçısının “Təqsirləndirilən şəxs həmin məbləği qaytarıbmı?” sualına şahid “qaytarmasını bilmirəm, onu atam bilər” cavabını verib.

Təqsirləndirilən Namiq Quliyev zərərçəkmişdən 85 manat pul almasını etiraf etsə də, bunun MTN məsələsi ilə bağlı deyil, gəmi təmiri ilə əlaqədar verildiyini deyib.

 

“Pulu çatdıra bilməsək MTN əməkdaşlarının bizi yenidən tutacağını deyirdi”

Şahid H.Həsənov isə təqsirləndirilən şəxsin yalan danışdığını, uzun illər həm özünün, həm də atasının bu sahədə işlədiyini, o sistemdə işləyənlərin hamısını tanıdığını bildirib: “Gəmi təmiri üzrə iki ali məktəb bitirmişəm. Bu adam mənə bu işdə necə, nədə köməklik edə bilərdi axı? Namiq indiyə qədər hansı gəmini təmir edib? Hansı gəmi təmirində işləyib? Bizə MTN məsələsində yardım edəcəkdi. Nə olub, nə görmüşəm, nə var, onları deyirəm. Pulu məndən qardaşının adı ilə alıb. Akif Çovdarovun adamları məni 8 gün MTN-də saxlamışdılar. Bu barədə Namiq özü məndən soruşmuşdu. Mən də Akif Əliyevin və digərlərinin bizə nə etdiklərini, əmlaklarımızı necə ələ keçirdiklərini ona danışmışdım. Zirəyə bizə gələndə dedi ki, əmlaklarınızı girov qoyun, pul götürün, verin, MTN-in bir də sizinlə işi olmasın. Qardaşı Nazirin bizə kömək edəcəyini, pulu çatdıra bilməsək, MTN əməkdaşlarının bizi yenidən tutacağını deyirdi”.

 

Pul müqabilində görülən “iş”

Şahid qismində Arif Həsənovun qardaşı oğlu Kamran Heydərov ifadə verib. O, əmisinə məxsus şirkətdə 2015-ci ilin əvvələrinə qədər sürücü işlədiyini, keçmiş MTN əməkdaşlarının qanunsuz əməlləri nəticəsində əmisinin müflis vəziyyətə düşdüyünü və müəssisənin fəaliyyətinin dayandırıldığını deyib. İfadəsində dəfələrlə Arif Həsənovla Əlizamin Rzayevi Namiq Quliyevlə görüşdürmək üçün onun yanına apardığını açıqlayıb: “Həsənlə birlikdə Qubaya gedib borc pul alıb gətirmişdik. Həmin pulu Namiqə vermək üçün Həsən və Əlizaminlə birlikdə onun yanına getdik. Pul müqabilində Namiq hansısa iş görməli idi”.

 

MTN-in müflis etdiyi iş adamı

Şahid qismində məhkəmədə ifadə verən Ramin Məmmədzadə həm Namiq Quliyevi, həm də Arif Həsənovu tanıdığını, ayrı-ayrı işlərdə hər ikisinin vəkili olduğunu bildirib: “Namiq Quliyev mənə dedi ki, Arif Həsənovun problemləri var, ona kömək lazımdır. Görüşdük, söhbət zamanı məlum oldu ki, Arif Həsənova haqsızlıqlar olub, hədə-qorxu ilə əmlakları əlindən alınıb. Üstəlik, şəriki ilə aralarında 130 min manatlıq saxta borc müqaviləsi imzalanıb. Onun vəkili olmağa razılaşdım. Arif Həsənov MTN-ə şikayət edib, şikayət onun özünə qarşı çevrilib. Namiq Quliyev dedi ki, MTN işi üzrə məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məşğul olan var, sən mülki işlərlə məşğul ol”.

Şahidin sözlərinə görə, A.Həsənov keçmiş şərikinin ofşor əməlləri ilə bağlı Namiq Quliyevin təklifi ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini, şikayətə baxılması üçün Namiq Quliyevin qardaşı Nazir Quliyevə həvalə olunduğunu, bir müddət keçdikdən sonra isə şikayətlərə baxılmadığını deyib: “Arif Həsənov mənə dedi ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində şikayətinə baxılıb həll olunması üçün Namiq və Əlizaminə 87 min pul verib. Sonra Arif Həsənov şikayət etdi, Namiq tutdular. Namiqin qardaşı Nazir orada işləyirdi. Qardaşını qoyub, başqasına ağız açası deyildi ki. Sonradan məlum oldu ki, elə qardaşı olub”.

 

Milyonluq ofşorlarla bağlı sənədlər niyə araşdırılmayıb?

Bundan sonra zərərçəkmiş Arif Həsənov qısa çıxış edib. O bildirib ki, Namiq Quliyevlə hər dəfə görüşdükdə sonuncu Azərbaycandakı bütün tanınmış şəxslərin adlarını çəkir, həmin şəxslərin onlara köməklik edəcəyini deyirmiş: “Bunların hamısı qondarma idi. Namiq bütün məşhur şəxslərin adından istifadə edirdi. Guya həmin şəxslər vasitəsilə şirkətə iş tapacaqdılar. Namiq adından istifadə etdiyi o vəzifəlilərdən biri bizim ofisə gəldi. Bizdən pulu o adla almışdı. Amma həmin adamı tanımadı.

6 milyonluq ofşorlarla bağlı sənədləri Namiqin qardaşı Nazir Quliyevə verdikdə dedi ki, biz bunu yoxlaya bilmərik. Nazir Quliyev hamısını ört-basdır elədi. Bu dövlətin pulları idi. Görün bunun vergisi nə qədər eləyirdi. Birinci elə Nazir Quliyev burada oturmalı idi”.

Təqsirləndirilən N.Quliyev isə bir daha zərərçəkmişdən pulu biznes məqsədilə aldığını deyib.

Məhkəmə prosesi aprelin 10-da davam edəcək.

İttihama görə, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib.

A.Həsənov şikayətində bildirib ki, Akif Çovdarov və adamları onu müflis edərkən, hədə-qorxu gələrkən Namiq Quliyev onu bu vəziyyətdən qurtaracağını deyib. O, isə bunun müqabilində N.Quliyevə 87 min dollar verib.

Qeyd edək ki, keçmiş MTN əməkdaşları tərəfindən iş adamı Arif Həsənovun başına gətirilən oyunlar, rəhbərlik etdiyi şirkətin necə müflis hala salınması barədə virtualaz.org saytında məqalələr dərc edilib. MTN əməkdaşları onların “haqqını” ödəmək üçün iş adamını böyük məbləğdə borca girməyə məcbur ediblər. Belə ki, şərikinin əməllərindən MTN-ə şikayət edən Arif Həsənov gözləmədiyi halda özü MTN-nin toruna düşüb. (Virtualaz.org)

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …

Bir cavab yazın